​Bağdadın müəmmalı davranışı və yeni dövlətin yaranması

17:07 14 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin müttəfiqləri sayılan Qərb bloku isə hələ ki, rəsmi Ankaraya təsəlli verir.
Bu, rəsmi Bağdadın Türkiyəyə qarşı çıxışlarında da özünü göstərir. Məqsədimiz Türkiyə-Qərb münasibətlərini deyil, Bağdad hakimiyyətinin (əfsus ki, ölkə ərazisinə tam nəzarət edə bilmədiyindən İraq hökuməti yaza bilmirik) atacağı ehtimal olunan addımlarına diqqət çəkməkdir.
Son iki həftədə bu hökumətin Türkiyəyə qarşı verdiyi bəyanatlar daha çox başqa mətləbdən də xəbər verir. Baş verən hadisələrə əsasən ehtimal etmək olar ki, ölkənin baş naziri Heydər əl-İbadi hökumətinin müttəfiqlərini dəyişməyə səy göstərir.
Türkiyə hərbçilərinin İraqın Mosul əyalətinin Başika rayonundan çıxarılması tələbi bunun ilk görüntüsü sayıla bilər.
Rəsmi Ankara bildirir ki, həmin hərbçilər İŞİD-ə qarşı mübarizə aparmaq üçün İraqın şimalındakı kürd silahlılarına təlim keçirlər və İraq prezidenti Fuad Masum və baş nazir Heydər əl-İbadinin istəkləri əsasında ora yerləşdiriliblər. Rəsmi Bağdad isə bunu təkzib etmədən ərazi bütövlüyü siyasi şousunu qurmaqla özünün əsl istəyini gizlətməyə çalışır.
Əslində, Heydər əl-İbadi hökumətinin istəyi Moskva-Tehran-Dəməşq ittifaqına qoşulmaqdır.
Bunu təsdiqləyən faktlar da var.
Baş nazir Türkiyədən 48 saat ərzində İraq ərazisindəki hərbçilərini çıxartmasını tələb edib. Türkiyə hökuməti razılaşma çərçivəsində hərbçilərinin İraqda qalacağını bildirib. Bunun ardınca Bağdad hökuməti BMT Təhlükəsizlik Şurasına müraciət edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bağdadın bu hərəkətini "ədalətsiz addım" adlandırıb.
ABŞ Müdafiə Nazirliyinin rəsmiləri isə Türkiyə hərbçilərinin bölgəyə daxil olması haqda öncədən məlumatlandırıldıqlarını bildiriblər.
Türkiyəyə hər addımda problem yaratmağa çalışan Kreml də bu məsələdə Heydər əl-İbadiyə yardım etməyə çalışır. Rusiya Türkiyənin İraqın şimalındakı "hərəkətlərini qanunsuz hesab etdiyini" bildirib.
Rəsmi Moskvanı təqlid edən Bağdad hökuməti də Türkiyəni sanksiyalarla hədələyib və bunun üçün ilk addımlar da atılıb. Bağdad əyalət Məclisi Türkiyə mallarına embarqo qoyulması haqda qərar qəbul edib. İraqın Ticarət Nazirliyi isə İstanbuldakı ofisini bağladığını bildirib.
İraq parlamentinin Təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsinin üzvü Hamid əl-Mutlak təhlükəsizliyə dair ABŞ-la imzalanan müqavilənin ləğv olunmasını istədiklərini bəyan edib.
Prosesə İraqın Nəcəf şəhərində yerləşən "Əhli Beyt" Elmi-Dini Mərkəzinin başçısı Seyid Əli Hüseyni-Sistani də qoşulub. Əbdülmehdi Kərbəlai onun adından Türkiyə hərbçilərinin İraq ərazisindən çıxmasını tələb edən bəyanat verib.
Türkiyənin terrorçuluğa qarşı mübarizədə İraqa göstərdiyi yardıma alternativ olaraq Moskva Bağdada öz yardımını təklif edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Kreml terrora qarşı mübarizədə İraqı çox önəmli bir tərəfdaş kimi görür.
Suriyaya müdaxilə edəndən sonra Moskva bəyan etdi ki, Bəşşar Əsəd rejimi kimi, Bağdad da onlara belə bir yardımla bağlı müraciət etsə, ona da müsbət cavab verəcəklər.
Bu kimi hadisələr və çıxışlar bölgədə yeni siyasi blokların yaranacağını deməyə əsas verir. Bu blokların yaranmasında müəyyən təzadlar da yox deyil.
Moskva-Tehran-Dəməşq-Bağdad bloku. Məlum olduğu kimi, keçmiş SSRİ Suriya və İraqdakı Hafiz Əsəd və Səddam Hüseyn hakimiyyətlərini dəstəkləyirdi. Hər iki ölkədə baş verən dəyişikliklər sonrakı mərhələdə Moskvanın bu dövlətlərdəki təsirinin azalması və ya Rusiyanın həmin ölkələrdən çıxması ilə nəticələndi. Ancaq sonrakı proseslərdə Rusiya İraq və Suriyada itirilmiş mövqelərini bərpa etmək məqsədilə yenidən fəaliyyətə başladı. Bu, özünü Suriyada göstərdi. SSRİ antiimperialist olduğundan, İrandakı hakimiyyət də 30 ildən çoxdur Moskva ilə müttəfiqlik edir.
Düzdür, inqilabın ilk illərində "İsrailə ölüm!", "Amerikaya ölüm!" şüarları ilə yanaşı, "Şurəviyə ölüm!" də səslənirdi. Ancaq SSRİ-nin Tehrandakı o vaxtkı səfirliyi İran solçularının siyahısını ayətullah Xomeyni hakimiyyətinə verdikdən sonra tərəflər arasında münasibət yaranmağa başladı və s.
İlk baxışdan köhnə müttəfiqlərin yenidən bir araya gəlməsində qəribəlik olmasa da vəziyyət və şərtlər dəyişib. Bir də indiki Rusiya o vaxtkı SSRİ deyil.
Nəzərə almaq lazımdır ki, sovetlərin dağılmasının səbəblərindən biri də yürüdülən xarici siyasət sayılır. Bu siyasət ucbatından ölkənin iqtisadiyyatı çökdü və SSRİ bəyənmədiyi imperializmin ardınca sürünməyə başladı. Odur ki, yarımçıq və xarici sərmayədən asılı olan, humanitar yardım və qanunsuz ticarətlə məşğul olanların blokunun uğurlu nəticə verəcəyinə təminat çox azdır və ya yoxdur.
Başqa bir tərəfdən bölgədə islam elementlərindən istifadə edilməsi də bu dinin arxasında gizlənənlərə zərbə vuracaq.
Yeri gəlmişkən, İran, Suriya və İraqdakı qoşunların adına diqqət edək: "İmam Hüseyn taboru", "Əli ibn Talib taboru", "Fatimeyi divizionu", "Zeynəbiyye divizionu", "Mehdi hərbi birliyi", "Ənsari-Mehdi qoşunu", "Qüds qoşunu" və s. İranın bu adlar altında fəaliyyət göstərən hərbi birlikləri Suriya və İraqda dinc sakinləri öldürür, onları yurdlarından didərgin salır.
Bu baxımdan yeni hərbi-siyasi birliyin formatından da göründüyü kimi, Moskva-Tehran-Dəməşq və onlara qoşulmağa səy göstərən Bağdad bloku müsəlmanların və ya bölgə əhalisinin pozulan haqlarının qorunmasın deyil, iddia və maraqların təmin olunması üçün fəaliyyət göstərir.
Başqa bir maraqlı blok isə Türkiyə-ABŞ-İraqın Şimalındakı Muxtar Hökumət arasında yaranmaqdadır.
Məlumata görə, dekabrın 21-də üç tərəf terrorçu İŞİD-ə qarşı mübarizə aparmaq üçün İraqın Ərbil şəhərində toplantı keçirməyi planlaşdırır. Həmin yığıncağa isə rəsmi Bağdad dəvət edilməyib.
İŞİD-in nəzarəti altında olan Mosulun azad edilməsi və bölgədə terrorçuluğa qarşı mübarizəyə İraq ordusunun hazır olmadığı bildirilir.
Türkiyə ilə İraqın Şimalındakı Muxtar Hökumətin bir blokda olması müəyyən mənada təzadlı sayılsa da, onlar rəsmi Ankaranın bölgədə taktiki müttəfiqi ola bilər və proseslərin bununla yekunlaşacağı ehtimalı az deyil.
Beləliklə, Bağdadın müttəfiqini dəyişməsi və ya başqa bloka meyillənməsi bölgədə maraqlar uğrunda mübarizənin xəritəsinin aydınlaşmasına təsir etməkdədir. Belə bir hal isə perspektivdə İraqın şimalında müstəqil dövlətin meydana çıxması üçün yollar açır. Başqa sözlə, Moskva-Tehran-Dəməşq-Bağdad bloku İraq və Suriyanın ərazi bütövlüyündən çox, hər iki dövlətin parçalanmasını sürətləndirə bilər. Odur ki, İran və Rusiya bu iki dövlətdən qalacaq ərazi üzərində təsirlərini saxlamağa çalışacaqlar. 

Xəbərin orijinal ünvanı: http://report.az/analitika/bagdadin-muemmali-davranisi-ve-yeni-dovletin-yaranmasi-serh

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR