Bakı Ali Neft Məktəbi SAP Universitetlər Alyansının üzvü oldu - FOTO

Bakı Ali Neft Məktəbi SAP Universitetlər Alyansının üzvü oldu - FOTO
10:57 15 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

SAP proqram həlləri Bakı Ali Neft Məktəbində tədris olunacaq.

Bakı Ali Neft Məktəbində (BANM) müəssisələrdə tətbiqi proqramlar üzrə aparıcı şirkətlərdən biri olan SAP və Azərbaycanın neft-qaz sahəsində aparıcı şirkət olan SOCAR-ın strukturunda yaranmış Bakı Ali Neft Məktəbi (BANM) arasında strateji əhəmiyyət daşıyan müqavilə imzalandı.

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, öncə SOCAR-ın "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olan neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirdi ki, bu müqaviləyə əsasən, BANM SAP Universitetlər Alyansının üzvü olur. Bu razılaşma Azərbaycanın neft və qaz sənayesində gənc mütəxəssislərinə dünyanın aparıci neft şirkətlərində işgüzar proseslərin idarə olunmasında müsbət təcrübəni əldə etməkdə yardım edəcək.

Belə ki, SAP-ın tətbiqi proqramları Fortune-500 siyahısına daxil olan bütün neft və qaz şirkətlərində, eləcə də, Azərbaycanın ÜDM-nin 50%-ni təşkil edən SOCAR-da istifadə olunur. "Hal-hazırda dünya rəqəmsal iqtisadiyyat erasına qədəm qoyub və burada uğurlu mütəxəssis dedikdə qabaqcıl texnologiyalar və sənaye proqramları sahəsində geniş biliklərə sahib olan mütəxəssislər nəzərdə tutulacaqdır. Məhz SAP Universitetlər Alyansı çərçivəsində tərəfdaşlığımız bizə bu imkanları verəcəkdir. Qlobal texnologiyalar üzrə təcrübə tələbələrimizə zəruri biliklərin toplanması və bu biliklərin ölkəmizin aparıcı şirkətlərindən biri olan SOCAR-da tətbiq edilməsi imkanını yaradacaq", -deyə BANM-in rektoru Elmar Qasımov vurğuladı.

SAP-ın Mərkəzi və Şərqi Avropa regionu üzrə prezidenti Ştefan Hoxbauer bildirdi ki, "Dünyanın neft və qaz sənayesi üçün ən müsbət təcrübəyə çevrilən SAP tətbiqi proqramları Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatında istifadə olunur və SOCAR, Nobel Oil, Bos-shelf və başqa aparıcı şirkətlərə səmərəliliyin artması və dünyada təhlükəsizlik və davamlılıqla bağlı standartlara uyğun işgüzarlığın inkişafina yardım göstərir. SAP və aparıcı sənaye ali məktəbi olan BANM arasında əməkdaşlıq ölkə sənayesinin yüksək keyfiyyətli mütəxəssislərlə təmin edilməsi kimi önəmli məqsədə nail olmaq üçün imkan yaradacaq".

BANM-in professor-müəllim heyəti və tələbələri Ali Məktəbin tədris prosesi üçün nəzərdə tutulmuş SAP Tədris Mərkəzinin Akademik Nəşrlərinə əsaslanan geniş kitabxana və tədris resurslarından istifadə imkanlarını qazanacaq, qabaqcıl beynəlxalq təcrübələrə əsaslanan müasir tətbiqi proqramların işgüzar prosesin idarə edilməsində istifadə imkanlarını öyrənəcək və SAP texnologiyaları əsasında ən yeni layihələrini həyata keçirə biləcəklər.

Tələbələr, həmçinin əlavə kurslarda iştirak edərək onlara SOCAR və ya Azərbaycanda fəaliyyət göstərən başqa şirkətlərdə çalışmaq imkanı yaradan beynəlxalq sertifikatları almaq imkanı qazanacaqlar.
Uğurlu və geniş iqtisadi dəyişiklikləri və aparıcı sənaye yeniləşməsi proqramlarını həyata keçirən bir ölkə üçün yüksək innovativ texnologiyalara əsaslanaraq biznesin genişləndirilməsi strateji hədəf olmalıdır. Ona görə də yüksək ixtisaslı mütəxəssislərin təhsili hər zaman diqqətdə saxlanılır.

BANM sənayeni və müəssisələri yüksək ixtisaslı mütəxəssislərlə təmin edəcək, bazarın tələblərinə uyğun mütəxəssis təlimi prosesini planlaşdıran və yüksək dərəcəli neft və qaz sənayesi yönümlü mütəxəssislərin əsas təhsil və təlim mərkəzinə çevrilir. BANM və SAP Universitetlər Alyansı arasında əməkdaşlıq auditoriya və onlayn mühazirələr və master-klasların keçirilməsi, SAP mütəxəssisləri tərəfindən prezentasiyaların təşkili və şirkət tərəfindən yaradılan platforma və texnologiyalara girişi nəzərdə tutur.

Tələbələr təlim və müsabiqələr zamanı öz biliklərini göstərə biləcəklər, həmçinin tələbələr üçün sahibkarlıq üzrə proqramlar, elmi seminarlar və simpoziumların təşkili nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, 20 ildən artıq müddətdir fəaliyyət göstərən SAP Universitetlər Alyansına dünyanın 90 ölkəsinin 2300 universiteti daxildir. SAP-ın vəzifə və öhdəliklərinə aparıcı istiqamətlərdə faktiki tətbiqetmə modeli olan SAP tətbiqi proqramları üzrə biliyin yayılması vasitəsi ilə müasir iqtisadiyyat üçün mütəxəssislərin hazırlanması prosesində dəstək olmaqdır.

Artıq 7 ölkədə (Azərbaycan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarus və Rusiya) 82 universitet Universitetlər Alyansına üzvdür. Bu gün MDB ölkələrində 200-dən artıq müəllim və 250000-dən artıq tələbə açıq mühazirələr, konfranslar və müsabiqə şəklində təlim-tədris prosesində SAP proqramlarından istifadə edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR