Tehranda havanın çirklilik dərəcəsi təhlükəli həddə çatıb

Tehranda havanın çirklilik dərəcəsi təhlükəli həddə çatıb
15:48 14 Dekabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Təmkin Cəfərov - Trend:

Tehranda havanın çirklilik dərəcəsi bu gün şəhərdə yaşayan bütün şəxslər üçün təhlükəlidir. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranda Havanın Keyfiyyətinə Nəzarət Təşkilatının baş diretkoru Vəhid Hüseyni deyib.

V.Hüseyni bildirib ki, Tehranda havanın çirklilik dərəcəsi Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi normadan 7 dəfə çoxdur.

Onun sözlərinə görə, Tehranda ötən il havanın çirklilik dərəcəsi və qeyri-sağlam günləri həssas qruplar üçün 68, ümumilikdə şəhərdə yaşayanlar üçün isə 2 gün olub. Bu rəqəm bu il həssas qruplar üçün 63, hamı üçün isə 3 gün təşkil edib.

V.Hüseyni deyib ki, Tehranda havanın çirklənməsinə səbəb olan başlıca amil nəqliyyat vasitələridir: “Tehranda havanın çirklənməsinə əsas səbəb köhnə avtomobillərin istifadəsi, karbüratorlu motosikletlər və dizel yanacağı ilə işləyəb avtomobillərdir”.

Qeyd edək ki, İranın İSNA agentliyinin məlumatına görə, Tehranda havanın çirkli olması səbəbindən hər il 4 mindən çox insan vəfat edir. Hazırda Tehranda əhalinin 40 faizi ictimai nəqliyyatdan, 60 faizi isə şəxsi avtomobilindən istifadə edir.

İLNA agentliyinin məlumatına görə, ölkənin səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari ötən il demişdi ki, Tehranda 70 minə yaxın avtomobil standartlara uyğun deyil və köhnədir: "Bu avtomobillərin hər biri standartlara cavab verən avtomobillərlə müqayisədə üç dəfə çox havanı çirkləndirir".

Xarici mətbuatın məlumatına əsasən, Tehran planetin ən çirkli şəhərlərinin siyahısında yer alıb. Bundan öncə dəfələrlə havanın çirkli olması ilə əlaqədar bütün idarə, təşkilat və məktəblərdə tətil olub. Rəsmi məlumatlara görə, hazırda Tehranda 12-13 milyon nəfər yaşayır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2469322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR