Dəm qazı psixikanı da pozur - ARAŞDIRMA

Dəm qazı psixikanı da pozur - ARAŞDIRMA
12:17 15 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Ötən illərdə olduğu kimi, bu il də havalar soyumağa başlayan kimi dəm qazından zəhərlənmə hadisələri də artmağa başladı. Hətta bu zəhərlənmə səbəbindən neçə-neçə insan da dünyasını dəyişib.

Mövzunun aktuallığını nəzərə alaraq "Report" dəm qazından zəhərlənmə ilə bağlı bir neçə məqamı oxucuların diqqətini çatdırır.

Daxili İşlər Nazirliyinin yaydığı statistikaya əsasən, ötən iki ayda (oktyabr-noyabr) 15 nəfər dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin yaydığı son hesabata görə isə bu ilin doqquz ayında dəm qazı və digər toksiki qazlarla zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 249 xəstə daxil olub.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov "Report"a açıqlamasında havaların soyuması ilə bağlı dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edənlərin sayında artım olduğunu təsdiqləyib: "Yay fəslində, demək olar ki, dəm qazından zəhərlənmə halları ilə rastlaşmırıq".

Şöbə müdiri eyni zamanda, bu ilin son iki ayında dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə 26 xəstənin daxil olduğunu qeyd edib: "Xəstələr arasında qadınlar çoxluq təşkil edir. Onu da deyim ki, qeyd etdiyim müddət ərzində şöbəyə yerləşdirilən xəstələrdə elə də ciddi ağırlaşmalar qeydə alınmayıb".

A.Maqsudovun sözlərinə görə, dəm qazı ilə zəhərlənmənin yüngül dərəcədə əlamətləri küt başağrısı, başgicəllənmə, gicgah nahiyəsində döyüntü hissiyyatı, təngnəfəslik, quru öskürək, gözdən yaş axma və müvazinətin itməsi, sinə və boğaz nahiyəsində ağrı, öyümə, qusma, görmə və eşitmə hallusinasiyaları, dəri və selikli qişaların hiperemiyası (qızarması), ürək döyüntüsü, qan təzyiqinin artmasıdır: "Orta ağır dərəcədə olanda yuxululuq, hərəkətin məhdudlaşması, ağır dərəcə olanda isə huşun itməsi, qıcolmalar, psixomotor oyanmalar, tənəffüs və ürək sistemlərinin fəaliyyətinin dayanması nəticəsində ölüm olur".

A.Maqsudov dəm qazından zəhərlənən şəxsə ilk tibbi yardımın necə göstərilməli olduğu barədə də danışıb: "Təcili olaraq zərərçəkmişə oksigenin verilməsini təmin etmək, onu mütləq şəkildə təmiz havaya çıxarmaq lazımdır. Əgər zərərçəkmiş özündə deyilsə, təcili yardım gələnə kimi ağız boşluğunu selikdən təmizlədikdən sonra süni tənəffüs vermək lazımdır ki, huşu özünə gəlsin. Daha sonra otağı yoxlamaq, qapı və pəncərələri açmaq, qızdırıcı cihazı söndürərək otağı tərk etmək lazımdır. Xəstənin səhhəti ağır olduğu təqdirdə isə təcili tibbi yardım çağıraraq onu dərhal xəstəxanaya çatdırmaq mütləqdir".

Psixoloq Elnur Rüstəmov "Report"a açıqlamasında deyib ki, dəm qazından zəhərlənən insanlarda hadisədən sonrakı dövrdə post-travmatik stress qeydə alınır: "Bu da adətən hadisədən bir həftə, yaxud da bir və ya iki ay sonra başlayır. Bu o deməkdir ki, insanlarda narahatlıq hissi yaranmağa başlanır. Onlar düşünürlər ki, bu hadisə evdəkilərdən kiminsə başına gələ bilər. Yaxud da evdən çıxdıqdan sonra fikirləri ancaq evdə qalır. Yəni, insanlarda psixoloji narahatlıq müşahidə olunur. Eyni zamanda, gələcəkdə həmin şəxslərin həyatlarını sığortalamaq istəyi ifrat dərəcədə ola bilər. Ona görə də həmin şəxslərə mütləq psixoloji yardım lazımdır. Çünki aldıqları travma həm özlərinə, həm də yaxınlarına mənfi təsir etmiş olacaq. Hətta zaman keçdikcə insanda təşviş və həyəcan hissi yarana bilər".

E.Rüstəmov onu da əlavə edib ki, qadınlar adətən stress yaşamağa daha çox meylli olurlar: "Çünki onlar ilk növbədə ana və həyat yoldaşıdır. Digər tərəfdən, evdar qadınların sayı çoxluq təşkil etdiyindən, onların məişət zəminində keçirdiyi stresslər çoxdur".

Kimyəvi adı karbon-monoksid (CO) olan dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan qazdır. Dəm qazı natamam yanma məhsulu olub güclü zəhərləyici xassəyə malikdir.

Havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar yarandıqda, insanlar bu qazla nəfəs almaq məcburiyyətində qalırlar. Bu da nəticə etibarı ilə dəm qazından zəhərlənmələrə səbəb olur. Dəm qazı ilə zəhərlənmə daha çox rast gəlinən zəhərlənmələr siyahısında (alkoqoldan, dərman preparatları və narkotik maddələrlə zəhərlənmədən sonra) dördüncü yeri tutur. Bu cür zəhərlənmə halları baş verdikdə və vaxtında lazımi tibbi köməklik göstərilmədikdə sonluq arzuolunmaz hadisələrlə nəticələnə bilər.

Dəm qazı orqanizmə əsasən nəfəsalma zamanı ağciyərlər vasitəsilə daxil olur. Orqanizmə daxil olan dəm qazı hemoqlobinlə birləşərək karboksihemoqlobin əmələ gətirir. İnsanlar yüksək konsentrasiyalı dəm qazı olan mühitdə çox qaldıqda zəhərlənmə daha güclü, ölüm isə bir o qədər sürətli olur.

Dəm qazı ilə zəhərlənmənin səbəbləri sırasında suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması (duş qəbul edən şəxsi nəzarətdə saxlamaq və tez-tez maraqlanmaq vacib şərtdir), soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulması, standarta uyğun olmayan və kustar yolla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsi, sobanın qapağının vaxtında bağlanmaması, tüstü çıxarıcı boruların və tüstü bacasının yaxşı işləməməsi, sobanın və tüstü çəkən bacanın nasaz vəziyyətdə olması, sobada və borularda çatların və nasazlıqların olması, qapalı yerlərdə, xüsusilə otaqlarda və mənzillərdə hava mübadiləsinin pis olmasıdır.

Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün soba boruları və bacalar mütəmadi olaraq yoxlanılmalı, qaz cihazları və istilik sistemlərinin sazlığına daim ciddi nəzarət edilməlidir. Sobaların tüstü borularının bayıra çıxışı olmalı, otağın havası tez-tez dəyişdirilməli və bacalar il ərzində ən azı bir dəfə təmizlənməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390365.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR