Qazaxıstanda yeni devalvasiya dalğası müşahidə olunur

Qazaxıstanda yeni devalvasiya dalğası müşahidə olunur
13:27 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Qazaxıstan Fond Birjasında (KASE) ABŞ dolları yenidən bahalaşaraq məzənnəsi 329,67 KZT/USD səviyyəsinə çatıb. Bu, Qazaxıstan tarixində dolların məzənnəsinin maksimal həddidir. KASE-nin orta məzənnəsi bu gün səhər bağlanan əqdlərdə 322,47 tenge/dollar olub ki, bu da dekabrın 11-də qeydə alınan orta məzənnədən 10,55 tenge çoxdur.
"Report"un məlumatına görə, ölkənin valyuta mübadilə məntəqələrində dolların məzənnəsi 330 tenge həddini aşıb. Avronun məzənnəsi isə KASE-də 357 tengeyə çatıb. Ekspertlər bildirirlər ki, tengenin məzənnəsinin kəskin enməsi neft qiymətlərinin düşməsi fonunda ölkə iqtisadiyyatında vəziyyətin pisləşməsi ilə bağlıdır. "Private Asset Management" investisiya şirkətinin tədqiqatlar şöbəsinin müdiri Dəmir Seysebəyov "Bloomberg" agenliyinə verdiyi müsahibədə tengenin "üzən" məzənnədə olması, iqtisadi şəraitin pisləşməsi fonunda dollara tələbat artdığından, tengenin kəskin zəiflədiyini bildirib. O, əlavə edib ki, neftin qiyməti yaxın gələcəkdə düşməyə davam edəcək ki, bu da tenge üzərində gərginliyi artıracaq.
Qeyd edək ki, Qazaxıstan 2015-ci il avqustun 20-də "üzən" məzənnə rejiminə keçib. O zaman dolların məzənnəsi 188 tengeyə bərabər olub. Məzənnə siyasətindəki dəyişiklikdən sonra dollar tenge ilə müqayisədə 75% möhkəmlənib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/qazaxistanda-yeni-devalvasiya-dalgasi-musahide-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR