Azərbaycandan yeni güzəşt

Azərbaycandan yeni güzəşt
12:36 15 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

Tranzit dəhlizlərinə əlavə yüklərin cəlb edilməsinin stimullaşdırılması məqsədilə xidmət subyektlərinin müraciəti əsasında yüklərin tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri üzrə güzəştlərin 30 faizdən artıq müəyyən edilməsi məsələsinə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən baxıla bilər.

ANS PRESS-in məlumatına görə bunu İqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və ölkənin dəniz terminallarının təklifləri nəzərə alınmaqla neft və neft məhsullarının Azərbaycan Respublikası ərazisindən ayrı-ayrı istiqamətlər üzrə dəmir yolları vasitəsilə tranzit daşınması və dəniz terminallarının bu sahədə göstərdiyi yükaşırma xidmətlərinin tariflərinin yuxarı həddi təsdiq edilmişdir. Bununla belə, aidiyyəti xidməti göstərən subyektlər tərəfindən tariflərə 30 faizədək güzəştlər tətbiq edilə bilər.

Nazir qeyd edib ki, Koordinasiya Şurasının qərarına əsasən, neft və neft məhsullarının tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri üzrə nəqliyyat-ekspedisiya xərcləri təsdiq olunmuş tariflərin üzərinə 2 faizədək əlavənin edilməsi yolu ilə hesablanır. Müqavilə qiymətinin dəyəri ümumilikdə təsdiq edilmiş tariflərdən və nəqliyyat-ekspedisiya xərclərindən çox olmamalıdır.


Şahin Mustafayev-İqtisadiyyat və sənaye naziri

Bundan əvvəl isə Azərbaycandan Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına istiqamətlənmiş iritonnajlı yük avtonəqliyyat vasitələri üçün tranzit gediş-gəliş xərcləri təqribən 40 faiz aşağı salınıb. Eyni zamanda, Bakı-Aktau-Bakı istiqamətləri üzrə dəniz yolu ilə daşıma tarifləri də 20 faizədək aşağı salınmış və hər iki istiqamət üzrə birlikdə 2100 ABŞ dolları həcmində müəyyənləşdirilmişdir. Bununla da, hər bir iritonnajlı yük avtonəqliyyat vasitəsi üçün hər gediş-gəliş tranzit xərcləri hər iki istiqamət üzrə birlikdə təxminən 2600 ABŞ dolları təşkil edir.

Görülmüş işlər və nəzərdə tutulan tədbirlər Azərbaycanın tranzit cəlbediciliyini və tranzit yükdaşımalarından gəlirlərini artıracaq, bu sahədə şəffaflıq təmin ediləcəkdir.



Şahin Mustafayev əlavə edib ki, hazırda Koordinasiya Şurasında təmsil olunan qurumlarla görüşlər keçirilir, bu sahədə fəaliyyət göstərən nəqliyyat-ekspedisiya şirkətləri və digər biznes strukturları ilə müzakirələr aparılır. Bundan başqa, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin mövcud vəziyyəti və problemləri öyrənilir, bu dəhlizlərin potensialının artırılması, rəqabət qabiliyyətinin yüksəldilməsi imkanları araşdırılır.

Koordinasiya Şurasının elektron portalının yaradılması istiqamətində də müvafiq işlər görülür. Portal ölkənin dəmir yolları, dəniz nəqliyyatı, limanları və terminalları vasitəsilə tranzit yükdaşımalar ilə bağlı vahid tarifləri, sərhədkeçmə prosedurlarını, yükdaşımalar üzrə daşıma qaydalarını, dövlət sərhədindən keçmə zamanı inzibati prosedurlara dair elektron müraciətlərin qəbulu və yüklərin daşınması sahəsində müqavilələrin elektron üsullarla bağlanması imkanlarını, habelə yüklərin izlənməsi və daşınma prosesləri ilə əlaqədar digər məsələləri əks etdirəcək.

Bununla yanaşı, görülən işlərin beynəlxalq səviyyədə təşviqi üçün müvafiq tədbirlər zamanı dəhlizin üstünlükləri və tətbiq olunan yeniliklər barədə məlumatlandırma işləri həyata keçirilir.

Azərbaycanın tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılmışdır. Bu fərmanla Koordinasiya Şurasının tərkibi və əsasnaməsi təsdiq edilib.

Koordinasiya Şurası qarşısında qoyulmuş vəzifələrin icrası üçün daşımaların vahid prinsip və şərtlərinin müəyyən olunması, tariflərin optimallaşdırılması, daşıyıcılar ilə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, şəffaflığın təmin olunması, tranzit prosedurlarının asanlaşdırılması və təkmilləşdirilməsi, daşınma prosedurlarının sayının və müddətinin azaldılması, tranzit yükdaşımalar sahəsində tam əlverişli sistemin tətbiqi, koordinasiya işlərinin gücləndirilməsi, xüsusilə yüklərin daşındığı ölkələr və aidiyyəti qurumlar arasında əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367310

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR