Azərbaycan səfiri ANSA-ya müsahibəsində TAP-ın önəmindən bəhs edib

Azərbaycan səfiri ANSA-ya müsahibəsində TAP-ın önəmindən bəhs edib
13:23 14 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Roma, 14 dekabr, AZƏRTAC
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bu ölkənin ANSA xəbər agentliyinə verdiyi müsahibədə ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafından, xüsusilə TAP layihəsinin önəmindən və digər məsələlərdən bəhs edib.
Səfir TAP boru kəməri layihəsinin 2020-ci ilədək yekunlaşacağını və bununla da İtaliyanın səmərəli nəticələr əldə edəcəyini vurğulayıb. Diqqətə çatdırıb ki, bu layihənin reallaşması ilə ölkələrimiz arasında yüksək səviyyədə olan siyasi və iqtisadi əlaqələr daha da genişlənəcək.
V.Sadıqov İtaliyanın Azərbaycanın birinci ticarət tərəfdaşı olduğunu və ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin 7 milyard avro həcmində olduğunu deyib. Bildirib ki, İtaliya tərəfindən Azərbaycanda müxtəlif sahələrə sərmayə yatırımları artmaqdadır. Bu yatırımların önəmli hissəsi qeyri-neft sektorunun payına düşür.
Ötən il Prezident İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində qəbul olunmuş “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin əhəmiyyətini xatırladan səfir qeyd edib ki, bu sənəd siyasət, iqtisadiyyat, təhlükəsizlik, müdafiə, elm, təhsil, mədəniyyət və digər sahələri əhatə edir.
Ölkəmizin yeganə problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan V.Sadıqov problemin region üçün ciddi təhlükə yaratdığını diqqətə çatdırıb və münaqişənin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə ümidvar olduğunu bildirib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_sefiri_ANSA_ya_musahibesinde_TAP_in_oneminden_behs_edib-911016

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR