İraqın ilk aktrisası: "Bakını dörd yaşımda tərk etsəm də..." - fotolar

İraqın ilk aktrisası: "Bakını dörd yaşımda tərk etsəm də..." - fotolar
14:31 15 Dekabr 2015
45 Şou
Ölkə mətbuatı
A- A+

Əməl Sinan 1966-cı ildə Bakıda, o vaxt Azərbaycanda çoxlarının tanıdığı kərküklü diktor Sinan Səidin ailəsində dünyaya göz açıb.

İraqın həm ilk qadın manekeni, həm də ilk televiziya, kino aktrisası olan Əməl Sinan ötən əsrin səksəninci illərinin məşhur "Nadiya" teleserialında baş rolu məharətlə oynayaraq ən yaxşı aktrisa mükafatını alıb. Sonralar İraqda çox sevilən "Altı böl altı" (6/6) kinokomediyasında baş rola çəkilib. Bir neçə teatr tamaşasında da rol alan aktrisa atasının vəfatından sonra İraqı tərk edib.

Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin ərəb dilində verilişlər şöbəsində 12 il çalışan Sinan Səid o zaman mərhum müğənnimiz Nərminə Məmmədova ilə ifa etdiyi bir neçə gözəl duetlə musiqisevərlərin yaddaşına həkk olub. "Evlərinin önü yonca", “Ninne yarım”, “Altun üzük”, “Axşam olur", "Sevdi yar" adlı kərkük mahnılarından ibarət bu duetlər Azərbaycan dinləyiciləri üçün tamamilə yeni ifa tərzi idi.

Sinan Səid Bakını tərk edəndə Əməlin dörd yaşı vardı. Ərəb, ingilis, rus, türk dillərini yaxşı bilən Əməl Sinan Azərbaycan dilini də unutmayıb.

Axşam.az-ın məlumatına görə, o, AZƏRTAC-a eksklüziv müsahibəsində Bakını xatırlayıb:

- Bakını dörd yaşımda tərk etsəm də, hər il yay tətilində bura gələrdim. Azərbaycanla bağlı çoxlu uşaqlıq xatirələrim var. Bakı yaddaşımda sakit, maraqlı şəhər kimi qalıb. Üzməyi Xəzər dənizində öyrənmişəm. Rəhmətlik nənəmgilin yaşadığı binanın həyətindəki karusel, əyləncə yeri də yaxşı yadımdadır. Xırdavat, ərzaq satanların uca səslə qışqırıb məhəllə sakinlərini başına yığması, yerdə əyləşib qovurulmuş isti günəbaxan tumu satan qadınlar xatirələrimi canlandırır. Bulvarı, çox xoşladığım gilaslı kokteyl satılan köşkləri necə unutmaq olar? Uşaqlar üçün sirk meydançasında göstərilən tamaşalar, klounlar yaddaşıma əbədi hopub.

Bakıya hər il yayda etdiyimiz bu səfərlər 1981-ci ildə İraq – İran müharibəsinin başlanması səbəbindən dayandı. Bu qadağa 1987-ci ilədək davam etdi. Yalnız həmin ilin yayında iraqlılarla ailə qurmuş əcnəbi xanımlara öz uşaqları ilə xaricə səfər etməyə icazə verildi. Yeddi illik fasilədən sonra Bakıya yenidən gəldim. Burada çox şeyin dəyişdiyini gördüm. İnsanların həyat tərzi də dəyişilmişdi. Kokteyl satılan köşklər daha işləmirdi. Hətta doğulduğum ev, onun forması da dəyişmişdi. O vaxtdan bəri Bakıya gəlməmişəm. Lakin orada baş verən inkişafdan, yeni tikintilərdən, dəyişikliklərdən xəbərdaram. Bu, digər ölkələrdə, müasir dünyamızda gedən prosesdir. İndi şəhərlər bir-birinə bənzəməyə başlayıb, onları memarlıq baxımından bir-birindən fərqləndirən cəhətlər demək olar ki, yoxdur. Bu dəyişikliklər bəzilərini sevindirsə də, əslində məni darıxdırır, hətta kədərləndirir. Bakı öz ruhu, insanları və sadəliyi ilə mənim üçün uşaqlıq illərimin gözəl xatirələri deməkdir.

Bakını tərk etsək də, bu şəhərlə əlaqələrimiz heç vaxt kəsilməyib. Valideynlərimin orada təhsil aldıqları və işlədikləri illərdə qazandıqları çoxsaylı tanışlar bizi Bakı ilə tez-tez əlaqə saxlamağa vadar edib.

- Bakıda ən çox kimlərlə görüşərdiniz?

- Abbas Zamanovu yaxşı xatirlayıram. Bakıya hər dəfə gələndə ona baş çəkərdik. Bizi mürəbbəli çaya, şokolada qonaq edərdi və buna çox sevinərdim. Qara kürünü çox sevdiyimi bildiyinə görə hər dəfə Bakıya gələndə mənə bir qutu qara kürü bağışlayardı. Bəxtiyar Vahabzadənin, Fikrət Əmirovun yaşadıqları evə tez-tez gedərdik. Hətta Fikrət Əmirov Bağdadda bizim evdə qonaq olanda mənə əsərlərinin notlarını hədiyyə etmişdi. Onları indiyədək qoruyub saxlayıram. Tələbələrimə dərs keçərkən onlardan istifadə edirəm və bu əsərlərin müəllifinin azərbaycanlı olduğunu deməyi özümə borc bilirəm. Bir dəfə Bağdadda olarkən Fikrət Əmirov təzə pul kisəsi aldı. Anama dedi ki, köhnəsini atsın. Amma anam onu atmadı və yadigar olaraq saxladı. Onun imzasını daşıyan bu pul kisəsini nə vaxtsa Bakıda Fikrət Əmirovun xatirə muzeyinə təqdim edə bilsək anam da mən də özümüzü xoşbəxt sanarıq.

- Atanız kərküklü, ananız isə əslən azərbaycanlıdır. Onların tanışlığı necə olub?

- Anam Raidə Bağırova Bakıda universitetdə ərəb dilini öyrənsə də, Azərbaycan radiosunun fars dili şöbəsində diktor işləyib. Atam da eyni radioda, ərəb dili şöbəsində tərcüməçi və diktor kimi çalışıb. Hər iki şöbə səsyazma studiyasından növbə ilə istifadə edirmiş. Anam elə bilirmiş ki, Sinan Səid iraqlı ərəbdir. Onlar ilk dəfə ingilis dilində danışarkən yaxınlıqdan keçən radio işçilərindən biri atamla Azərbaycan dilində salamlaşır, atam da ona bu dildə cavab verir. Anam bu “ərəb”in Azərbaycan dilini mükəmməl bildiyinə təəccüblənir. Bu tanışlıqdan sonra valideynlərimin fikirləri ciddiləşir və sonda ömür boyu davam edən evliliklə bitir.

- Azərbaycan, İraq, Türkiyə, indi də Almaniya... Bu uzun yolçuluğun səbəbi nədədir?

- Alın yazısı.

- Siz aktrisa və pianoçu kimi yaxın, uzaq məmləkətlərdə tanınırsınız. Doğma Bakıda konsert vermək, yaxud filmə çəkilmək istərdinizmi?

- Mən yalnız İraqda aktrisa kimi tanınıram. Həmçinin piano ifaçısı deyiləm, piano ifaçılığından dərs deyirəm. Yəni tədrislə kifayətlənirəm. Azərbaycanda hər hansı filmə çəkilməklə bağlı suala gəlincə, deyə bilərəm ki, bu barədə fikirləşməmişəm.

- Gələcək planlarınız?

- Nə qədər ki, sağam, planlarım bitməz-tükənməzdir. Lakin əslinə qalanda alın yazısı qarşısında planların heç bir əhəmiyyəti yoxdur.








Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42531

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR