“Tolerantlıq nümunəsi Azərbaycan” layihəsinə yekun vurulub

16:43 14 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC 
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti və Binəqədi Rayon İcra Hakimiyyətinin rayon ərazisindəki təhsil müəssisələrində həyata keçirdiyi “Tolerantlıq nümunəsi Azərbaycan” adlı layihənin yekunu ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, layihədə rayonun 32 ümumtəhsil müəssisəsinin 200-dək tarix müəllimi iştirak edib.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, bu cür layihələr gələcəkdə başqa rayonlarda da təşkil edilməlidir.
O multikulturalizm, tolerantlıq, eyni zamanda, dövlət-din münasibətləri ilə bağlı, xüsusilə dini radikalizmlə mübarizə sahəsində, gənclərin radikalizm girdabına yuvarlanmaması üçün müəllimlərlə, pedaqoji kollektivlərlə, orta və ali məktəblərlə birgə fəaliyyət göstərməyə daim hazır olduqlarını vurğulayıb.
Komitə sədrinin müavini Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında bu il birgə tədbirlər planının hazırlandığını söyləyib. O bildirib ki, həmin tədbirlər planına uyğun olaraq respublikanın bütün ali, orta, ümumtəhsil məktəblərində dini radikalizmlə mübarizə mövzularında görüşlər, konfranslar, “dəyirmi masa”lar, diskussiyalar təşkil ediləcək.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunlarının, zəngin ənənələrinin, dərin tarixi-mədəni köklərinin mövcud olduğunu qeyd edib. O bildirib ki, layihə çərçivəsində təşkil olunan dörd mühazirə zamanı müəllimlər Azərbaycanın multikulturalizm ənənələri barədə kifayət qədər biliklər əldə ediblər. Məhz müəllimlərin vasitəsilə Azərbaycan gənclərinə bu sahədə mövcud olan fikirlər çatdırılır. Baş məsləhətçi multikulturalizmin Azərbaycanın siyasətinə, o cümlədən xalqımızın həyat tərzinə çevrilməsini ölkəmizin bu sahədə əldə etdiyi nailiyyət kimi qiymətləndirib.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ölkəmizdə bütün xalqların nümayəndələrinin tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını söyləyib. O qeyd edib ki, multikulturalizmi başlıca siyasi prioritetlərindən birinə çevirən Azərbaycan dövləti ölkəmizdə tarixən gəlişmiş çoxmədəniyyətlilik situasiyasının dayanıqlığını təmin etməklə yanaşı, bunun dünya siyasətinə dəyərli bir töhfə olaraq təqdim edilməsi istiqamətində xeyli əhəmiyyətli təşəbbüslər irəli sürür.
İcra başçısının müavini bu günlərdə ulu öndər Heydər Əliyevin xatirəsinin anıldığını xatırladıb.
Qeyd edib ki, Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkədə ictimai-siyasi sabitlik bərpa edilib, demokratik təsisatlar yaradılıb, dövlət idarəçilik sistemi formalaşdırılıb. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinə qısa baxış bir daha belə bir ümumiləşdirməyə və reallığı təsdiqləməyə əsas verir ki, müasir Azərbaycan Ulu Öndərin şah əsəridir.
Sonda layihədə iştirak edən müəllimlərə diplom və sertifikatlar təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tolerantliq_numunesi_Azerbaycan_layihesine_yekun_vurulub-911129

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR