Elmin İnkişafı Fondu elmi-tədqiqat proqramları üzrə əsas qrant müsabiqəsi elan edib

Elmin İnkişafı Fondu elmi-tədqiqat proqramları üzrə əsas qrant müsabiqəsi elan edib
15:13 15 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC 
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2015-ci il üçün kompleks elmi-tədqiqat proqramları üzrə əsas qrant müsabiqəsi elan edib.
Elmin İnkişafı Fondundan AZƏRTAC-a bildiriblər ki, müsabiqə akademik və təhsil sistemindəki elmi-tədqiqat müəssisələrinin, bölmə və mərkəzlərinin və elmlə əlaqəli digər qurumların elmi fəaliyyətini stimullaşdırmaq, modern elmi cihaz, avadanlıq və qurğularla təminatını təkmilləşdirmək, elmin ayrıca götürülmüş sahə və istiqamətlərinin (xüsusi olaraq, multidissiplinar araşdırmaların) davamlı inkişafını dəstəkləmək, əhəmiyyətli və rəqabət apara biləcək elmi nəticələr alınmasına şərait yaratmaq və kadr hazırlığını təmin etmək məqsədi daşıyır. Qurumlar tərəfindən təqdim ediləcək kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin böyük maliyyə həcmli qrantlar (100 min - 500 min manat) verilməsi yolu ilə maliyyələşdirilməsi nəzərdə tutulur. Layihələrdə alimlər üçün stimullaşdırıcı əmək haqqı, cihaz, qurğu və avadanlıqların alınması və elmi ezamiyyətlər nəzərdə tutulur.
Müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin cəmi həcmi 8 milyon manatdır.
Elmi ekspertizanın nəticələri əsasında seçim zamanı multidissiplinar tədqiqatlar üzrə təqdim olunmuş, tətbiqi xarakterli, müxtəlif qurumlardan olan alim və mütəxəssislərin iştirak etdiyi, xüsusilə akademik və təhsil qurumlarının birgə layihələrinə, beynəlxalq əməkdaşlıq çərçivəsində yerinə yetirilməsi planlaşdırılan, həmçinin gənclərin və regionlardan olan alim və mütəxəssislərin iştirak etdiyi layihələrə üstünlük veriləcək.
Müsabiqənin əsas prioritetləri aşağıdakılardır: Yüksək enerjilər fizikası; Müxtəlif sistemlər üçün kvant hesablamaları; Müdafiə və təhlükəsizlik istiqamətində elmi-texniki tədqiqatlar; Kosmik tədqiqatlar, Yerin məsafədən zondlanması; İnformasiya təhlükəsizliyinin təmin olunması; Alternativ enerji mənbələri; Molekulyar-genetik tədqiqatlar; Kənd təsərrüfatı biotexnologiyaları, torpaq münbitliyi və ərzaq təhlükəsizliyi; Kök-hüceyrə tədqiqatları, herantologiya; Hidrofob və antibakterial xassəli yeni polimerlərin tədqiqi; Kimyəvi kinetika və kataliz üzrə tədqiqatlar; İzotop geologiyası və geoxronologiya; Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik; Yeni müstəqillik tarixi; Multikulturalizm və dini dəyərlər; Azərbaycan dilinin lüğət tərkibinin inkişafı; Azərbaycan və Qafqaz tarixinə dair Şərq yazılı mənbələrinin tədqiqi; Azərbaycan mühacirət ədəbiyyatı; İqtisadi inkişaf modelləri.
Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu 2015-ci il dekabrın 15-dən 2016-ci il yanvarın 28-i saat 17:00-dək aparılacaq.
Müsabiqənin elmi ekspertiza işi 2016-cı ilin birinci rübündə yerinə yetiriləcək. Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub.
Müsabiqə ilə bağlı ətraflı məlumatı www.sdf.gov.az linkindən əldə etmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Elmin_Inkisafi_Fondu_elmi_tedqiqat_proqramlari_uzre_esas_qrant_musabiqesi_elan_edib-911374

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR