Gömrük bəyannamələrinin elektron təşkili məsələləri müzakirə edilib

Gömrük bəyannamələrinin elektron təşkili məsələləri müzakirə edilib
18:08 14 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Gömrük bəyannamələrinin elektron təşkili məsələləri müzakirə edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, müzakirələr “Elektron Hökumət” portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri və Dövlət Gömrük Komitəsinin səlahiyyətli nümayəndələri arasında görüş zamanı baş tutub.
Tədbir Nazirlər Kabinetinin “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında 24 noyabr 2011-ci il tarixli qərarında əks olunan tapşırıqların təmin edilməsi məqsədilə təşkil olunub.
Toplantıda gömrük bəyannamələrinin elektron təşkili məsələsi müzakirə edilib.
Müzakirə zamanı gömrük bəyannaməsinin elektron qaydada doldurulması prosesində istifadəçi kimliyinin portal üzərindən fərdi identifikasiya nömrəsinə (FİN) uyğun tanınması və vətəndaşın şəxsi elektron imza kartı vasitəsilə təsdiqlənməsi şəffaflıq və istifadəçi məmnunluğu baxımından uyğun görülüb.
Həmçinin elektron bəyannamənin mal sahibi tərəfindən “e-imza” vasitəsilə təsdiqlənməsi üzrə bütün təfərrüatlar müzakirə olunub, bu servisin portal üzərindən təmin edilməsi üçün tələb olunan texniki-proqram şərtləri irəli sürülüb.
Qeyd edək ki, gömrük sərhədlərindən keçirilən malın bəyan edilməsi prosesinin elektron təşkilində mühüm nüans elektron bəyannamənin vətəndaş tərəfindən imzalanmasıdır. Bu gün gömrük sərhədlərində bu əməliyyat ənənəvi üsulla, yəni mal sahibinin bəyannamə formasını kağız üzərində dolduraraq imzalaması ilə aparılır. Bu isə istər mal sahibi, istərsə də səlahiyyətli şəxslərin işinin operativliyinə təsir göstərir.
Toplantıda Gömrük Sertifikat Xidməti Mərkəzinin (SXM) akkreditə olunması məsələsi də müzakirə edilib.
Milli Sertifikat Xidmətləri Mərkəzinin rəhbərliyi sözügedən məsələ ilə əlaqədar ASAN İmza və Mərkəzi Bankın akkreditə olunma təcrübəsi barədə məlumat verib, mövcud Sertifikat Xidməti Mərkəzinin saxlanılması ilə akkretidə olunmanın mümkünlüyünü şərh edib.
Görüşün yekununda Dövlət Gömrük Komitəsinin nümayəndələri Gömrük SXM-nin akkreditə olunması ilə əlaqədar tələb olunan texniki detallar, həmçinin qanunvericiliklə tələb olunan sənədlərlə bağlı ətraflı məlumatlandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gomruk_beyannamelerinin_elektron_teskili_meseleleri_muzakire_edilib-911179

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR