“AzNar” QSC öz məhsullarını daha beş ölkəyə ixrac etməyə başlayıb

“AzNar” QSC öz məhsullarını daha beş ölkəyə ixrac etməyə başlayıb
15:23 14 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+



Göyçay, 14 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunda fəaliyyət göstərən “AzNar” QSC-nin nar emalı zavodunda istehsal edilən müxtəlif çeşidli məhsullar dünya bazarlarına çıxarılır. QSC artıq Latviya, Litva, Estoniya, Çexiya və Qazaxıstan bazarlarına da “Grante” məhsullarının ixracına başlayıb.
“AzNar” QSC-nin baş direktoru Fərəc Əhmədov AZƏRTAC-a müsahibəsində bildirib ki, müxtəlif çeşiddə məhsul istehsal edən zavod bir neçə ildir ABŞ, Polşa, Yeni Zelandiya, Almaniya, Avstraliya, Rusiya və İsrailə “Grante” adı altında nar, heyva və alma şirələri, cem və kampot ixrac edir. Ümumilikdə 100 nəfər işçinin çalışdığı zavod ildən-ilə məhsulların keyfiyyətini yüksəltməyi və xarici bazarlara çıxış imkanlarını genişləndirməyi qarşıya məqsəd qoyub. Görülən işlər nəticəsində bu ildən başlayaraq Latviya, Litva, Estoniya, Çexiya və Qazaxıstana da “Grante” məhsulları ixrac olunur.
Müəssisə bu ildən yerli və xarici bazarda rəqabətədavamlı müxtəlif meyvələrin kampotunu da istehsal etməyə başlayıb. İtaliyadan gətirilən avadanlıqların quraşdırıldığı zavodda heç bir qatqı olmadan təbii yolla hazırlanan nar şirələri indiyədək müxtəlif ölkələrdə keçirilən beynəlxalq qida məhsulları sərgisində 5 qızıl medal qazanıb. Zavodun məhsulları əsasən Rusiyaya göndərilir. Rayonda meyvəçiliyin inkişafına təkan verən “AzNar” QSC indiyədək 1160 hektar sahədə yeni nar bağı, 15 hektar sahədə isə xurma, gilas və ərik bağı salıb. Meyvə bağlarına 200 nəfər işçi qulluq edir.
Həmçinin “AzNar” QSC-nin emal zavodu Azərbaycanda ilk dəfə olaraq narın tumunu təkrar emal etməklə, müxtəlif məhsulların istehsalını həyata keçirir. Narın tumundan tibbi və kosmetik yağ istehsal etmək üçün yeni sex yaradılıb. Tum müasir avadanlıqlarda qurudulur və yağ əldə olunur. Nar tumunun yağından dəri və mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə edilir. Narın qabığında çoxlu tanin maddəsi olduğu üçün bazarda ona böyük tələbat var. Nar qabığının qurudulması və məhsulun istehsalı üçün Almaniyadan avadanlıqların alınması nəzərdə tutulur. Nar tumu və qabığından hazırlanan məhsulların satışı üçün Rusiya və İsrail şirkətləri ilə razılıq əldə edilib.
Bundan əlavə, “AzNar” QSC Göyçaydakı Yekəxana gölündə balıqçılıq təsərrüfatı da yaradıb. Azərbaycanda ilk dəfə olaraq bu göldə qiymətli farel balığının səbətdə yetişdirilməsinə başlanılıb. Ümumi ərazisi 360 hektar olan Yekəxana gölündə farellə yanaşı belamur, enlialın, sazan balıqları da yetişdirilir. Gələn ilin aprelinədək göldə 30 ton balığın olacağı gözlənilir. Hazırda farel balığının yetişdirilməsi üçün göldə hər biri 25 kvadratmetr olan 30 səbət quraşdırılıb.







Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AzNar_QSC_oz_mehsullarini_daha_bes_olkeye_ixrac_etmeye_baslayib-911084

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR