Azərbaycanda mövcud olan dini tolerantlıq və dövlət-din münasibətləri digər ölkələr üçün nümunədir

16:08 15 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+


Saatlı, 15 dekabr, Mahir Babayev, AZƏRTAC
Dekabrın 15-də Saatlı rayonundakı Gənclər Evində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Saatlı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan konfransda rayonun dini icmalarının rəhbərləri, din xadimləri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edənlər dövlət-din münasibətlərindən, ölkəmizin tolerantlıq ənənələrindən, xalqımızın bütün dinlərə və konfessiyalara dözümlü münasibətindən, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsində belə keyfiyyətlərin əhəmiyyətindən danışıblar.
DQİDK sədri Mübariz Qurbanlı konfransda çıxış edərək, ümumbəşəri dəyərlərə münasibətdə zəngin təcrübəyə malik Azərbaycanda İslamın tarixi, milli mənəvi dəyərlərimizdə yeri, bu dəyərlərin yad təsirlərdən qorunması ilə əlaqədar məsələlərdən danışıb. Komitə sədri geosiyasi maraqların getdikcə şiddətlənməsinin təhlükəli həddə çatdığını, belə bir şəraitdə dünyada radikalizm meyillərinin güclənərək dəhşətli nəticələrə səbəb olduğunu vurğulayıb. O bildirib ki, bu gün bəzi müsəlman ölkələrində baş verən hadisələr, silahlı münaqişələr məhz geosiyasi maraqların toqquşmasından irəli gəlir. Bəzi qüvvələr İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışır, terrorla əlaqələndirmək istəyirlər. Komitə sədri bu cür hallara qarşı birgə mübarizənin əhəmiyyətini, bu sahədə maarifləndirmənin zəruri olmasını önə çəkib.
Konfransda vurğulanıb ki, Azərbaycanda mövcud olan dini tolerantlıq və dövlət-din münasibətləri digər ölkələr üçün nümunədir. Bu münasibətlər uzun illərdən bəri zamanın sınaqlarından çıxaraq bu günümüzədək çatıb, keçmişimizdən bizə yadigar qalıb və ölkəmizdə aparılan düzgün daxili və xarici siyasət nəticəsində getdikcə inkişaf etməkdədir. Bu ənənəni qoruyub saxlamaq hər kəsin, xüsusilə də din xadimlərinin, ziyalıların və gənclərin mənəvi borcudur.
Konfransda Nardaran hadisələrinə də münasibət bildirilib. Çıxışlarda özünü “Müsəlman Birliyi Hərəkatı” adlandıran qondarma qurumun təxribatçı əməlləri qətiyyətlə pislənilib, onların pozuculuq fəaliyyəti ölkəmizin ictimai-siyasi sabitliyinə, tolerantlıq mühitinə, demokratik əsaslarına qarşı din pərdəsi altında yönələn xəyanət hesab edilib. Qeyd olunub ki, kimlərinsə əlində alətə çevrilən bu cinayətkar qurumun əməllərini ifşa etmək hər kəsin vətəndaşlıq mövqeyi olmalıdır.
Milli Məclisin deputatı Əflatun Amaşov və rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov konfransda iştirak edib.
Konfrans başa çatdıqdan sonra komitə sədri M.Qurbanlı Saatlıdakı “Cümə” məscidində dindarlarla görüşüb, məscidə dini kitablar hədiyyə edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_movcud_olan_dini_tolerantliq_ve_dovlet_din_munasibetleri_diger_olkeler_uchun_numunedir-911402

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR