Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azər Turan: “Turan Cavid gözlərini qapamadan, atasının şəklinə baxaraq öldü”

Azər Turan: “Turan Cavid gözlərini qapamadan, atasının şəklinə baxaraq öldü”

Date: 14 December 2015 13:34

Əməkdar mədəniyyət işçisi, “Ədəbiyyat” qəzetinin baş redaktoru, yazıçı-publisist Azər Turanla “Həyat dərsi”

 

...Atam İmamverdi Əbilov bütün həyatını doğulduğu kənddə yaşadı. Bu günə qədər, düz 88 yaşına qədər. Və bütün Azərbaycan ədəbi cameəsini öz yurduna yönəldə bildi. Mənim yadıma gəlməyən tarixlərdə, mənim bildiyim tarixlərdə, Səməd Vurğundan başlayaraq,  bütün Azərbaycan ziyalıları, ədəbiyyat xadimləri hamısı bizim evdə olublar və mən demək olar ki, onların çevrəsində böyümüşəm...

 

...1969-cu ildə, 5-6 yaşım olanda artıq Əli bəy Hüseynzadəni tanıyırdım. Evimizin divarında Əli bəy Hüseynzadənin şəkli var idi. Mən 7-8 yaşımda orta məktəbin ilk siniflərində artıq Hüseyn Cavidin şerlərini əzbər bilirdim və burada təbii ki, atamın böyük rolu olmuşdu. O mənə başqa şerləri, başqa ədibləri tanıtdırmamışdı, məhz bu istiqamətdə tanıtdırmışdı və mənim gələcək yaradıcılıq fəaliyyətim də o istiqamətdə quruldu. Bu baxımdan atamın böyük rolu var həyat yolumda...

 

...Mən o şeylərdən yazdım ki, o şeyləri  vaxtında atamgil yazmaq istəyirdilər, amma yazmağa imkan yox idi.

 

... Bu hadisə 1972-ci ildə olub. Yazıçıların səyyar plenumu keçirilirdi bizim rayonda. O zaman Muğan ziyalıları adından atam danışdı, onda çox gənc idi və zala müraciət edərək dedi ki, siz Əli bəy Hüseynzadənin doğulduğu torpağa xoş gəlmisiniz. Bu sözünün iztirablarını da yaşadı, sorğu- suallarını da. Amma uzun illərin sükutundan sonra Əli bəy Hüseynzadə məhz o sözdən sonra gündəmə gəldi. Bu tarixdir, tarixi heç kəs təkzib edə bilməz. Yəni onların yazmaq istədiyini, yaza bilmədiklərini bizlər yazmağa fürsət tapdıq...

 

... Ölkəmiz müstəqil oldu, müstəqilliyin gətirdiyi ən böyük uğurlar elə, şəxsən mənim kontekstimdə, bu kitablar oldu. Sevinirəm ki, mən bu kitabları yazdım. Atamın kölgəsinə hesabat verdim. Çünki o kölgənin altında, yanlış düşünmək, yanlış addım atmaq olmaz. Amma kölgəyə sığınacaq kimi sığınmadım. Bu mənim təbiətimə yad olduğundan heç vaxt o kölgəyə sığınacaq kimi baxmadım, əslində məni qoruyan talisman kimi baxdım atamın kölgəsinə...

 

... Turan Cavid ən həlledici rol oynadı mənim həyatımda. Bütün qapıları açdı mənim üzümə. Yəni Cavidlə bağlı heç bir sirr, heç bir gizli məqam qalmadı. Hətta, desəm, kiminsə xətrinə dəyər, qorxuram, amma Turan Cavidin mənim həyatımda rolu, mənim bütün doğmalarımın rolundan daha böyük oldu. Etibarı bilmirəm necə qazandım. Mənim adım Azərdir, Turan xanım ən əvvəl Azər adına görə mənə dəyər verməyə başladı, çünki, Cavidin bitməmiş əsərinin adı idi. Sonra mən institutu bitirəndən sonra əsgər getdim və əsgərliyimi tale elə gətirdi ki, Cavidin şəhid olduğu torpaqda - İrkutsk vilayətində çəkməli oldum. Yəni bu ikinci bir hadisə oldu...

 

... Turan Cavidsiz də Cavid bütün varlığımda idi. Amma qəribə hadisələr baş verdi. Qəribə hadisələr nədi?... İlk dəfə “Hüsnü Xuda şairi” adlı kitab yazdım və kitabın üzərində Cavidin şəkli var idi. Öz adımı yazmağa yer tapmadım, kitabın üstündə müəllif olaraq. Yəni bilmədim Cavidin başının üstündə yazım öz adımı, ya altında. Qərara gəldim ki, ilk kitabım imzasız çıxsın, üstündə mənim adım olmasın. Müəllifi yoxdur o kitabın. Mən Turan xanıma göndərdim bu kitabı, çox həyəcanlı idim ki, onun münasibəti necə olacaq. Bir gün telefonu götürdüm, Turan xanım idi, məni dəvət elədi, görüşdük. Məndən iki şey soruşdu. Dedi: “Bu kitabın rəngini niyə məhz belə seçmisən?” Dedim: “Çünki Cavidin sevdiyi rəngdir”. Dedi: “Bəs imzan hardadır, sənin imzan?”  Dedim ki, imzamı qoymağa yer  tapmadım. Cavidin hansı tərəfinə qoyum imzamı?. Bəlkə də burdan başladı, bilmirəm.  Amma hər halda o mənə çox etibar elədi. Yəni heç kəsə olmayan qədər etibar elədi, ömrünün son anına, son saniyəsinə qədər. Bayaq dediyim kimi, son gününün yeganə şahidi mən oldum.

 

...Çox dramatik bir son gün idi. Təsəvvür edin, yuxusunda anasını gördü, onu danışdı mənə, zəng elədi ki, bizə gəl. Getdim. Dedi: “Anamı yuxumda görmüşəm. Evimiz, deyir, indiki Cavid muzeyinin yerində idi, amma eyvan Qoşa Qala qapısı tərəfə baxırdı və mən gördüm, evimizə tərəf sel gəlir, anam da selin içərisindədir. Qorxdum ki, anamı sel aparar. Amma çəkildim eyvandan, qapı  açıldı, anam gəldi. İslanmamışdı”.  Dedim: “Ay ana, nə yaxşı, islanmadın. Dedi: “Quru yolnan gəldim”. “Niyə gəldin?” Dedi: “Səni aparmağa gəlmişəm”. Bu yuxunu Turan xanım mənə danışdı. 2004-cü il  sentyabrın 11-də...

 

...Turan Cavid üçün ən fərəhli an bilirsiniz nə idi? O, yalnız əzizlərini yuxusunda görəndə sevinirdi yalnız. Başqa sevindiyi məqam yox idi onun. Anasını görmüşdü yuxusunda, hədsiz sevinirdi. Onun bişirdiyi şeylər arasında aladilər var idi. Onu  bişirirdi və çox sevincək bunu danışdı mənə. Ertəsi gün isə, yenə də zəng vurdu ki, bu dəfə başqa bir yuxu gördüm. Kitabda yazmışam bunları. Məni qulluğa göndərdi. Mağazadan bir şey almağa getdim. Bir də gördüm mənə evdən dedilər ki, Turan xanım səni çağırır. Heç vaxt Turan xanım adamı belə çağırmırdı. Son dərəcə güclü leysan yağırdı həmin gün, ayın 12-də. Mən o leysan yağışın təsiri, Turan xanımın dünənki yuxusunun təsiri ilə onun evinə gəldim. Divanda əyləşmişdi və Cavidin ən gözəl ən son faciəsi tamamlanırdı. Cavidin qələmi ilə yazılmış kimi əsər tamamlanırdı və biz söhbət elədik. Bu söhbətdən sona üzünü Cavidin şəklinə tərəf çevirdi və gözlərini qapamadı. Gözləri atasının gözlərində dünyasını dəyişdi Turan Cavid...

 

...Niyə o qədər etibar elədi mənə, bilmirəm. Özündən də soruşmuşdum, o da mənə demişdi ki, bilmirəm...

 

 ... Birinci növbədə, bütün böyüklər təvazökar olub. Alçaq könüllü deyirlər türklər. Balaca düşüncəli, istedadsız adamlar çox iddialı olurlar. İddiaları yerə-göyə sığmır, amma, bütün nəhənglər iddiasız olurlar və iddiasız adamlar, adamı daha çox cəlb edirlər. Çünki onda daha rahat olursan, onlarla ünsiyyətdə, onlarla münasibətdə daha səmimi olursan.  Və mən onların tərcümeyi-halını, məsələn, Əli bəy Hüseynzadənin tərcümeyi-halını öyrənirəm. Bir qaranlıq məqam tapa bilməzsən. Yəni sənə sual işarəsi yaradacaq bir məsələ tapa bilmirsən. Siz İsmayıl bəy Qaspralının gözəl tədqiqatçılarından birisiniz. Görürsünüz, İsmayıl bəy Qaspıralının həyatında adi bir vergül qədər, bir nöqtə həcmində qaranlıq məqam yoxdur. Hər şey aydındır, hər şey göz qabağındadır. Siz təsəvvür edin, “Tərcüman” qəzetinin, İsmayıl bəy Qaspıralının son günlərində - Siz bunu məndən yaxşı bilirsiniz - Həsən Səbri Ayvazov gəlib deyir ki, biz istəyirik, “Tərcüman”ın bir nömrəsini sənə həsr edək. Xüsusi buraxılış buraxmaq istəyirlər. Deyir, mən o qədər böyük adam deyiləm ki, mənə xüsusi buraxılış həsr edəsiniz, gedin, işinizlə məşğul olun. İndi təsəvvür edin, İsmayıl bəy Qaspralı deyir ki, mən elə də böyük adam deyiləm, bütün tamaşaçılarımız da bilir İsmayıl bəy Qaspıralı kimdir. Bu gün nüfuzlu təşkilatlardan Beynəlxalq İslam Konfransının rüşeymini qoyan, ilk dəfə bu iclası keçirən adamdır. Bütün Rusiya imperiyasına, hətta Hindistan, Çinə qədər, Misirə qədər üsuli-cədid sistemini tətbiq edən bir insandır. Bağçasaray hamballarını ziyalıya çevirən bir insandır, millət yaradan insandır və bu boyda insan, bütün həyatını təvazökar yaşadı. Bir qaranlıq nöqtəsi qalmadı, çünki daxilən zəngin idi...

 

...Əli bəy Hüseynzadə... Siz təsəvvür edin, mən Əli bəy Hüseynzadənin sağlığında çıxmış yazıları toplamaq qərarına gəldim. Çünki ona Rəsuli-Haqq deyirdilər sağlığında. Yəni bu söz, bu epitet, heç kəsə verilməyib. Əli bəyə deyilib və daha heç kəsə deyilməyib. Buna Rəsuli-Haqq deyirdilər, orkestral ruh deyirdilər, buna erudit qafa deyirdilər. Bu, Atatürkün ustadı idi, Ziya Gökalpın müəllimi idi. Bu, bütün türk dünyasını oyadan, ayıldan, ortaya qoyan, “İttihadi-Tərəqqi”ni yaradan adam idi, Ənvər Paşaya təsir göstərən adam idi. Azərbaycanın, Azərbaycan Cümhuriyyəti adlandırılmasını istəyən bir adam idi. Azərbaycan bayrağının rənglərini təklif edən adam idi. Bakının paytaxt olmasını istəyən adam idi. Yəni ilk dəfə bu şeyləri istəyən adam idi. Peterburqda riyaziyyat, İstanbulda tibb təhsili almışdı. 1915-ci ildə, Avropanın böyükləri ilə Volqaboyunun, Qafqazın, Türküstanın müstəqilliyinin de-fakto və de-yure tanıtdıracaq qədər söhbətlər aparmışdı. Yəni bu adamın sağlığında özü haqqında çıxan yazıların həcmi bir kitablıq olmadı. O qədər təvazökar idi ki, heç bir yerdə yoxdur Əli bəy Hüseynzadə. Hər yerdə pərdənin arxasında, Əhməd Ağaoğlunun dediyi kimi, pərdənin arxasındakı adamdır. Bütün dünyanı silkələyib, bütün dünyanı dalğalandırıb. Amma özü pərdənin arxasındadır və minnət qoymur, minnət də götürmür. Dünyasını dəyişəndə də bazar günü dünyasını dəyişir, təsəvvür edin. Yəni, İlahi bir seydir, adamlara da sanki ölümü ilə əziyyət vermir. Hətta Feyzavər xanımla söhbət edəndə, ağzından bir söz çıxdı ki, evimizə bir dəfə hırsız (oğru) gəlmişdi, yəni Əli bəy Hüseynzadənin evinə oğru gəlir. Hırsızlar hər şeyi aparmışdılar, deyir. Dedim, Əli bəy necə reaksiya verdi, mənə çox maraqlı idi. Deyir ki, babam ertəsi gün qəzetlərdə belə bir elan verdi: “Möhtərəm hırsız bəy əfəndi, apardığın hər şey sənin olsun, evraklarımı geri qaytar, yəni pasportum-filan, sənədlərimi geri qaytar”. Bu dərəcədə əxlaqlı, mütəfəkkir, müdrik bir insan idi Əli bəy. Hüseyn Cavid də o təbəqənin adamıdır...

 

... Məsələn mən Xalid Səid Xocayev haqqında yazdım. Bilirsiz, mən Xalid Səid Xocayev adında adam tanımırdım, bilmirdim. Əli bəy Hüseynzadənin arxivini işləyəndə orada bir yazıya rast gəldim. Xalid Səid Xocayevin Türkoloji qurultayda çıxış etməsi barədə. Sonra məlum oldu ki, Xalid Səid Xocayev “Divani- lüğəti türk”ü tərcümə eləyib. Bunun həbs olunduğu gün də Hüseyn Cavid, Əhməd Cavad, Müşfiqin həbs olunduğu günə təsadüf edir. Elə bilirdik ki, 3 nəfər həbs olunub. Dördüncü adam da Xalid Səid Xocayev imiş.  Xalid Səid aparılanda evdə onun 13 yaşında qızı qalır - Bəyicə. Başqa heç nə bilmirəm mən. Yəni mən götürdüm xırda bir yazı yazdım. “Bu dünyada bir Xalid Səid var idi”. Bir ay keçəndən sonra, bir xanım mənə zəng vurdu. Deyir ki, Siz kimsiniz, deyirəm, Vallah, Siz mənə zəng vurmusunuz, yəqin ki, Siz bilirsiniz mən kiməm. Deyir, bilirəm, mən “Ədəbiyyat” qəzetinə zəng vurmuşam, Azər Turanla danışıram, amma Azər Turan kimdir, onu bilmək istəyirəm. Deyirəm, üzr istəyirəm, Siz kimsiniz, dedi ki, mən həmin 13 yaşında qalan Bəyicəyəm. Bütün Xalid Səidin sirləri Bəyicə xanımda idi və mən Bəyicə xanıma demədən, sadəcə, onunla söhbət əsnasında sənədlərə baxa-baxa bir kitab hazırladım və kitab yazdım, kitabı da istəyirdim, Bəyicə xanıma sürpriz kimi təqdim edim. Elə kitab çap olunduğu gün Bəyicə xanım Kanadaya köçdü və mən o kitabı Kanadaya göndərdim...

 

...Haqqında yazdığım insanlardan böyük bir sevgi keçdi mənə - insanlara sevgi... Onlarda nifrət yoxdur ki. Onlar məsum şəxsiyyətlərdir. Məsumlar günahsız olur, bax bu insanlar günahsız olublar...

 

...Mən düşünürəm ki, bu kitabı mən yazmasam, bunu yazan olmayacaq, yəni belə düşünürəm, özümü də inandırıram. Bu mənim məramımdır, tale, Allah bu missiyanı mənim çiynimə qoyub və mən öz missiyamı həyata keçirməklə məşğulam. Yaradıcılığımın, əgər yaradıcılıq demək mümkündürsə, bu halda qalmasına, bu halda davam etməsinə, yəni bu istiqamətdə davam etməsinə elə ailəmin də böyük yardımı var...

 

... Vallah, son vaxtlar, özümə görə, ən maraqlı yazılarımdan biri, Alp Ər Tonqa haqqında yazıdır. Mən bu yazını “Ədəbiyyat” qəzetinin baş redaktoru  seçiləndən sonra yazdım. Haradasa, bir kitablıq yazıdır. Qəzetdəki fəaliyyətim ədəbi yaradıcılığıma qətiyyən, mane olmur. Sadəcə, ədəbiyyatın panoramını aydın görə bilirəm. Azərbaycanın çox yüksək ədəbi nəsli yetişir, yəni mən birmənalı şəkildə bunu deyirəm.  Bu nəsil, Avropa gənclər ədəbiyyatı nəslidir, çiyin-çiyinə dayanmağa özündə güc görən, haqq edən nəsildir...

 

...Azər Turan, İmamverdi Əbilovun ayağının tozu da ola bilməz. Yəni bilirsiz, mən atamın ayağının tozu olaramsa, bununla qürur duyaram”...

 


Tags:  Azər Turan Turan Cavid gözlərini qapamadan atasının şəklinə baxaraq öldü

RƏYLƏR


Top news