Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Arzu Nağıyev: Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin yaradılması vaxtında verilmiş qərardır

Date: 14 December 2015 16:53

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması vaxtında verilmiş bir qərardır. Bunu Trend İnformasiya Agentliyinin Baş direktorunun müavini, uzun müddət təhlükəsizlik orqanlarında çalışmış Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, Azərbaycan miqyasında bu xidmətlərin yaradılması dövlət təhlükəsizliyinin gücləndirilməsinə böyük töhfələr verəcək.

O vurğulayıb ki, bu, dünya praktikasında tətbiq olunan bir məsələdir: “Dövlət Təhlükəsizlik Xidməti daxili əks-kəşfiyyatla, Xarici Kəşfiyyat Xidməti isə xarici kəşfiyyatla məşğul olacaq. Bu, bir daha çevikliyi təmin etmək və daha böyük miqyasda işi həyata keçirmək üçün nəzərdə tutulur”.

A.Nağıyev əlavə edib ki, dünyanın supergüclərində də belə bir praktika tətbiq olunur: “Eyni zamanda ABŞ-da Federal Təhlükəsizlik Xidməti və Mərkəzi Kəşfiyyat İdarəsi, Rusiyada Federal Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti fəaliyyət göstərir”.

Baş direktorun müavini "milli təhlükəsizlik" ifadəsinin "dövlət təhlükəsizliyi" sözləri ilə əvəz edilməsi məsələsinə də aydınlıq gətirib: “Kimisə maraqlandıra bilər ki, niyə "milli təhlükəsizlik" sözü "dövlət təhlükəsizliyi" sözü ilə əvəz edildi? Düşünürəm ki, kəşfiyyat və əks-kəşfiyyatın birinci istiqaməti dövlətin və dövlətçiliyin qorunmasına xidmət etməlidir”.

Qeyd edək ki, Azərbaycan Prezident İlham Əliyevin fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Arzu Nağıyev Dövlət Təhlükəsizliyi Xarici Kəşfiyyat xidmətlərinin yaradılması vaxtında verilmiş qərardır


RƏYLƏR


Top news