Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qolbol idman növü inkişaf etdirilir

Qolbol idman növü inkişaf etdirilir

Date: 14 December 2015 14:28


Naxçıvan, 14 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və muxtar respublikanın idman federasiyalarının təşkilatçılığı ilə məşqçi-müəllimlər və idmançılar üçün seminarların keçirilməsi davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində qolbol idman növü üzrə “Naxçıvan” komandasının məşqçi-müəllim və idmançı heyəti üçün təlim-məşq seminarı keçirilib.
Azərbaycan Milli Paralimpiya Komitəsinin qolbol idman növü üzrə komandasının baş məşqçisi Zahir Abdullayev tədbir iştirakçılarını qolbol idman növü üzrə olan yeniliklər haqqında məlumatlandırıb. Sonra isə seminar idmançıların məşqi ilə davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası bütün kateqoriyadan olan məhdud fiziki imkanlı şəxslərin bədən tərbiyəsi və idmana maraqlarının artırılmasını, idmançıların mövcud idman qurğularından səmərəli istifadələri üçün zəruri şəraitin yaradılmasını, istedadlı idmançıların aşkara çıxarılması məqsədilə müvafiq qurumlarla birgə tədbirlərin həyata keçirilməsini diqqət mərkəzində saxlayır. Cari ilin ötən dövründə məhdud fiziki imkanlı idmançılar arasında xalq uşaq oyunları, tennis, darts (lövhəyə oxatma), şahmat, dama, yüngül atletika, qolbol və sair idman növləri üzrə yarışlar təşkil edilib, həmçinin sağlamlıq imkanları məhdud uşaqlardan təşkil olunan bədii gimnastika bölməsi fəaliyyətə başlayıb.
Qolbol idman növü üzrə “Naxçıvan” komandasının oyun təcrübəsinin artırılması üçün tədbirlərin təşkili də diqqət mərkəzində saxlanılır.



Tags:  Qolbol idman növü inkişaf etdirilir


RƏYLƏR


Top news