Bakı. 15 dekabr. REPORT.AZ/ 2015-ci ildə Şimali Qafqazda 156 yaraqlı, o cümlədən 36 dəstə başçısı zərərsizləşdirilib. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bu gün Milli Antiterror Komitəsinin iclasında çıxışı zamanı məlumat verib.
Məhv edilmiş dəstə başçılarından 20-si əvvəllər İŞİD terror qruplaşması ilə əməkdaşlıq etdiyini elan edib.
Bortnikovun sözlərinə görə, xüsusi xidmət orqanları İŞİD-lə əlaqəsinin olduğu güman edilən 2900-dən çox Rusiya vətəndaşının kimliyini müəyyənləşdirib.
Ümumilikdə, hüquq-mühafizə orqanları 30 terror aktının qarşısını alıb və 770-dən çox qulduru və onların köməkçilərini həbs edib.