Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bu ailə dünyanı idarə edir?

Bu ailə dünyanı idarə edir?

Date: 15 December 2015 07:27

Milyardlarla dollara bərabər şəxsi sərvət, dünyanın bütün mərkəzi banklarına nəzarət, son 200 il ərzində dünya tarixində baş vermiş əhəmiyyətli hadisələrdə iştirak, bir sıra ölkələri öz əsarəti altına salmaq cəhdləri - bütün bunlar Rotşild ailəsinə isnad edilən nailiyyətlərin yalnız kiçik bir siyahısıdır (bəzən onların sərvətləri Morqan və Rokfeller ailələri, eləcə də Corc Sorosun var-dövlətləri ilə bir tutulur). "Rotşildlər barəsində yalan" adlı kitabın potensial müəllifi şikayətlənərək bildirdi ki, "Yalanı üzə çıxarmaq bir qədər asan idi, lakin praktik olaraq, həqiqəti öyrənmək mümkün deyil". Daha sonra müəllif bu kitabı yazmaqdan imtina etdi.

Rotşildlərlə tanışlıq

Rotşildlər xanədanlığının əsasını 1744-cü ildə Frankfurtda yəhudilər üçün ayrılan kənar məhəllədə anadan olan Mayer Amşel Rotşild qoyub. Rotşild öz fəaliyyəti dövründə müasir bank işi və ümumilikdə biznesdə birlikdə tətbiq olunan prinsipləri istifadə edirdi: aktivlərin diversifikasiyası, vacib məlumatların sürətli mübadiləsi, məxfilik və faydalı iş əmsalı. Onun bank imperiyası transmilli idi: Vyana, London, Paris, Neapol və doğma Frankfurtdakı hissələrini onun övladları idarə edirdilər. Rotşildlərin gerbində göstərilən heraldik heyvanlar öz pəncələrində beş ədəd ox tuturlar - bu oxlar Mayer Amşelin beş oğlunun şərəfinə əks olunur. Gerbdə belə bir şüar yer alır: "Uyğunluq, sədaqət, zəhmətsevərlik".

Rotşildlərin gerbi

Biznesin Rotşild ailəsinin nəzarəti altında qalmağı məxfiliyi lazımi səviyyədə saxlamağa imkan verirdi. Bütün Avropada onlara xidmət edən agentlər, kuryerlər və çalarlar şəbəkəsi qardaşlara hər kəsdən öncə məlumat almağa və ölkələr arasında müxtəlif valyutalarda böyük miqdarda vəsait yatırmağa imkan yaradırdı. "Pulların yüksəlişi" adlı kitabında tarixçi Nayl Fergüson yazır ki, "Rotşild ailəsinin beş nümayəndəsi Avropanın nəbzini tuta bilirdi və kontinental bazarlarda qiymətlər və ya valyuta məzənnələrində ən kiçik uyğunsuzluqlardan mənfəəti hər kəsdən yaxşı çıxarmağı bacarırdı". Fergüson, həmçinin Rotşildlərin evi barəsində iki cildlik kitabın müəllifidir. Rotşildlərin bank şəbəkəsi sayəsində Böyük Britaniya Napoleona qarşı qitədə öz kampaniyasını maliyyələşdirirdi. Fergüsonun yazdıqlarına əsasən, iki ölkə arasındakı müharibə iki maliyyə sistemi arasında qarşıdurmanın rəmzinə çevrildi: Napoleonun ordusu işğal edilmiş ərazilərdən gələn gəlirlərin, Böyük Britaniya ordusu isə qiymətli kağızların buraxılması hesabına mövcud idi.
 

1814-cü ildə Rotşildlər ordunun ehtiyaclarını qarşılamaq üçün külli miqdarda fransız pullarını əldə etməyə müvəffəq oldular, bununla əlaqədar Böyük Britaniyanın hərbi ticarət xidmətinin rəhbəri Con Çarlz Herris bildirdi ki, "Rotşild üzərinə düşən öhdəliyi mükəmməl şəkildə yerinə yetirdi və biz, yəhudi olsa da, onun xidmətlərinə etibar edirik".

Məlumat ötürücüləri sayəsində Mayerin oğlu, Londona yerləşən Natan Rotşild 1815-ci ildə fransızların Vaterloo döyüşündə məğlub olmasına dair məlumatı nazirlər kabinetinə bu barədə rəsmi hesabatın göndərilməsindən iki gün öncə öyrəndi. Döyüşdən öncə Rotşildlər fəal surətdə qızıl yığırdılar və ümid edirdilər ki, Napoleonla ikinci müharibə uzunmüddətli olacaq və müttəfiqlərə yardım edən Böyük Britaniyaya daha çox likvidliklər lazım olacaq.

Sabit məzənnənin azaldığı sülh vəziyyətinə keçid isə, əksinə, ailənin gəlirlərini təhlükə altına salırdı. Nəticədə, Natan Rotşild bütün qızıla Britaniya dövlətinin istiqrazlarını almağa qərar verdi. Onun hesablamalarına görə, bu istiqrazların dəyəri artmalı idi. Bundan sonra o kağızları daha iki il saxladı, londonlu maliyyəçilər isə rəqiblərinin təmkinliyinə həsəd aparmaqla kifayətlənirdilər, belə ki, rəqib bu müddət ərzində yatırdığı məbləğdən cəmi 40% qazandı.

Misli görünməmiş iqtisadi artım, elmi, texnolojı və maliyyə yenilikləri ilə tarixə keçən 19-cu əsr Rotşildlərin əsrinə çevrildi. Nüfuzlu ailənin nümayəndələri saraylar inşa edirdilər, rəssamlara himayəçilik edirdilər, zadəgan titulları alırdılar, müharibə və o dövrün iri sənaye layihələrini maliyyələşdirirdilər.

Rotşildlər hazırda da fəaliyyət göstərən nəhəng mədənçıxarma şirkəti olan "Rio Tinto", "De beers" almaz şirkəti, Fransanın şimal dəmir yollarının əsasını qoyublar (bəzən də əsas sahibkar məhz özləri idi).

Ailə Afrikada Britaniya müstəmləkəsinin yaranması üzrə Sesila Rodsa (daha sonra onun şərəfinə Rodeziya adlandırıldı) müəssisəsini maliyyələşdirirdi və Britaniya imperiyasına Süveyş kanalı layihəsində hissə əldə etməyə yardım etdi. Rotşildlər tərəfindən Paris kreditlərinin hesabına 1883-cü ildə neftverən Bakıdan Batumi portunadək dəmir yolunun salınması həyata keçirildi, bu yol Rusiya nefti üçün Avropa bazarını açdı. Energetika üzrə amerikalı ekspert "Hasilat" adlı kitabında qeyd edir ki, "1882-ci ildə imperator fərmanına əsasən, yəhudilərə torpağı icarəyə götürmək və ya Rusiya imperiyası hüdudunda sahib olmaq qadağan olunurdu. Buna baxmayaraq, Rotşildlər dünyanın ən məşhur yəhudiləri idi və bu fərman onlar üçün heç bir qüvvəyə malik deyildi".

Lakin ailənin mənşəyi tolerant olmayan Avropada 19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərində bəzi məhdudiyyətləri üzə çıxardı. Belə ki, 1904-1905-ci illərdə Rusiya imperiyası ilə müharibədə Yaponiya öz istiqrazlarını Avropa bazarlarında satmağa çalışırdı. Rotşildlər bu kağızları almaqdan imtina etdilər, çünki bu, çar Rusiyasında yaşayan yəhudilərin təqib edilməsi ilə nəticələnə bilərdi. Digər tərəfdən isə müharibə bitən kimi bankirlər Asiya dövlətinin dövlət borcunun əhəmiyyətli qisimini satın aldılar.

Dünya hökmdarları böhran dövründə

Rotşildlər vasitəsilə ötürülən məlumatların bir çoxu məxfi idi və yalnız hökumət və ya fərdi nüfuzlu şəxslərə toxunurdu. Pol Consonun yazdıqlarına əsasən, ailədə rəsmi yazışmaların maksimum dərəcədə məhv edilməsi adət halını almışdı. O zamanlar zəngin olmağa müvəffəq olan bir çox yəhudilərdən fərqli olaraq Rotşildlər xristianlığı qəbul etmədilər və iudaizm dininə sitayiş edirdilər. Yəhudi mənşəyi ilə birlikdə məlumat azlığı onları sui-qəsd nəzəriyyələrinin əsas hədəfinə çevirdi. 1940-cı ildə nasist Almaniyada Yozef Hebbelsin şəxsi razılığı ilə "Rotşildlər" adlı bədii film nümayiş olundu. Bu filmdə hiyləgər Natanın Vaterloo döyüşündə qələbə qazanmaq üçün fransız generalını ələ almağı və bunun hesabına Londonun maliyyə bazarında yanlış məlumat yayaraq varlandığı göstərildi. Tarixçilərin məlumatına əsasən, bankirin əfsanəvi sazişi imzalaması hər kəsin döyüşün gedişatından xəbərdar olmasından sonra baş verdi, İngiltərənin isə erkən qalibiyyəti Natana hər şeydən öncə baş ağrısı gətirdi.

Sui-qəsd nəzəriyyələrinin birinə əsasən, Rotşildlər "13-lər müşavirinə" daxildir, ondan yüksəkdə isə 2-ci Yelizaveta və reptiloidlər durur. Bəzən söylənilir ki, Rotşildlər İran və ya Cənubi Koreya kimi "sərbəst" ölkələr istisna olmaqla dünyanın bütün mərkəzi banklarına nəzarət edirlər. Əfsuslar olsun ki (bəlkə də xoşbəxtlikdən), Rotşildlər üçün bu, həqiqəti bir o qədər də əks etdirmir. Rotşildlərin əzəmətinin yüksəlməsi İkinci dünya müharibəsindən çox daha öncə başladı. İkinci dünya müharibəsi zamanı nasistlər fransalı Rotşildləri ABŞ-a qaçmağa məcbur edərək onların aktivlərini müsadirə etdilər. Baron Gi de Rotşild sonralar öz memuarlarında qeyd edirdi ki, 1931-ci ildə o öz doğma bankına baş çəkərkən oranın cılız bir kontora çevrildiyini gördü. Hitlerin üzərində qələbə qazandıqdan sonra belə, fransız bankını yenidən yüksəltmək səyləri boşa çıxdı. 1981-ci ildə başda prezident Fransua Mitteran olmaqla sol koalisiya kredit təşkilatını milliləşdirdi. Baron Rotşild Parisdən Nyu-Yorka yollanmazdan öncə Le Monde qəzeti üçün növbəti fikirləri yazmışdı: "Petenin (Jan Peten- 1941-1944-cü illərdə Fransanın kollaborasionist hökümətinin rəhbəri) dövründə yəhudi, Mitteranın dövründə isə sürgün. Məndən bu qədər". Milliləşdirilmədən öncə son illərdə bank əsasən itkilər verirdi.

İndiki Rotşildlər

Baronun ailəvi işini oğlu David Rene davam etdirdi, o Paris bankının fəaliyyətini bərpa etməyə və ailənin Britaniyada yaşayan nümayəndələrilə aktivlərinin birləşdirilməsinə müvəffəq oldu - hazırda onlar Rothschild Group adlanırlar. Qrupun tərkibinə daxil olan şirkətlər birləşmə və satınalmalar, kreditlərin restrukturizasiya və cəlb olunması, eyni zamanda şəxsi kapital və ticarət bankinqinin idarə olunması sahəsində konsaltinqlə məşğuldurlar. Rothschild Group rahat ailəvi biznesi olaraq qalır. Gözlənildiyi kimi, yaxın illərdə 72 yaşlı Devid Rene idarəetməni ailənin hesabla yeddinci nəsli - 35 yaşlı oğlu Aleksandra ötürəcək. Böyük Rotşildin sözlərinə əsasən, varislik prosesi asta və məcburiyyətsiz şəkildə həyata keçirilir: Aleksandr həyatda istədiyi işlə məşğul olmaq hüququna sahib idi, lakin o, atasının biznesini davam etdirməyə qərar verdi.

2012-ci ildə verdiyi müsahibədə Nial Fergüson bildirdi ki, "Qrupun Nyu-York və Honkonqdan tutmuş Əbu-Dabi və Moskvayadək desentralizasiya strukturuna malik ofisləri var. Meqabankların dövrü başa çatdıqca qrup üzərinə daha çox diqqəti cəlb edəcək". Rothschild Groupu Pfizerin hissələrini 11.9 milyard dollara satın alan Nestle ilə sövdələşmə zamanı konsultasiya aparırdı. 2015-ci ilin yazında xəbər verildi ki, fransız bankı Rothschild & Cie Ukrayna dövlət istiqrazlarının müxtəlif sahibləri ilə ölkənin borcunu restrukturizasiya etmək üçün iş birliyinə cəhd edirdi. İlkin konsultasiyalar nəticə vermədi. "Ukrayna" və "Rotşildlər" sözlərinin bir cümlədə istifadə olunması Kreml təbliğatçılarına əsl fürsəti verdi. RİA Novosti-nin müəlliflərindən biri elan etdi ki, bu yaxınlarda Ukrayna "Rotşildlər üçün fermaya" çevriləcək. Mətndə amerikalı investisiya şirkəti Franklin Templeton (Ukrayna dövlət borcunun iri sahibi) və Royal Dutch Shell neft şirkətinin Rotşildlərə məxsus olduğu vurğulanır. Devid Renenin uzaq qohumu - İsveçrə vətəndaşı olan 52 yaşlı baron Benjamin de Rotşild atasından Edmond de Rothschield qrupunda idarəetmə və hissələri almışdır. Şirkət aktivlər və fərdi bank xidmətilə məşğuldur. Edmond de Rothschield saytının yaydığı məlumata əsasən, onun idarəetməsi altında fərdi gəliri 87 milyon dollar olan (2013) 158 milyard dollar dəyərində aktivləri var. Baron Benjamin yelkənli idman növünün həvəskarıdır. Öz şirkəti vasitəsilə o bir çox ölkələrdə üzüm bağları və Fransanın xizək kurortu hesab edilən Mejeldə mehmanxanaların sahibi və ya şərikidir.

Nataniel Filip Rotşild

Zadəgan nəslin daha bir nümayəndəsi - 44 yaşlı Nataniel Filip Rotşilddir. İton və Oksford məzunu cavanlıqda bəzi xoşagəlməz hərəkətləri ilə gündəmə gəlsə də, zamanlı ağlını başına topladı və artıq gündəmə iş adamı kimi gəlir. Net Rotşild sərmayəni üzum bağlarından çox, dünyanın bir o qədər də əlverişli hesab edilməyən nöqtələrində neft istehsalatı və mədənçiliyə qoymağı üstün tutur. Tərəfdaşlarla birlikdə o Genel şirkətini təsis etdi, bu şirkət "İslam dövlətinə" yaxın ərazilərdə - İraq Kürdüstanında neft hasil edir. İŞİD-lə müharibəyə başlamazdan öncə şirkətin dəyəri 2014-cü ilin əvvəlində qeydə alınan nəticə ilə müqayisədə beş dəfə aşağı düşmüşdür. Hazırda Genel-in kapitallaşması 880 milyon dollar təşkil edir, beləliklə sözügedən xammala qiymətlərin enməsi və sahibkarlarla uzunmüddətli korporativ münaqişələrin aparılması nəticəsində Rotşild İndoneziyada fəaliyyət göstərən ARMS mədən şirkətindəki hissələri ilə də vidalaşmaq məcburiyyətində qaldı - bir neçə il ərzində bu sərmayə ona yalnız ziyan vurdu.

2005-ci ildə Net Rotşild xarici ticarət üzrə keçmiş avropalı komissar Piter Mandelson və rusiyalı milyarder Oleq Deripasko ilə özlərini sibir hamamında buğa verirdilər. Bu epizod daha sonra məhkəmə istintaqının başlanması ilə nəticələndi, çünki Rotşildin Rusiyaya şəxsi təyyarədə uçduğu tarix Rusiyada fəaliyyət göstərən alüminium zavodlarının amerikalı Alcoa şirkətinə Deripasko tərəfindən satılmasına dair razılaşmaların imzalandığı tarixlə üst-üstə düşdü. Yeddi il sonra Rotşild özünə haqq qazandıraraq bəyan etdi ki, hamamdakı seans hər kəsin fikirləşdiyi məsələ üçün deyil, yalnız səfa çəkmək üçün nəzərdə tutulmuşdu.

Rotşildlərin hər bir nümayəndəsi kapitallarının çoxalmasına heç də can atmırdı: bir çoxları filantropiya, mesenatlıq və tədqiqat fəaliyyətilə məşğul idilər. Məsələn, 37 yaşlı londonlu Devid Mayer de Rotşild ciddi kostyumlardan çox, futbolka və cinsləri tərcih edir, eləcə də qütb ekspedisiyaları, emal olunmuş plastik şüşələrdən hazırlanmış qayıqda Sakit okeanını keçməyi və Yeni Zelandiyada ekosferanın təmin edilməsini bank kontorlarından üstün tutur.

Yaxşı ad

21-ci əsrin Rotşildləri nə dərəcədə zəngindirlər? Forbes-in siyahısında sülalənin yalnız bir nümayəndəsi - isveçrəli Benjamin de Rotşildin adı qeyd olunur, onun sərvətinin siyahıya başçılıq edən Bil Geytsin sərvətindən 46 dəfə az - 1.7 milyard dollara bərabər olduğu bildirilir. Başı bəlalı investor Nataniel Filip Rotşild isə 2013-cü ildə siyahıdan çıxarılıb. Bu soyad altında fəaliyyət göstərən ən məşhur şəxs - Facebook sosial şəbəkəsinin əsas rəhbərlərindən biri olan Cef Rotşildin (onun sərvətinin 1.9 milyard dollara bərabər olduğu bildirilir) isə avropalı sülalə ilə heç bir əlaqəsi yoxdur. Rothschild Group-un əsas şirkəti Rothschild & Co-nun gəlirlərinin 2014/15-ci illərdə 1.4 milyard dollar təşkil etdiyi qeyd olunur. Xalis gəlir - 144 milyon avroya bərabərdir - bu isə dünyanın ən böyük bankı İCBC-ın (Çin) gəlirlərindən 300 dəfə aşağıdır.

"Rotşildlərin imperiyası" hazırda o qədər də pis vəziyyətdə olmasa da, 200 il bundan öncəki dövrlə müqayisədə acınacaqlı vəziyyətdə görünür. Müasir Rotşildlər bankirləri yalnız öz yerlərini tutmağı bacardılar. Xanədanlığın banisinin başdöndürən uğurunun əsas səbəbi onun - o dövrdə digərlərinin edə bilmədiyi - dünyanın ən nüfüzlu şirkətlərinə unikal xidmətlər təklif etməsi idi. Hazırda isə Rotşildlərin fəaliyyət göstərdiyi bazarlarda yetərincə potensial və səriştəli rəqiblər var.

Belə nəticəyə gələ bilərik ki, soyadın hazırki daşıyıcılarının əsas aktivi onların adları və adları ilə bağlı olan biznes şöhrətləridir, eləcə də "biz bazarda həqiqətən 200 ildən artıq fəaliyyət göstəririk" söyləyə bilmələridir. Kiçik kabel şirkəti Volex-in səhmləri Net Rotşildin onun icraçı direktor vəzifəsinə təyin olunduğu və bir neçə rəhbərlərin işdən azad olunduğu gündə 8 % yüksəldi. Hazırda isə kağızların dəyəri aşağı düşüb.

Digər aktiv isə sülalənin 18-ci əsrdə qura bildiyi əlaqələrdir. Məsələn, Rothschild & Co şirkətinin gələcək direktoru Aleksandr Rotşild öz həmyaşıdı - biznes sülaləsinin varisi 39 yaşlı Anyelli Con Elkan ilə dostluq edir. Ola bilsin ki, Fiat avtomobil şirkətinin rəhbəri ilə qolf oynamaq, Deripasko ilə hamamda vaxt keçirmək və ya Peris Hiltonun kiçik bacısı ilə ailə qurmaq baha başa gəlir. Lakin dünyanı idarə etmək üçün bu kifayət deyil.

Orxan Hun
Milli.Az


Tags:  ailə dünyanı idarə edir

RƏYLƏR


Top news