Xəstəxanada müalicə olunan neftçilər: "Çıxmağa heç cür imkan yox idi" - VİDEO

Xəstəxanada müalicə olunan neftçilər: "Çıxmağa heç cür imkan yox idi" - VİDEO
19:05 14 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+

"Günəşli" platformasının 10-cu dərin özülündə qəza baş verən zaman təhlükəsizlik qaydalarına riayət olunub.

Özüldən təxliyə edilən, hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan neftçi Raman Orucov APA TV-yə açıqlamasında kəskin hava şəraitinin xilasetmə işlərinə mane olduğunu deyib. Onun sözlərinə görə, dənizdə çalışdığı bu illər ərzində ilk dəfə bu cür kəskin hava şəraiti ilə üzləşib:

"Orada olan hadisələrlə bağlı mən birmənalı şəkildə demək istəyirəm ki, təhlükəsizlik qaydalarına tam riayət olunmuşdu. FHN daha tez gəlmişdi, amma yaxınlaşa bilmirdilər. Küləyin sürətinə görə bizə yaxın dura bilmirdilər. Hava şəraiti çox pis idi. İndiyə kimi biz belə bir şey görməmişdik. Elə iqlimlə rastlaşmamışdıq. Bizi onlar çıxarıblar, təşəkkür bildirirəm onlara da. Onlar gəlməsəydilər, biz hələ bir neçə saatda orada qalmalı idik. Çünki çıxmağa heç cür imkan yox idi. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri bizi yuxarı çıxardılar. Əvvəlcə özülə çıxardılar, özüldən isə gəmilərə təxliyə etdilər. Bizi xilas edən insanlara, bir də həkimlərə çox-çox minnətdaram".

Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan digər neftçi Vidadi Sarıyev xilas olunduqdan sonra onları sahilə "Müslüm Maqomayev" gəmisinin gətirdiyini deyib:  

"Bizi sahilə "Müslüm Maqomayev" gəmisi ilə gətirdilər. Amma xilasetmə işlərini Fövqəladə Hallar Nazirliyi həyata keçirib. Çünki gəmilər gəldi, kömək etmək üçün platformaya yan aldılar, amma bizə yaxınlaşa bilmirdilər. FHN-in gəmisi ətrafda idi, amma fırtına yaxınlaşmağa imkan vermirdi. Qayıq da fırtınaya tab gətirə bilmədi, zəncirləri qırıldı. Qayıq gəmilərin yan alma məntəqəsinə çırpıldı və iki yerə bölündü. Uşaqların hamısının əynində xilasetmə jiletləri var idi. Sağ olsunlar, indi axtarışlar davam edir".

Neftçi Rəşid Hüseynov deyir ki, 10-cu dərin özülündə baş verən partlayışın dalğası çox güclü olub:

"Bizə kömək oldu. Bilirsiniz, dərhal istəsələr belə, kömək edə bilməzdilər. Bəzən hər sözü deyirlər. Amma hadisə elə baş verdi ki, dərhal müdaxilə mümkün deyildi. Çünki partlayış çox güclü idi. Qaldığımız evin altında başladı və hər yanı bürüdü. Bəziləri deyirlər ki, orada qalsanız, hamınız sağ qalardınız. Heç kim bilməzdi ki, bu cür külək əsəcək. Xilasedicilər, yəni FHN-in uşaqları sağ olsunlar, kimin zəhməti var, hamısı sağ olsun. Onlar əllərindən gələni elədilər ki, bizi xilas etsinlər".

Müalicəsi davam edən neftçi Bəhruz Babayev bu gün həyatda olduqlarına görə Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinə borclu olduqlarını deyib və xilasetmə prosesində iştirak edən hər kəsə təşəkkürünü bildirib:

"Hər şey qaydasında idi, yəni xilasedicilər əllərindən gələni elədilər. Hava şəraitini nəzərə almaq lazımdır. Böyük fəlakət idi.  Sonra bizim xilasedicilərə, gəminin kapitanlarına, elə öz uşaqlarımıza da təşəkkür edirəm. Çünki təşvişə düşmədilər, əgər təşviş yaransaydı, biz də sulara qərq olardıq. Bizim xilas olunmağımızda kim iştirak edibsə, hamıdan Allah razı olsun! O hava şəraitində heç bir gəminin yaxınlaşması, külək səngiyənədək heç nə etmək mümkün deyildi. "Müslüm Maqomayev" gəmisi də gəlmişdi, digər gəmilər də  orada idi. FHN-in də, BP-nin də gəmiləri vardı. Xəzər Dəniz Gəmiçiliyinin də gəmisi vardı. Ən birincisi "Vixr"  gəmisi gəlmişdi. Çox fırlandı ətrafda, amma küləyin sürəti imkan vermirdi ki,  yaxınlaşsın".

Xatırladaq ki, "Günəşli" platformasının 10-cu dərin özülündən təxliyə olunan neftçilərdən 20 nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicəsini davam etdirir. Durumları tam yaxşılaşacağı təqdirdə onlar gələn həftə evə, ambulator müalicəyə buraxılacaqlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR