Dünya və Avropa çempionumuz: "Mən kimisə özümə heç vaxt düşmən bilməmişəm" - FOTO

Dünya və Avropa çempionumuz: "Mən kimisə özümə heç vaxt düşmən bilməmişəm" - FOTO
13:47 15 Dekabr 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az pauerliftinq üzrə Dünya və Avropa çempionu Bayram Əliyevin e-news.az-a müsahibəsini təqdim edir.

- Bayram Əliyev, pauerliftinq və gömrük. İdmandan gömrüyə keçid və yaxud da bərabər hər iki işi, peşəni davam etmək çətin deyil ki? Bizə sizi daha yaxından tanıyaq deyə, bir az məlumat verin.

- Əliyev Bayram, 1985-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayon Vayxır kəndində doğulmuşam. Orta məkbəti orada bitirmişəm. 2002-ci ildə Azərbaycan Kooperasiya Universiteti Gömrük işinin təşkili və idarə edilməsi fakültəsinə qəbul olmuşam. Məhz idmana da həmin illərdə başlamışam. Və hal-hazırda da öz ixtisasım üzrə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində çalışıram. Bu arada Gömrük Komitəsinə və Bakı Baş Gömrük İdarəsinin rəhbərliyinə mənə hər zaman dəstək olduqları üçün öz təşəkkürümü bildirirəm.

- Ümumiyyətlə, necə təqdim olunmağı sevirsən? İdmançı kimi, yoxsa gömrük əməkdaşı kimi?

- Təbii ki, öz işimi də sevirəm, amma idmançı olaraq təqdim olunmaq daha düzgün olar. Çünki idmançı olduğuma görə tanınıram. Və bunda Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevin də əməyi böyükdür. Ələddin müəllim biz idmançılara bir dost, bir qardaş kimi yanışır. Və onun da pauerliftinqin inkişafında əməyi danılmazdır. Bura federasiyanın baş məşqçisi Şəmsi Bayramovu da əlavə etmək istərdim. Çox böyük əziyyətləri var. Çox şükür ki, əvvəlki illərə nisbətən pauerliftinq idman növü tanınır və tanınmaqda davam edir.

- Dünya və Avropa çempionunun müəllimi kimdir?

- Həm dostum, həm də müəllimim Dünya və Avropa çempionu İbrahim İbrahimovdur. Amma mənim üzərimdə Namiq Cəfərovun da əməyi böyükdür.

- İndiyə qədər idmanda ağır yüklərin öhdəsindən gəlmisiniz. Bəs olub ki, həyatda qaldıra bilmədiyiniz ağırlığın acısını hələ də çiyinlərinizdə daşıyırsınız?

- Həyatda bəzən elə hadisələr zamansız baş verir ki, həmin anda düzgün bildiyin, zaman keçdikcə səhv etmişəm cavabına çevrilir. Olur da, həyatdır ( gülür).

- Deyirlər, zirvəyə gedən yol elə də rahat olmur. Bəs sizdə necə? Rahat, yoxsa enişli-yoxuşlu olub?

- Deyə bilərəm ki, həyatda asan bir şey yoxdur. İstədiyin zirvəyə çatmaq üçün mütləq ki, çətinliklərlə üzləşməlisən. Bəli, mən də enişli-yoxuşlu yollardan keçmişəm.

- Bilirik ki, qeyri-idman növlərində qalib olan idmançılarımıza maddi cəhətdən az köməklik göstərilir. Bu, idmançıları bir növ ruhdan salmır ki?

- Ruhdan salır deməzdim əslində, çünki ruhdan düşsəydik, bir çox yarışların qalibi olmazdıq. Sadəcə maddi dəstək hər zaman lazımdır ki, sən də istədiyin bir yerə çata biləsən.

- Ümumiyyətlə, həyatda sizin üçün pulun önəmi nə qədərdir?

- Çox şeydir, amma hər şey deyil. Pul sənin təminatındır, amma həyat gülüşün deyil. Mənim subyektiv fikrimdir. Çünki bəzi insanlar pulla gülür, pulla ağlayırlar. (gülür)

- Adətən uğurların çox olması insana dostdan çox, düşmən qazandırır. Həyatda düşməniniz çoxdur, ya dostunuz?

- Mən kimisə özümə heç vaxt düşmən bilməmişəm. Əgər kimsə məni özünə düşmən bilirsə, bax ona bir söz deyə bilmərəm. Allah köməkləri olsun. (gülür) Yaxşı, dəyərli dostlarım var.

- Qalib gəlmək üçün ağılla düşünüb hərəkət etmək lazımdır, yoxsa necə olursa-olsun qalib gəlmək?

- Əslində hər işdə ağılla hərəkət eləmək lazımdır. Amma idmanda ağılla bərabər, güç daha önəmlidir. Güçün olmayandan sonra ağılla ştanq qaldırmaq bir az gülməli səslənir. (gülür)

- Bayram həyatda, yoxsa idmanda məğlub olmaqdan qorxur?

- Əlbəttə ki, həyatda. İdman elədir ki, məğlub oldunsa, öz üzərində çalışıb məğlubiyyətini növbəti yarışlarda bərpa edə bilərsən. Amma həyat, təəssüf ki, gec qalmağı, məğlubiyyəti bərpa etmir.

- Bəs qorxduğunuz zamanlar olub?

- Mən həyatda heç kimdən, heç nədən qorxmuram. (gülür) Əgər o iş mənim başıma gəlibsə, demək ki, nə vaxtsa etdiyim səhvin qarşılığıdır. Amma həyatda uduzmağı, məğlub olmağı heç kimə arzulamıram.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/390396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR