Özbəklər də erməni terrorizminin nə olduğunu biləcəklər

Özbəklər də erməni terrorizminin nə olduğunu biləcəklər
10:27 15 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Özbək tədqiqatçısının erməni terrorizmi haqqında kitabı nəşr olunub.

Bu günlərdə Daşkəndin "Yangi asr avlodi" nəşriyyatında tanınmış özbək yazıçı-publisisti Şöhrət Salamovun (Şöhrət Barlas) "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək" adlı növbəti kitabı rus dilində çapdan çıxıb. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyinin dəstəyi ilə işıq üzü görüb.

Ş.Salamovun bu kitabı beynəlxalq terrorizm və onun müxtəlif təzahürlərinə münasibətdə ikili standartların, geosiyasi maraqlar mövzusuna toxunmaqla beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorizminin genezisinə, onun XIX-XX əsrlərdə türk mənşəli xalqlara, müsəlmanlara qarşı həyata keçirdiyi kütləvi cinayətlərin siyasi, etnik və dini mahiyyətinin açıqlanmasına həsr edilib.

Arxiv sənədlərinə əsasən, 1918-1920-ci illərdə Mərkəzi Asiyadakı türk xalqlarının milli dövlətçiliklərinin bərpası uğrunda apardıqları azadlıq mübarizələrinin qarşısını almaq məqsədilə Qafqazdan xüsusi olaraq göndərilən cəza dəstələrinin - bolşevik-daşnak hərbi birləşmələrinin burada törətdikləri soyqırım aktları nəticəsində təkcə Fərqanə vadisində on minlərlə özbək xüsusi amansızlıqla qətlə yetirilib, işgəncələrə məruz qalıb, kənd və şəhərlər, dini tikililər, tarixi binalar dağıdılıb. Bundan başqa, 1989-cu ildə baş vermiş Fərqanə hadisələrinin istintaq araşdırmaları zamanı Axıska türklərinə qarşı kütləvi terror və etnik təmizləmə siyasətinin həyata keçirilməsində, burada milli zəmində ədavətin salınmasında Ermənistanın və Özbəkistanda fəaliyyət göstərən erməni millətçi təşkilatlarının da izi müəyyən edilib.

Şöhrət Salamov "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək" kitabında ilk dəfə olaraq, dinc əhaliyə qarşı yönəldilmiş həmin kütləvi qırğın aktlarının eyni siyasi-ideoloji mənbədən, etnik türklərə qarşı patoloji nifrətdən qaynaqlandığını sübuta yetirməklə yanaşı, onların lokal xarakter daşımadığını, XX əsrin əvvəllərində Anadoluda və tarixi Azərbaycan ərazilərində törətdiyi qanlı cinayətlərin məntiqi davamı kimi dəyərləndirib, ötən əsrin 80-ci illərinin sonlarında Ermənistanın Azərbaycana qarşı və azərbaycanlılara qarşı yürütdüyü işğalçılıq, etnik təmizləmə və vandalizm siyasəti arasında ssenari eyniliyinin və paralellərin olduğunu göstərib. Bu məqsədlə erməni terrorizmi ilə bağlı Özbəkistanda başladığı tədqiqatları Bakıda, SAM-da uğurla davam etdirib, yerli alim və mütəxəssislərlə görüşüb, arxiv materiallarını öyrənib. Şöhrət Salamovun bu kitabının əsas missiyası özbək oxucularını Azərbaycan həqiqətləri, azərbaycanlıları isə ötən əsrin əvvəllərində qardaş Özbəkistanda baş vermiş olaylarla tanış etməkdir.

Kitabın müxtəlif dillərə tərcümə olunması və yayılması nəzərdə tutulub.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/390329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR