Azərbaycanın millət vəkili Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarə Heyətinə üzv seçilib

Azərbaycanın millət vəkili Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarə Heyətinə üzv seçilib
17:33 14 Dekabr 2015
20 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 9-dan 11-dək Vyanada “Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında” Sazişə tərəfdaş dövlətlərin Assambleyasının IV sessiyası keçirilib.

Baş Prokurorluğun məlumatına görə, tədbirdə Azərbaycanı Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi və tərkibinə Xarici İşlər Nazirliyinin məsul əməkdaşlarının daxil olduğu nümayəndə heyəti təmsil edib.

Plenar iclasda K.Əliyev ötən ilin noyabrında Bakıda keçirilmiş III sessiya zamanı Assambleyanın sədri vəzifəsinə seçilmiş Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun adından çıxış edərək Azərbaycanda son illərdə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri, o cümlədən ən uğurlu qabaqlayıcı institusional tədbirlərdən biri kimi “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, habelə ölkəmizin bu sosial bəlaya qarşı mübarizə sahəsində apardığı səmərəli beynəlxalq əməkdaşlıq barədə ətraflı məlumat verib.

Azərbaycanın Assambleyaya sədrliyi dövründə həyata keçirilmiş uğurlu fəaliyyət nəticəsində 5 ölkə Akademiyaya üzv qəbul olunmaqla qeyd olunan Sazişə qoşulub və ya ratifikasiya etmiş üzvlərin sayı 65-ə çatıb. Sessiyada Akademiyanın rəhbərliyi tərəfindən ötən müddət ərzində Azərbaycanın təşkilata verdiyi töhfələr yüksək qiymətləndirilib.

Assambleyanın nizamnaməsinə görə sessiyanın açılışında təşkilata sədrlik Nigeriyaya keçib.

Daha sonra Akademiyanın İdarə Heyətinə seçkilər keçirilib. Təşkilatın fəaliyyətinə ölkəmizin verdiyi töhfələrin məntiqi nəticəsi kimi Azərbaycan Parlamentinin deputatı Vüsal Hüseynov 6 il müddətinə İdarə Heyətinə üzv seçilib.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti Bolqarıstanın vitse-prezidenti, Akademiyanın İdarə Heyətinin sədri xanım Marqarita Popova, Avstriyanın Daxili işlər naziri xanım Yohanna Mikl-Leytner, Akademiyanın dekanı və icraçı katibi Martin Kroytner və digər nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib, gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.

Tədbirdə Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov da iştirak edib.

Sessiya çərçivəsində tədbir iştirakçılarına Azərbaycan Respublikasında son 10 il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirləri özündə əks etdirən jurnallar paylanıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2469422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR