Dövlət Miqrasiya Xidmətinin Hacıqabulda “Açıq qapı günü” - vətəndaş forumu olub

Dövlət Miqrasiya Xidmətinin Hacıqabulda “Açıq qapı günü” - vətəndaş forumu olub
16:23 14 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC 
Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Dövlət Miqrasiya Xidməti (DMX) dekabrın 14-də Şirvan regional miqrasiya idarəsinin xidməti ərazisinə aid olan Hacıqabulda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, ictimaiyyət və mətbuat nümayəndələri üçün “Açıq qapı günü” - vətəndaş forumu təşkil edib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, vətəndaş forumunda miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə Xidmət əməkdaşının məruzəsi dinlənilib.
Qeyd edilib ki, əvvəlki qanunvericilik əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkəmizdə müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilən iş icazəsinin müddətinin dörd dəfədən artıq uzadılmasına yol vermirdi, amma Miqrasiya Məcəlləsinin qəbulu ilə bu məhdudiyyət aradan qaldırılıb. Eyni zamanda, Azərbaycan vətəndaşı ilə nikahda olan, qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə, eləcə də himayəsində 18 yaşına çatmamış və ya birinci qrup əlil Azərbaycan Respublikasının vətəndaşı olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə iş icazəsi alınması tələb edilmir.
Bildirilib ki, Dövlət Miqrasiya Xidməti yaradıldığı vaxtdan miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsi, bu sahədə çətinliklərin tamamilə aradan qaldırılması, sənədləşmənin sadələşdirilməsi, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin rahatlığının təmin edilməsi, onların hüquqlarının müdafiəsi sahəsində səmərəliliyinin artırılması istiqamətində tədbirlər daha da genişləndirilib. Forumda miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi və vahid dövlət orqanının səlahiyyətlərinin DMX-yə həvalə edilməsinin əhəmiyyəti vurğulanıb.
Diqqətə çatdırılıb ki, ötən il oktyabrın 17-də Miqrasiya Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, Azərbaycan Respublikasında 3 gündən deyil, 10 gündən artıq qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidirlər.
DMX tərəfindən vətəndaşsızlıq hallarının aradan qaldırılması, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı görülmüş işlərə dair Xidmətin digər əməkdaşının çıxışında vurğulanıb ki, Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli Fərmanına müvafiq olaraq, Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edilib. Elə həmin dövrdən etibarən Xidmət Azərbaycan vətəndaşlığına qəbul, bərpa, xitam, habelə, ölkə vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş sorğuların araşdırılmasına başlayıb.
Forumda DMX-də informasiya-kommunikasiya texnologiyaları strategiyasının icrası barədə təqdimat olub.
“Elektron xidmət”dən istifadə qaydaları əyani şəkildə izah edilib, Xidmətin Vahid Miqrasiya Məlumat Sisteminin imkanlarından bəhs olunub. Diqqətə çatdırılıb ki, bu sistem vasitəsilə hər bir əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunur.
Tədbirdə iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb. Xidmətin funksiyalarına aid olan məsələlərlə bağlı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətləri qəbul edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Miqrasiya_Xidmetinin_Haciqabulda_Achiq_qapi_gunu___vetendas_forumu_olub-911118

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR