"Bizim təhsildə elə bir mühit olmalıdır ki, o, mühit kreativ insanları yetişdirə bilsin". Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Tələbə-Könüllülərin I forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, gənclər özləri özlərinə inanmalıdır: "Gənclərin daxilindəki istəyin əsas mənbəyi bizim zəngin Azərbaycan dövləti olmalıdır. Sizin imkanlarınıza və perspektivlərinizə, qarşınızda açılacaq üfüqlərə inamım hüdudsuzdur".
F.Abdullazadə bugünkü Azərbaycan gənclərinə qibtə etdiyini də deyib: "İlk növbədə, etiraf etmək istəyirəm ki, sizin hər birinizə qibtə edirəm. Çünki hər biriniz müstəqil dövlətin gəncləriniz. Bu, öz-özlüyündə sizdə böyük bir qürur və fərəh hissi yaradır. Siz xoşbəxtsiniz ki, kədərli günləri görməmisiniz. Siz sərhədləri bərpa olunan Azərbaycanı görəcəksiniz".
O qeyd edib ki, hər bir Azərbaycan ailəsində ailə dəyərlərinə, islam ənənələrinə sadiqlik var: "Vətənin əsgəri olmağa hazır olan hər bir gənc başa düşməlidir ki, ən alınmaz qalamız onun fikri, onun ürəyidir. Şükür Allaha ki, bu gün xalqın ideologiyasına zidd olan mentalitet yoxdur".
Milli.Az