Bakı metrosunda Rəşid Behbudov ruhu - FOTO

Bakı metrosunda Rəşid Behbudov ruhu - FOTO
13:37 14 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün səhərdən etibarən Bakı Metropoliteninin bir neçə stansiyasında mərhum korifey sənətçimiz Rəşid Behbudovun şəklinin əks olunduğu posterlər yerləşdirilib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Milli.Az-a deyib ki, Bakı Metropoliteni bununla metrodan istifadə edən hər kəsə bu gün unudulmaz və ezackar səs sahibinin doğum günü olduğu ismarışı verir, onun ruhuna ehtiramını bildirir: "Bu gün dünya şöhrətli musiqi xadimi, görkəmli müğənni və tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudovun anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə metronun "İçərişəhər", "Sahil", "28 May", "Elmlər Akademiyası" və "Neftçilər" stansiyalarında korifeyin 100 illik yubileyini ifadə edən posterlər qurulub. Biz də dahi sənətkarımızı bu formada yad edir, onun xatirəsinə ehtiramımızı bildiririk".

Qeyd edək ki, 2015-ci il martın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Rəşid Behbudovun 100 illik yubileyinin dövlət səviyyəsində layiqincə qeyd olunması ilə bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, Azərbaycan müğənnisi, SSRİ xalq artisti, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstan MSSR-ın Xalq Artisti, Gürcüstan SSR-ın əməkdar incəsənət xadimi Rəşid Məcid oğlu Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib.

Rəşid Behbudov Azərbaycanın çoxəsrlik mədəniyyəti tarixinin yetirdiyi böyük simalardandır. Özünəməxsus ifaçılıq tərzinə və həzin lirizm çalarlı ecazkar səsə malik sənətkar təkrarolunmaz yaradıcılığı boyunca sənət aləminə gətirdiyi yeniliklərlə milli musiqi salnaməsini xeyli zənginləşdirmişdir. Çoxşaxəli fəaliyyəti dövründə özünün qurduğu və bu gün də adını daşıyan Azərbaycan Dövlət Mahnı Teatrı mədəniyyətə sanballı töhfə təşkil edir. Rəşid Behbudovun kino aktyoru kimi canlandırdığı unudulmaz obrazlar ölkə kinematoqrafiyasının parlaq səhifələridir. Vətənə və xalqa son dərəcə bağlı olan sənətkar dünyanın ən məşhur teatr səhnələri və konsert salonlarındakı rəngarəng repertuarlı saysız çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırıb.

Korifey sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində dünyasını dəyişib.

İlkin İzzət
Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390093.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR