Türkmən komandir APA TV-yə danışdı: “Ruslar Qızıldağı aldılar”

Türkmən komandir APA TV-yə danışdı: “Ruslar Qızıldağı aldılar”
17:19 14 Dekabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Türkiyə ilə sərhəddə yerləşən, əsasən türkmənlərin məskunlaşdığı, strateji önəmli Türkməndağını ələ keçirmək uğrunda mübarizə davam edir. Bölgədə silahlı mücadilə verən türkmənlər ciddi dəstəyə sahib olmadıqlarından nəzarətdə saxladıqları ərazilərin bir qismini əldən veriblər.

 

Türkməndağı bölgəsində türkmən silahlı birləşmələrinin tabe olduğu 2-ci Fətih briqadasının komandiri Əli Şəhərli APA TV-yə verdiyi eksklüziv açıqlamada Qızıldağ adlanan strateji yüksəkliyin artıq onlarda olmadığını deyib: “Döyüşlər davam edir. Təyyarələr hər gün ərazini bombalayır. Ruslar Qızıldağı ələ keçirdi. Bombardman edirlər, havadan, qurudan, dənizdən raketlərlə vururlar. Bizim onlara qarşılıq verəcək gücümüz yoxdur”.

 

Bayırbucaq bölgəsinin iki hissədən ibarət olduğunu deyən Əli Şəhərli Bayır hissənin türkmənlərin nəzarətində olduğunu söyləyib: “Bayır bizim əlimizdədir, Bucaq da düşmənlərin. Əvvəldən də belədir, Bayır bizdədir. Türkmən kəndləri yerləşən Bucaq və dəniz sahili Əsəd rejiminin əlindədir. İndi rejim gücləri bizim üstümüzə gəlir. Bizim ən böyük silahımız "doçka"lardır. Bunlar da bir şey etmir. Bomba havada partlayır. 100-200 bomba olur. Hər yerə dağılır. Böyük raketlərlə dənizdən vururlar. Təyyarələr heç dayanmır. Bizim də təyyarə hücumundan müdafiə qüvvələri yoxdur”.

 

Türkmən komandir Türkiyənin bölgə əhalisinə hər cür yardım göstərdiyini deyib: “Türkiyə bizə hər cür yardım edir. Ancaq biz sadəcə Türkiyədən deyil, bütün türk dünyasından yardım gözləyirik. O qədər Türk dövləti var. Niyə bizə maddi, mənəvi yardım etmirlər? Buradakı türkmənlər məğlub olsa, namusu əldən gedəcək. Bu namus bütün türk millətinin namusudur. Niyə sahib çıxmırlar?”

 

Əli Şəhərli Suriyanın türkmənlər yaşayan bölgəsində humanitar durumun ağır olduğunu deyib: “Kəndlilər pis vəziyyətdədir, evlərini, kəndlərini buraxıb gediblər. Heyvanları dağlarda qalıb. Təyyarələr indi də vurur, evləri yerlə bir edir. İnsanlar çadırlara sığınıb. Türkiyə çadır verib, Allah razı olsun! Türkiyə qapılarını açdı yaralılara, acizlərə. Biz kəndlərimizi buraxmaq istəmirik. Kəndlərimizə sahib çıxmaq istəyirik”.

 

Türkmən komandir Bayırbucaq bölgəsində verdikləri mücadilənin siyasətlə əlaqəsi olmadığını bildirib: “Burada siyasət məsələsi qalmadı. Bu türklük, türkmənlik, torpaq məsələsidir. Siyasətdən üstündür”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225153

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR