Malayziya: Ecazkar təbiəti ilə insanı heyran edən müsəlman ölkəsi

17:08 15 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC 
Ecazkar təbiətə malik Malayziyanı hər il 20 milyondan çox turist ziyarət edir. Malayziya əhalisinin təxminən 52 faizi müsəlmanlardır.
Dünyanın ən gözəl on məscidindən biri bu ölkədədir. Məscid, kilsə, buddist və hindu məbədləri eyni küçədə bir-birinin yanında yerləşir.
Dünyanın ən hündür əkiz qüllələri - Petronas qüllələri Kuala Lumpurdadır.
x x x
Bilmirəm bu bir xəyal idi, yoxsa gerçəklik. Bəlkə də qismətdir desəm yerinə düşər. Bu günə qədər bir sıra yaxın və uzaq məmləkətlərdə olmuşdum. Səyahət coğrafiyamda Asiyadan uzaq çox məmləkətlər yer almışdı. Almaniyada, Fransada, qardaş Türkiyədə, hətta MDB məkanında bir çox unudulmaz anlar yaşamışdım. Amma ağlıma gəlməzdi ki, günlərin bir günü uzaq Malayziyada ömrümün bəlkə də ən unudulmaz günlərini yaşayacağam. Malayziyanın füsunkar təbiəti, bənzərsiz gözəlliyi, zəngin flora və faunası nəinki məni, həm də həmkarlarımı məftun etdi. Bəzən insana elə gəlir ki, yaşadıqları hər zaman onunla yol gedir. Lakin bu, çox vaxt özünü doğrultmur. Bəzən görürsən, valeh olursan, hətta heyrətlənirsən, lakin nədənsə bir müddət sonra gördüklərin uzaq bir keçmişə dönür. Malayziyada gördüklərimi isə səfərimin başa çatmasından xeyli müddət keçməsinə baxmayaraq nədənsə unutmuram. Məhz bu yazı da həmin qəribəlikdən yarandı. Eyni dini bölüşdüyümüz malayziyalılar mənim yaddaşımda bax belə qaldı:
Bu ilin noyabrında Malayziya Turizm Nazirliyinin təşəbbüsü ilə baş tutan “Mega Familiarization” proqramı çərçivəsində dünyanın bir sıra ölkələrinin nümayəndə heyətləri, o cümlədən media və turizm agentliklərinin nümayəndələri Malayziyanın turizm potensialı ilə tanış olmaq şansı əldə etdilər. Azərbaycan nümayəndə heyətinin tərkibində mən də bu fürsətdən istifadə etmək şansı qazandım.
Səfər zamanı öz ecazkar təbiəti ilə insanları heyran qoyan Malayziyanın adət-ənənələri, turizm potensialı, tolerant xalqı barədə kifayət qədər məlumat aldıq. Mütəmadi olaraq həyata keçirilən proqramın budəfəki əhəmiyyəti və özəlliyi isə onun Malayziyada geniş qeyd edilən “Deepavali” festivalı və Malayziya il sonu endirimlərinə təsadüf etməsi oldu.
Əvvəlcə müxtəlif ölkələrdən qatılan nümayəndə heyətlərinin üzvləri üçün ümumi tanışlıq məqsədilə sessiyalar keçirildi. İlk sessiyada çıxış edən Malayziya Turizm Nazirliyinin baş direktorunun müavini Dato Haji Azizan Noordin qonaqlara ölkədə indiyədək turizm sahəsində görülən işlər, gələcəkdə bu sektorun inkişafı istiqamətində nəzərdə tutulan layihələr barədə məlumat verdi.
Sessiyadan sonra baş direktorun müavini ilə Azərbaycan və Malayziya arasında turizm sahəsindəki əlaqələr barədə qısaca söhbət etmək imkanımız oldu. Ölkələrimiz arasında turizm və mədəniyyət sahəsində münasibətlərin inkişaf etdiyini deyən Dato Haji Azizan Noordin media təmsilçilərinin iştirakı ilə bu cür səfərlərin ölkələrin qarşılıqlı tanınması baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirdi O dedi: “Bu istiqamətdə bir sıra qarşılıqlı səfərlər reallaşdırılıb. İnanıram ki, biz ölkələrimizin təbliği istiqamətində çox işlər görə bilərik. Malayziyanı təbliğ etmək məqsədilə biz Azərbaycana gedə bilərik. Sizdən olan nümayəndələr də Malayziyaya gələrək Azərbaycanı təbliğ edə bilərlər”.
Sessiyalar başa çatdıqdan sonra bizi Kedah, Penang, Langkavi, Putrajaya və Kuala Lumpura maraqlı səyahətlər gözləyirdi.
Əvvəlcədən onu deyim ki, Asiyanın cənub-şərq ucqarlarında yerləşən Malayziya qədim tarixi, ecazkar təbiəti, mehriban və qonaqpərvər insanları ilə istənilən turisti özünə cəlb etmək imkanına malikdir.
Əhalisinin təxminən 52 faizini müsəlmanların təşkil etdiyi bu Cənub-Şərqi Asiya ölkəsi dünyadakı 4 federativ konstitusiyalı monarxiyadan biridir. Rəsmi dil malay dili olsa da, ingilis, tamil, Çin, hindu dilləri də kifayət qədər geniş istifadə olunur.
Malayziya dünyəvi ölkədir. İslam isə ölkənin rəsmi dinidir. Malay xalqı əhalinin təqribən 50 faizini, çinlilər isə 20 faizini təşkil edir. Digər 30 faiz isə hindu və digər yerli etnik qruplara mənsubdur.
Ekvatorial iqlim zonasında yerləşdiyinə görə ölkədə isti və rütubətli hava şəraiti üstünlük təşkil edir.
Səfərimizə iki federasiyadan ibarət Malayziyanın qərb hissəsində yerləşən yarımada Malayziyasının şimal- qərbindəki Kedah ştatının paytaxtı Alor Setar şəhərindən başladıq. Alor Setar Malayziyada yeganə düyü muzeyi olan məkandır.
Muzeydəki 3D tipli rəsmlərdə Malayziyada tarixən düyü becərilməsi prosesini görmək mümkündür. Divarüstü rəsmlərə baxmaq üçün ətrafda gəzməyə ehtiyac yoxdur. Ayaqlarımızın altında yavaş sürətlə fırlanan döşəmə bütün prosesi addım-addım müşahidə etməyə şərait yaradırdı. Beləcə, döşəmə fırlandıqca qədim zamanlarda Malayziya insanlarının düyü əkini ilə necə məşğul olduqları, onu bazarlara satışa çıxarmaları, bir sözlə, həyat tərzləri barədə mənzərələr insanda xoş təəssürat yaradır.
Bununla yanaşı, qədim dövrlərin həyat tərzini əks etdirən modellər və düyü becərilməsi zamanı istifadə olunan tarixi alətlərdən ibarət sərgi də muzeyin əsas eksponatları arasındadır.
Bələdçimizdən aldığımız məlumata görə, Malayziya geniş düyü plantasiyalarına malik olsa da, bu sahədə daxili tələbatı ödəməkdə çətinlik çəkir və qonşu ölkələrdən idxal etmək məcburiyyətində qalır.
Şəhər turumuzun sonunda dünyadakı ən gözəl 10 məsciddən olan Zahir məscidini görmək fürsətimiz oldu. Zahir məscidi həm də hər il baş tutan Quran oxuma yarışlarının keçirildiyi yerdir.
Kedah ştatı həm də Cənub-Şərqi Asiyanın ən qədim sivilizasiya məskənlərindəndir. Sungai Batu arxeoloji tapıntılar mərkəzində aparılan son qazıntılar nəticəsində gəmi, bənd qalıqları, dəmir əridilməsi üçün xüsusi emalatxanalar, eləcə də eramızın ikinci əsrinə aid olan inzibati binalar tapılıb.
Son araşdırmalar nəticəsində aşkarlanan dəyirmi formaya malik abidənin isə Cənub-Şərqi Asiyada tapılan ən qədim məbəd olduğu güman edilir. Bizim də Sungai Batu kompleksində gənc arxeoloqlar tərəfindən aparılan araşdırmaların gedişi ilə tanış olmaq imkanımız oldu. Burada verilən məlumata görə, vaxtilə çayın keçdiyi bu ərazilərdən tapılan dəmir filizi emalatxanaları, bənd və gəmi qalıqları bu məkanın zamanın iri ticarət limanlarından biri olduğunu deməyə əsas verir.
Səfər çərçivəsində Malayziyada əsasən də hindu əhali arasında məşhur olan Deepavali festivalının keçirildiyi Kulim şəhərində olduq. İşıqlar festivalı olaraq tanınan Deepavali “xeyirin şər üzərindəki qələbəsi”dən bəhs edir.
Festivalın təntənəli açılış mərasimində Malayziyanın Baş naziri Datuk Seri Nəcib Razak və onun xanımı Datin Seri Rosmah Mansor iştirak edirdilər. Dünyanın müxtəlif ölkələrindən olan qonaqları salamlayan Baş nazir Deepavali münasibətilə Malayziya xalqını təbrik etdi. Sonra tədbir rəngarəng rəqslər, musiqilər, tamaşalarla davam etdirildi. Mərasimdə Malayziya xalqına məxsus dadlı təamlar da təqdim olundu.
Penang ştatının Corctaun şəhəri Malayziyanın ən ecazkar təbiətə malik bölgələrindən hesab olunur.
Bu şəhər onun əsasını qoyan kapitan Frensis Layt tərəfindən Britaniya Kralı III Corcun şərəfinə Corctaun adlandırılıb. Tarixi mənbələrə görə, Frensis Layt Kedah sultanını bu torpaqları Britaniyanın Ost Hind şirkətinə güzəştə getməyə inandırır. Sonra F. Layt burada ticarət limanı yaradır və beləcə, Cənub-Şərqi Asiyada ilk Britaniya koloniyasının əsası qoyulur. Rəvayətlərə görə, bu torpaqlarda Kornvalis qalasını tikməyi planlaşdıran F. Layt hiyləyə əl ataraq toplardan cəngəlliyə qızıl sikkələr atılmasını əmr edir. Bununla da əhalinin cəngəllikdə qiymətli metallar olmasına inanmasını təmin edir. Qızıl axtarmaq və zəngin olmaq həvəsi ilə yerli əhali cəngəllikləri demək olar, tamamilə məhv edir və kapitanı aruzusuna xeyli yaxınlaşdırır. Bununla da F. Laytın qalanı tikməsinə heç bir maneə qalmır.
Malyariya xəstəliyindən vəfat etmiş kapitan F.Layt hazırda Corctaunda protestant qəbiristanlığında dəfn edilib. Səfərimiz çərçivəsində qədim protestant qəbiristanlığında da olduq və kapitan F.Laytın məzarını ziyarət etdik. Maraqlıdır ki, hazırda bu qəbiristanlıq Malayziyada ailə qurmağa hazırlaşan cütlüklərin ən çox üstünlük verilən fotosessiya məkanıdır.
Corctaunun Harmoniya küçəsində dünyanın nadir ölkələrində görə biləcəyiniz bir mənzərənin şahidi olmaq mümkündür. Məscid, kilsə, buddist və hindu məbədləri şəhərin eyni küçəsindədir və bu ibadətgahlar bir-birinə çox yaxın tikilib.
Multikultural ənənələri ilə seçilən Corctaun şəhərinin mərkəzində olarkən anidən özünüzü sanki Hindistanda imiş kimi hiss etmək imkanınız da olur. Belə ki, etnik anklava daxil olarkən insan bir anlıq qədim Hindistan torpağına səfər etdiyini düşünür. Mağazalar, restoranlar, dükanlar, səslənən musiqilər, küçələrdə gəzişən insanlar Hindistanda olmayan biri üçün ən azından hind filmlərini xatırladır.
İl sona yaxınlaşdığı zaman Malayziya alış-veriş sevənlər üçün ideal məkana çevrilir. Belə ki, hər ilin noyabr-dekabr aylarına təsadüf edən endirimlər qonşu ölkələrdən turistləri özünə cəlb edir. Malayziyanı dünyada nüfuzlu alış-veriş mərkəzlərindən birinə çevirmək hökumət tərəfindən qarşıya qoyulmuş əsas məqsədlərdən biridir.
Malayziyanın ən gözəl kurort məkanlarından biri, Andaman dənizi sahilində yerləşən Langkavidə keçirdiyimiz bir neçə gün isə bu ölkə haqqındakı xoş xatirələrimizi daha da zənginləşdirdi. Bu turizm məkanı haqqında maraqlı əfsanə da var. Deyilənlərə görə,
haqsız yerə zina etməkdə günahlandırılan Mahsuri adlı qız bıçaqla öldürüləndən sonra öz ölümü ilə bu torpaqları lənətləyib. Bundan sonra uzun əsrlər boyu Langkavi tənəzzül dövrünü yaşayıb. Bir-birinin ardınca edilən hücumlar, işğallar nəticəsində buraya böyük ziyan vurulub. Yalnız XX əsrin sonlarında Langkavi inkişaf yoluna qədəm qoyur. Hazırda Langkavi turistlərin ən sevdiyi istirahət zonalarından biridir.
Xırda adalardan ibarət Langkavi ecazkar təbiətinin – sıx çəngəlliklərin dəniz ilə ahənginin yaratdığı gözəl mənzərə sözün əsl mənasında insanı cənnətə aparır. Biz də digər turistlər kimi, Langkavi təbiətinin bu möcüzəsini seyr etmək üçün kanat vasitəsilə tura çıxdıq. Tur boyu gördüklərimiz isə düşündüklərimizdən daha gözəl idi...
“Kilim Karst Geopark” turu isə cəngəlliklər və orada yaşayan canlı aləmlə tanış olmaq üçün əla imkan yaratdı. Hər an gündəlik həyatımızda görmədiyimiz ən xırda bir şey insanı sözün əsl mənasında heyrətləndirir. Mangrove kolları - suyun üstündən görünən bitkinin kök sistemi həqiqətən də mürəkkəb və möhkəm quruluşa malik idi.
Müasir, dəbdəbəli, modern memarlıq üslubuna malik göydələnləri ilə seçilən paytaxt Kuala Lumpur Selangor ştatı daxilində yerləşən Malayziyanın 3 federal ərazi vahidindən biridir. Adının hərfi mənası “Çirkli estuari” olan Kuala Lumpur şəhəri iki çay- Gombak və Klang çaylarının birləşdiyi məkanda yerləşir. Dünyanın ən hündür əkiz qüllələri-Petronas qüllələri bütövlükdə yaşıllıqlarla əhatə olunan bu şəhərin simvoludur desək yanılmarıq. Petronas qüllələri şəhərin mərkəzində yerləşir.
Son dövrlərdə bir neçə inzibati idarələr və parlamentdən başqa bütün inzibati qurumların Kuala Lumpurdan yenicə tikilən Putrajayaya köçürülməsinə baxmayaraq, Malayziya Kralı Kuala Lumpurda yaşayır və şəhər yenə də ölkənin ən iri maliyyə və kommersiya mərkəzi olaraq qalır.
Kuala Lumpur Milli Meydanı isə turistlərin ən sevimli məkanıdır. Bura ilk dəfə olaraq Britaniya imperiyası bayrağının endirilib əvəzində Malayziya bayrağının qaldırıldığı məkandır.
Meydanın əks tərəfində Britaniya müstəmləkə aristokratiyasının görüş məkanı olan “Royal Selangor Complex” yerləşir.
Milli Meydanın yanında yerləşən “Kuala Lumpur City Gallery”də şəhərin tarixi, inkişaf yolu miniatür modellər və şou vasitəsilə işıqlandırılır.
Maraqlısı budur ki, Kuala Lumpur kimi inkişaf etmiş şəhərin düz mərkəzində kənd yerləşir. Ətrafda baş verən bütün inkişafa baxmayaraq Kampung Baru adlanan bu kəndin sakinləri həyat tərzlərini dəyişməməyi və toxunulmaz qalmağı üstün tuturlar.
Gördüklərim ataların “Çox oxuyan çox bilməz, çox gəzən çox bilər” deyiminin nə qədər doğru olduğunu bir daha təsdiqlədi. Deməli. dünyanı öyrənmək, xalqların keçmişini və müasir inkişafını daha yaxından izləmək üçün gəzib görməyə daha çox ehtiyac var. Azı ona görə ki, dünyamız böyük olduğu qədər də maraqlıdır. Onu maraqlı edən ən başlıca amillərdən birim də insanların qurub yaratdığı dəyərlərdir. Bir sözlə, özümümü tanımaq, dərk etmək üçün mütləq dünyanı da öyrənməliyik.

Əsəd Məmmədov
AZƏRTAC-ın müxbiri 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Malayziya_Ecazkar_tebieti_ile_insani_heyran_eden_muselman_olkesi-911433

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR