İqtisadiyyat xilas ola biləcəkmi?

İqtisadiyyat xilas ola biləcəkmi?
21:23 14 Dekabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

İqtisadçılar iki qrupa bölünmüş vəziyyətdədirlər: bir qrup dünya iqtisadiyyatının birləşdiyini, digər qrup isə əsas ticarət birliklərinin bir-birlərinə əks istiqamətdə hərəkət etdiklərini düşünür. Hansı qrupun haqlı olduğunun məlum olmasına isə yalnız bir neçə həftə qalmış ola bilər.

ABŞ Mərkəzi Bankının sədri Janet Yellenin dekabrın 16-sı 2006-cı ildən bəri ilk dəfə faiz dərəcələrini artırması gözlənilir. Faiz dərəcələrinin 0,25-dən 0,5-ə artırılması Federal Ehtiyat Sisteminin ən ciddi maddi müdaxiləsi kimi görünməsə də, 18 ay əvvəl bunu düşünmək belə bütün dünyada təşvişə səbəb olmuşdu.

The Guardian-da dərc olunmuş "America is pulling one way, China the other: will the global economy sink or swim?" məqaləsində bildirilir ki, həmin dövrdə avrozonanın Yunanıstan böhranına son qoymaq üçün razılıq əldə etməsi mümkün görünmür, Yaponiya çətinliklərlə mübarizə aparır, Çin böhrandan sonra götürdüyü borcların təsirlərini hiss etməyə başlayırdı. ABŞ dolları ilə götürülən borcların faizlərinin artması bu ölkələrin ehtiyacı olan ən son şey idi.

Nikbinlər iddia edirlər ki, bu gün vəziyyət fərqlidir. ABŞ-da artım dövrü daha uzun sürə bilər, Yaponiya "Abenomika" (baş nazir Şinzo Abenin adı verilən dövlət xərcləri, pul siyasəti və biznesdə islahatlar) ilə irəliləyir, Çin isə artıq dirçəlməyə başlayır. Avropa isə 2015-ci ilə, geri baxdıqda möhtəşəm olmasa da, əksər avrozona ölkələrinin yavaş-yavaş özlərini bərpa etmələri ilə möhkəm bir ili geridə qoyduğunu deyə bilər.

Hadisələrin yaxşı axarda cərəyan edəcəyini düşünənlər hesab edirlər ki, ABŞ-da faiz dərəcələrinin artırılması bütün dünyada təmkinlə qarşılanacaq, çünki indi digər ölkələr daha yaxşı vəziyyətdədirlər.

Bu fikirlərin investisiya biznesində yüksək səviyyəli dəstəkçiləri var. Ötən həftə "Wells Fargo Asset Management" fond menecmenti üçün 500 milyard dollar dəyərində səhm və istiqraza sahib olan icraçı direktor 43 dollara düşən neft qiymətlərinin dünya iqtisadiyyatının bərpası nəticəsində 75 dollara qayıdacağını izah edirdi.

Bəs onda ötən həftə Avropa Mərkəzi Bankının avrozona iqtisadiyyatını canlandırmaq cəhdlərinin artırılması qərarı nəticəsində yaranan təlaşı və AMB-nin rəhbəri Mario Draginin sözlərini fəaliyyətində göstərə bilməməsinə bazarlardan gələn reaksiyanı necə izah etmək olar?

Heç şübhəsiz, ABŞ sürətlə irəliləyir, Britaniya da onunla ayaqlaşır. Analitiklər optimistlərin irəli sürdüyü nəzəriyyənin bu aspekti ilə razılaşa bilərlər. Avrozona, Yaponiya, Çin və BRIC ölkələri arasında böhranın zərbə vurduğu Braziliya ilə Rusiyanın vəziyyəti isə sual altında qalır.

Nikbin iddiaların tam əksinə, Çində iqtisadi durğunluq hələ bir müddət də davam edə bilər. Pekinin ÜDM-ini 7 faizə yaxın saxlamaq üçün görə biləcəyi yeganə tədbir valyutasının, yəni yuanın devalvasiyasıdır.

Devalvasiyanın davam etməsi isə Avropa Mərkəzi Bankının strategiyasına zərbə vuracaq. Belə ki, bu strategiya özü də əsas ticarət tərəfdaşlarına qarşı devalvasiyanın uzadılmasına əsaslanır. Hal-hazırda dollar və funt-sterlinqlə nisbətdə avronun dəyəri aşağıdır, ancaq Yaponiya da ötən bir neçə il ərzində yenin dəyərini üçdə birə qədər azaldıb. Təəccüblü deyil ki, Tokionun Yaponiyanın rəqabətə davamsız müəssisələrini yüksək dəyərli valyuta ilə sarsıtmaq niyyəti yoxdur.

Əgər Çin də eyni yoldan gedib yuanın dəyərini aşağı salarsa, iqtisadiyyatı çətin vəziyyətdə olan bir çox Avropa ölkələri - İtaliya, Portuqaliya və Fransa, o cümlədən, Yunanıstan üçün ixracat malları bahalaşacaq, bu da onları mühüm bazarlardan kənarlaşdıracaq.

Belə bir şəraitdə, avrozonanın yeni bir təkana ehtiyacı olacaq və Brüssel tərəfindən əlavə dövlət xərcləri olmadığına görə, Dragi, çox güman ki, gələn ilin əvvəli daha böyük bir çek imzalamalı olacaq. Mərkəzi bankların balans yaradaraq bütün iri iqtisadiyyatların böyüməsini davam etdirməsi mümkündür. Əmək haqları da arta, neft qiymətləri aşağı qala bilər, bu da istehlak xərclərini və biznes etimadını artırar. Ancaq bu ehtimal da olduqca aşağıdır.

Orxan Hun
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/389880.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR