Milli Kitabxana işini düzgün qurmayıb

17:13 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Hesablama Palatasının Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş nəzarət tədbirinin nəticələri müzakirə edilib.

Hesablama Palatasından Trend-ə verilən məlumata görə, yoxlama qrupunun rəhbəri T.Ağamirzəyev audit sübutları və metodları, əldə edilmiş nəticələr barədə məlumat verdikdən sonra fəaliyyət istiqaməti üzrə məsul auditor V.Həsənovun auditin nəticələri ilə bağlı hesabat və rəy dinlənilib.

Auditlə əhatə olunan illərdə büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən kitabxana tərəfindən növbəti il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin düzgün qiymətləndirilmədiyini, zəruri hesablamaların aparılmadığını, bunun nəticəsində bir çox xərc maddələri üzrə icra faizinin aşağı olduğunu diqqətə çatdırmaqla, V.Həsənov həmin nöqsanlar səbəbindən əhatə olunmuş dövrdə cəmi vəsaitin 3,3%-nin ilin sonunda büdcəyə qaytarıldığını, vəsaitin Vahid Büdcə Təsnifatında müəyyən olunmuş iqtisadi təsnifat kodunun dəyişdirilməsi ilə icra edildiyini diqqətə çatdırıb.

Bildirilib ki, audit sübutları ilə Milli Kitabxana Fonduna daxil olan resurslardan istifadənin uçotu əhatəli aparılmadığı, 2014-cü ildə ötən illə müqayisədə kitab verilişlərinin sayı 16,2% faiz azaldığı, elektron resurs kimi rəqəmsallaşdırılmış nüsxələrin ümumi kitab fondunda xüsusi çəkisinin aşağı olduğu, kitabların rəqəmsallaşdırılması işinin zəif aparıldığı, kitabxana fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında Milli Kitabxana tərəfindən göstərilən pullu xidmətlər üzrə tariflərin tənzimlənmədiyi, kitabxana fondlarının statistik uçotunun aparılması barədə müvafiq icra statistik hesabatların hazırlanmadığı, Milli Kitabxanada olan fiber-optik internet xətləri və server avadanlıqlarının imkanlarını nəzərə alaraq kitabxanaya məxsus saytların həmin serverlərdə yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün mövcud imkanlardan tam istifadə olunmadığı, “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmaması səbəbindən kitabxananın fonduna, habelə kitab mübadiləsi üçün zəruri sayda kitabların, qəzet və jurnalların alınmasının müxtəlif kitab evlərindən və müəssisələrdən büdcə vəsaiti hesabına həyata keçirildiyi müəyyən olunub.

Auditor əməyin və ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı bir sıra nöqsanlara yol verildiyini, həmçinin əsas vəsaitlərin respublikanın 10 rayon Mədəniyyət və Turizm şöbələrinə verilməsi zamanı zəruri razılığın alınmadığını bildirib, tədbirlərin keçirilməsi zamanı müvafiq normalara əməl edilməməsi səbəbindən artıq vəsait sərf edildiyini diqqətə çatdırıb.

Malların (işlərin və xidmətlərin) satın alınması zamanı inventar və avadanlıqların baha qiymətə alınması, eləcə də bir neçə halda təmin olunmamış inventar və avadanlıqlara görə vəsaitin ödənilməsi hallarına yol verilib, satınalma proseduru keçirilmədən vəsait xərc edilib.

Daha sonra auditor rəydə əks etdirilmiş tövsiyələri diqqətə çatdıraraq, Milli Kitabxana tərəfindən kitabxana fondlarının statistik uçotunun, fəaliyyəti əks etdirən indikator göstəricilərinin işlənib hazırlanması, ayrılan vəsaitlərin səmərəli istifadəsi üçün büdcə-statistik uçotun aparılması, kitabxanada olan fiber-optik internet xətləri və server avadanlıqlarının imkanlarından tam istifadə edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu bildirib.

Nəzarət tədbirinin nəticələri üzrə kollegiya qərarının layihəsi müzakirə edilib, kollegiya üzvlərinin təklif və iradları dinlənilib və nəzərə alınıb. Kollegiya qərarı səsə qoyularaq qəbul edilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2469860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR