Azərbaycanın dövlət sərhədini pozduqlarına görə 40 nəfər saxlanılıb

Azərbaycanın dövlət sərhədini pozduqlarına görə 40 nəfər saxlanılıb
11:53 15 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2015-ci ilin noyabrında dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ay ərzində dövlət sərhədini pozduqları üçün 35 halda 40 nəfər saxlanılıb. Onların 23 nəfəri Azərbaycan Respublikası, 3 nəfəri Qana, hər ölkədən 2 nəfər olmaqla İran İslam Respublikası, Nigeriya, Tacikistan, Banqladeş, Pakistan, Liberiya, hər ölkədən bir nəfər olmaqla Qazaxıstan və İraq vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 6 halda 17 nəfər, Xəzər dənizində 29 halda 50 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 388 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 9 halda 2 kiloqram 445 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Noyabrın 12-də “Astara” sərhəd nəzarət məntəqəsində İran İslam Respublikasından Azərbaycana keçərkən Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Emil Hidayət oğlu Məmmədovun idarə etdiyi “Mercedes-Benz” markalı AZ 90-GD-883 dövlət qeydiyyat nömrəli avtomobilinin salonunda 2 kiloqram 200 qram heroin aşkarlanaraq götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə nəticəsində 52 halda ümumi dəyəri təqribən 383 min manat olan qaçaqmal, o cümlədən 3 tapança, 2 tüfəng, 78 patron, 1 pnevmatik tapança, 6920 pirotexniki vasitə, 10 min 507 qutu siqaret, 61 min 400 ABŞ valyutası, 18 min 540 Azərbaycan manatı, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_dovlet_serhedini_pozduqlarina_gore_40_nefer_saxlanilib-911292

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR