Prezident xalq artistinin ölümü ilə bağlı başsağlığı verdi

Prezident xalq artistinin ölümü ilə bağlı başsağlığı verdi
18:26 14 Dekabr 2015
61 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət xadimləri, habelə mədəniyyət xadimləri xalq artisti Azər Rzayevin vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Axşam.az-ın APA-ya istinadən məlumatına görə, nekroloqda bildirilir ki, tanınmış bəstəkar, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti, professor Azər Hüseyn oğlu Rzayev 2015-ci il dekabrın 14-də ömrünün 86-cı ilində vəfat etib.
 
A. Rzayev 1930-cu il iyul ayının 15-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki onillik musiqi məktəbini bitirdikdən sonra o, 1948–1953-cü illərdə konservatoriyada bəstəkarlıq və ifaçılıq ixtisasları üzrə ali musiqi təhsili alıb. Əmək fəaliyyətinə 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki onillik musiqi məktəbində müəllim kimi başlayan A. Rzayev 1956-cı ilədək konsertmeyster-müşayiətçi olaraq çalışıb, 1957-ci ildən isə taleyini indiki Bakı Musiqi Akademiyası ilə bağlayaraq burada ömrünün sonunadək müəllim, baş müəllim, dosent, professor və kafedra müdiri işləyib.

1958–1960-cı illərdə Azərbaycan Nazirlər Soveti yanında radio və televiziya komitəsində səs rejissoru, 1965-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri olan A. Rzayev eyni zamanda, 1960–1970-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllimlik fəaliyyətini davam etdirib.

A. Rzayev 1972–1988-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsini tutub. Opera və Balet Teatrının tarixində həmin illər Üzeyir Hacıbəylinin operalarının yeni quruluşda səhnələşdirilməsi, yeni əsərlərin işıq üzü görməsi və teatrın kollektivinə çox sayda gənc istedadın cəlb olunması ilə əlamətdardır.

1995-ci ildən etibarən Bülbül adına orta ixtisas musiqi məktəbi nəzdində yaratdığı uşaq simfonik orkestrinə rəhbərlik edən A. Rzayev respublikada gənc ifaçılar nəslinin yetişdirilməsi üçün bilik və bacarığını əsirgəməyib, gələcəyin peşəkar musiqiçi kadrlarının formalaşdırılması işinə sanballı töhfələr verib. Müasir bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi A. Rzayev Azərbaycan mədəniyyəti xəzinəsini zənginləşdirən, geniş yaradıcılıq diapazonuna malik sənətkarlardandır. Dərin milli ruh, muğamlara bağlılıq, yüksək melodizm və janr əlvanlığı onun yaradıcılığının özünəməxsus keyfiyyətləridir. Altmış ilə yaxın bir müddət ərzində o, yorulmadan çalışaraq qiymətli əsərlər meydana gətirib. A. Rzayev simfonik orkestr üçün poemaların, konsertlərin, sonata və kamera-instrumental əsərlərin müəllifi kimi şöhrət tapıb. Mahnı janrındakı əsərləri bəstəkarın irsində xüsusi yer tutur. Kinofilmlərə və müxtəlif dram tamaşalarına onun yazdığı musiqilər sənətsevərlərin rəğbətini qazanıb.
 
A. Rzayevin “Bakı–90” simfoniyası Qanlı Yanvar şəhidlərinə həsr edilmiş qiymətli əsərlər sırasındadır. Sənətkarın bir çox əsərləri ölkənin hüdudlarından kənarda da bu gün uğurla ifa olunur. Azərbaycan radio və televiziyasında uzun illər ərzində müxtəlif musiqi janrlarına dair silsilə verilişlərin aparıcısı olmuş A. Rzayevin milli və klassik musiqinin təbliğində mühüm xidmətləri var. Azərbaycanın müasir musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsi və tanıdılmasında A. Rzayevin xidmətləri layiqincə qiymətləndirilib.

Musiqi sənəti sahəsində nailiyyətlərinə görə o, bir sıra mükafatlar qazanıb, müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən “Şöhrət” ordeninə və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. Tanınmış bəstəkar, mahir pedaqoq və səmimi insan Azər Hüseyn oğlu Rzayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev
 
Elçin Əfəndiyev

Hacıbala Abutalıbov

Fatma Abdullazadə
 
Əbülfəs Qarayev

Mikayıl Cabbarov

Arif Məlikov
 
Firəngiz Əlizadə
 
Fərhad Bədəlbəyli

Siyavuş Kərimi

Oqtay Zülfüqarov

Tofiq Bakıxanov

Musa Mirzəyev

Xəyyam Mirzəzadə
 
Ramiz Zöhrabov

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42479

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR