​Nazir: "Azərbaycanın tranzit potensialından tam istifadə edilmir"

​Nazir: "Azərbaycanın tranzit potensialından tam istifadə edilmir"
12:22 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan tranzit və yükdaşımalar sahəsində böyük potensiala malik olsa da, hazırda bu imkandan tam istifadə edilmir. “Report” xəbər verir ki, bunu iqtisadiyyat və sənaye naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
Ş.Mustafayev qeyd edib ki, Çin-Mərkəzi Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan və Qara dənizi əhatə edən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin bir çox üstünlüklərinə baxmayaraq, son dövrlərdə dəhliz vasitəsilə yükdaşımaların həcmində azalma müşahidə olunur: “Dəhlizin Azərbaycan hissəsində 2010-2014-cü illər ərzində dəmir yolu vasitəsilə tranzit yük daşımalarının illik həcmi 45% azalaraq 8,3 mln. tondan 4,5 mln. tona enib. Bu, dəhlizin üzv ölkələri arasında yükdaşımalar üzrə koordinasiyanın zəifliyi, tranzit yük daşınması prosedurlarının təkmil və yükdaşıma tariflərinin rəqabətqabiliyyətli olmaması ilə bağlıdır”.
Nazirin sözlərinə əsasən, sözügedən dəhliz məsafə baxımından Çinlə Avropa arasında ən qısa marşrut olduğundan, tranzit və yükdaşıma üçün daha səmərəlidir: “Belə ki, 4 200 km uzunluğunda olan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin mümkün tranzit müddəti 14 gündən azdır. Asiya və Avropa arasında ticarət əlaqələrinin genişlənməsi Azərbaycandan keçən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafına böyük imkanlar yaradır. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra isə dəhliz quru xətlə birbaşa Avropaya çıxış imkanı qazanacaq”.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/nazir-azerbaycan-tranzit-potensialindan-tam-istifade-edilmir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR