Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“ARTIM” layihəsində iştirak etmək istəyənlər üçün açıq müsabiqə elan edilib

“ARTIM” layihəsində iştirak etmək istəyənlər üçün açıq müsabiqə elan edilib

Date: 14 December 2015 13:43


Bakı, 14 dekabr, AZƏRTAC
YARAT Müasir İncəsənət Məkanı Azərbaycanda təsviri sənətlə məşğul olan insanların yaradıcılığını dəstəkləyən “ARTIM” layihəsində iştirak etmək istəyənlər üçün açıq müsabiqə elan edib. Cari ilin oktyabrında İçərişəhərin mərkəzi, münasib və izdihamlı bir guşəsində açılmış “ARTIM” Layihələr Mərkəzində azərbaycanlı və beynəlxalq rəssamların eksperimental yeni əsərləri nümayiş etdirilməkdədir.
YARAT-dan AZƏRTAC-a bildirilib ki, müsabiqədən uğurla keçəcək namizədlər, öz layihələrini reallaşdırmaq üçün 3000 (üç min ƏDV daxil) Azərbaycan manatı məbləğində büdcə ilə təmin olunacaqlar. Onların yaradacağı sənət əsərləri “ARTIM” Layihə Mərkəzində 6 həftə ərzində nümayiş etdiriləcək. Bu layihə üzrə müraciət edənlər sərbəst və hüdudsuz yanaşmalara malik ola bilərlər. “ARTIM” bütün yaradıcı fərdləri bu layihədə iştirak etməyə dəvət edir və layihə hər cür təsviri sənət kompozisiyasının nümayişinə açıqdır.
“ARTIM” ən azı altı layihə seçəcəkdir və aşağıda göstərilmiş komponentlər hər bir layihədə müvafiq olaraq əks olunmalıdır. Belə ki, hər bir layihə “ARTIM” sərgi mərkəzində 6 həftə ərzində nümayiş etdirilməlidir. Bütün bunlara əlavə olaraq, hər bir rəssam üçün kompozisiyaların 2 həftəlik quraşdırma işləri də nəzərdə tutulmuşdur. Hər bir layihənin müvafiq maarifləndirici komponenti də olmalıdır. YARAT bu sahədə inzibati dəstəyin göstərilməsini və aidiyyəti üzrə məsləhətlərin verilməsini təmin edəcəkdir.
“ARTIM” layihəsində iştirak etmək istəyən namizədlərin yaşı 18-dən aşağı olmamalıdır. Ərizələr həm peşəkar, həm də həvəskar rəssamlar tərəfindən, habelə hazırda rəssamlıq ocaqlarında təhsil alan tələbələr tərəfindən təqdim oluna bilər.
Ərizələrin son təqdim olunması tarixi dekabrın 20-də saat 18:00-da başa çatacaq. Son təqdimat tarixindən sonra göndərilən ərizələrə baxılmayacaq. Sözügedən ərizə formalarını müvafiq təlimatlarla www.yarat.az/en/visit/artim saytından yükləmək mümkündür. “ARTIM” layihəsinə müraciət edən şəxslərdən ərizə formalarını və müvafiq digər sənədləri artim@yarat.az ünvanına “ARTIM”: ad və soyad başlığı ilə göndərmələri xahiş olunur.
İştirakçılar əlavə məlumat almaq üçün aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərlər: http://www.yarat.az/az/visit/artim, e-poçt: artim@yarat.az və +994 50 245 0513.

Tags:  ARTIM layihəsində iştirak etmək istəyənlər üçün açıq müsabiqə elan edilib


RƏYLƏR


Top news