Dövlət dəstəyi şərurlu sahibkarlara geniş imkanlar açıb

Dövlət dəstəyi şərurlu sahibkarlara geniş imkanlar açıb
18:48 14 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Şərur, 14 dekabr, AZƏRTAC
Ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da dövlətimiz tərəfindən təsərrüfat adamlarına, fermerlərə və fiziki şəxslərə göstərilən diqqət və qayğının nəticəsində Şərur rayonunda xüsusən aqrar sektorun çoxşaxəliliyi təmin olunub. Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən sahibkarlara verilən güzəştli kreditlər hesabına rayonda soyuducu anbarların, istixana təsərrüfatlarının yaradılması üzrə investisiya layihələri həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il sentyabrın 17-də imzaladığı Sərəncam ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” muxtar respublikanın bütün bölgələrində olduğu kimi, Şərur rayonunda da sahibkarlığın inkişafına geniş imkanlar açıb.
Yaradılan şəraitdən bəhrələnən sahibkarlardan biri də rayonun Məmmədsabir kəndində soyuducu anbar işlədən Yusif Quliyevdir. O deyib ki, müəssisənin tikintisi 2009-cu ildə başa çatıb. Obyektin inşasına 180 min manat vəsait sərf olunub. Bunun 50 min manatını şəxsi vəsaiti, 130 min manatını isə Sahibkarlığa Kömək Fondunun vəsaiti hesabına göstərilən maliyyə dəstəyi təşkil edib. Dövlət dəstəyi hesabına yaradılan soyuducu anbar artıq 5 ildir fəaliyyət göstərir. İlk illərdə kənd təsərrüfatı məhsulları istehsalçılarının soyuducu anbarların əhəmiyyəti barədə məlumatı az olduğundan 300 ton tutumu olan anbarı doldurmaq bir az çətin olub. Ancaq son illərdə torpaq mülkiyyətçiləri bu anbarlarda məhsul saxlamağın gəlir gətirdiyini görüblər və bunun nəticəsidir ki, sentyabr ayının ikinci yarısında anbar əsasən meyvə, kartof və digər kənd təsərrüfatı məhsulları ilə tamamilə dolub.
Sahibkar deyib ki, artan tələbat nəzərə alınaraq bu il müəssisədaxili imkanlar hesabına anbara 150 tonluq bölmə də əlavə edilib. Hazırda məhsul tədarükü davam etdirilir. Ümumiyyətlə, anbara kartof məhsulunun tədarükü üçün hər kiloqrama torpaq mülkiyyətçilərindən 10 qəpik alınır və bu il işlərin yaxşı getməsi onu deməyə əsas verir ki, dövlətdən alınan kreditlərin ödənilməsində çətinliklər olmayacaq. Məhsulunu uzun müddətə anbarda saxlamaq istəyən mülkiyyətçilərə daha çox üstünlük verilir. Vaxtilə boş qalan bu anbarlarda indi mövsüm zamanı boş yer tapılmır. Əksər fermerlər topladığı məhsulu bir müddət soyuducu anbarlarda saxlayaraq sərfəli qiymətə satmağı üstün tuturlar.
Yusif Quliyev onu da vurğulayıb ki, fərdi təsərrüfat sahibləri üçün məhsulun saxlanma qiymətləri əlverişlidir. Belə müştərilər üçün icarəhaqqı sahibkarlara nisbətdə, demək olar ki, eynidir. Qiymət məsələsində ağır çəkili məhsullara güzəşt olunur.
Bölgələrdə soyuducu anbar komplekslərinin tikintisinin əsas hədəfi muxtar respublika əhalisini qış mövsümündə keyfiyyətli meyvə-tərəvəz məhsulları ilə təmin etmək, məhsul bolluğu yaratmaq və ixrac potensialını artırmaqdır. Sahibkar deyib ki, anbarlara tədarük edilən məhsulu soyuducu kameralarda Novruz bayramınadək saxlamaq mümkündür. Bu isə nəinki qışda, hətta erkən yazda qiymət artımını əngəlləyən əsas amillərdəndir. Soyuducu anbarlar bəhs edilən dövrdə xaricdən idxalın azalmasına, ixracın isə artmasına təsir edir. Nəticədə, kənd təsərrüfatı məhsulları istehsal edən torpaq mülkiyyətçilərinin gəlirləri artır.
Bu gün Şərur rayonunun bəzi kəndlərində səliqəli, ölçülü-biçili istixanalar mövcuddur. Bu işlə peşəkarlıqla məşğul olanların, qazanc mənbəyini bu sahədə görənlərin sayı son 20 ildə artıb. Bu da onun nəticəsində mümkün olub ki, qış aylarında istixana məhsullarına tələbat artıb, bu tələbatın dolğun ödənilməsi üçün sahibkarlara hərtərəfli dövlət dəstəyi göstərilib. Bütün bu tədbirlər nəticəsində bu gün rayonda istixana işi ən gəlirli sahələrdən birinə çevrilib, istixanalar hesabına faraş tərəvəz bolluğu yaradılıb.
Dövlət dəstəyi ilə Şərur rayonunun Çərçiboğan kəndində yaradılan, rayonda fəaliyyət göstərən onlarla istixanadan birinin sahibi Abdulla Adıgözəlov deyib ki, muxtar respublika rəhbərinin sahibkarlarla keçirilən görüşlərdə ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini bildirməsi, bazarın yerli tərəvəz məhsulları ilə təmin olunması, ekoloji təmiz məhsulların istehsalına diqqətin artırılması və bu sahə ilə məşğul olan sahibkarların fəaliyyətinin dəstəklənməsi barədə aid qurumlara tapşırıqlar verməsi hər bir sahibkar kimi, onu da gördüyü işə daha da həvəsləndirib, bu işin perspektivli olmasına inam yaradıb.
Muxtar respublikada sahibkarlığın inkişafı üçün hərtərəfli şərait yaradıldığını bildirən və göstərilən qayğıya görə minnətdarlıq edən Abdulla Adıgözəlov qeyd edib ki, istixana kompleksinin yaradılmasında əsas məqsəd əhalini ekoloji cəhətdən sağlam tərəvəz məhsulları ilə təmin etməkdən ibarətdir. Bir hektardan artıq ərazini əhatə edən istixana kompleksində tərəvəz bitkilərinin əkini, şitil yetişdirilməsi sahələri yaradılıb. İldə 70 ton xiyar, 35 ton pomidor yetişdirilən istixanada Türkiyə istehsalı olan müasir avadanlıqlar quraşdırılıb, drenaj şəbəkəsi çəkilib, məhsulların satış məntəqələrinə çatdırılması üçün nəqliyyat vasitələri alınıb. Kompleks iqlim-nəzarət, istilik-mühafizə, havalandırma, gübrələndirmə və suvarma sistemləri ilə təchiz edilib. Burada damcı və çiləmə suvarma üsulundan istifadə edilir. Müasir texnologiyaların tətbiqi bazara rəqabətədavamlı məhsul çıxarılmasına imkan verir.
İstixananın yaxınlığındakı 7 hektar meyvə bağından da yaxşı məhsul alındığını deyən sahibkar onu da bildirib ki, istixanalar yaxşı gəlir gətirsə də, məhsulun ərsəyə gəlməsinə qədər xüsusi diqqət və zəhmət tələb olunur. Bu sahədə çalışan hər bir sahibkar əkin planlaşdırmasına xüsusi diqqət yetirməlidir. Təbii ki, bu işdə əsas sözü fermerin topladığı təcrübə deyir. Ancaq bu təcrübə də elə-belə qazanılmır. İllərin təcrübəsi təsərrüfata dəyən müəyyən ziyan və zərərlər nəticəsində qazanılır. İstixana sahibi üçün ən səhv addım “mən necə düşünürəmsə, elə də olmalıdır” fikri ilə hərəkət etməkdir. Bu işdə daha təcrübəlilərin fikrindən yararlanmaq ən yaxşı vasitədir. Bəzi sahibkarlar var ki, kənardan gətirilmiş bir aqronumun səhv istiqamət verməsi üzündən xeyli zərər görür. Halbuki bizim özümüzdə bu sahəni bilən kifayət qədər mütəxəssis var. Ona görə də bu sahədə işə başlayanda bacarıqlı, işgüzar, savadlı adamlarla yola çıxmaq lazımdır. İstixanalarda görüləcək işlərlə bağlı çıxarılan qərarların hamısında bu insanlarla məsləhətləşmələr aparılmalıdır. Bundan başqa, digər istixana komplekslərinin sahibləri ilə əlaqələr yaradılması, təcrübə mübadiləsinin aparılması da günün tələbidir.
Bu gün muxtar respublika iqtisadiyyatının uğurlu inkişafında hər bir bölgənin öz çəkisi var. Əldə olunan nailiyyətlərdə Şərur rayonunun da payı az deyil. Bu rayonda isə iş adamlarına, fərdi təsərrüfatlara, əkin-biçinlə məşğul olanlara hər cür şərait yaradılıb. Bütün bunlar dövlətin sahibkarlığın, özəl sektorun inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərin nəticəsidir.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_desteyi_serurlu_sahibkarlara_genis_imkanlar_achib-911197

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR