Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bakıda Azərbaycan gənclərinin maarifçilik forumu keçirilib

Bakıda Azərbaycan gənclərinin maarifçilik forumu keçirilib

Date: 15 December 2015 17:33


Bakı, 15 dekabr, Həsrət Mahmudova, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzinin, “Kaspi” qəzetinin və “Mənim təhsilim, mənim gələcəyim!” kampaniyasının birgə təşkilatçılığı ilə dekabrın 15-də Azərbaycan gənclərinin maarifçilik forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, forumun əsas məqsədi gənclər arasında maarifçiliyin təbliği, bu sahədə həyata keçirilən tədbirlərin müzakirəsi və görüləcək işlərin müəyyənləşdirilməsidir.
Forumun açılış hissəsində Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, “Kaspi“ qəzetinin baş redaktoru İlham Quliyev və “Mənim təhsilim, mənim gələcəyim!” kampaniyasının rəhbəri Rövşən Nəcəfov tədbirin prioritet istiqamətləri olan təhsil, gənclik və gələcək mövzularında məruzələrlə çıxış ediblər.
Fəxrəddin Həsənzadə çıxışında deyib ki, Azərbaycanda milli maarifçilik hərəkatının banilərindən olan Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin təsis edilməsi ilə milli mətbuatımızın əsası qoyulub. O, gənclər arasında maarifçilik ideyalarının təbliği baxımından bu forumun əhəmiyyətini xüsusi vurğulayıb.
“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev Azərbaycanda maarifçilik ideyalarının təbliğində və həyata keçirilməsində xidmətləri olan görkəmli şəxsiyyətlərdən danışıb.
Maarifçilik ənənələrinin hər bir cəmiyyətin inkişafında önəmini xüsusi qeyd edən Rövşən Nəcəfov bildirib ki, Azərbaycan gəncliyi son 25 ildə beynəlxalq arenada öz sözünü deməyi bacarıb.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, bu gün Azərbaycan gəncliyi öz dilini, tarixini yaxşı bilməli, müasir dövrün çağırışlarına vaxtında reaksiya verməlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini vurğulayan nazir müavini deyib ki, bu gün Azərbaycan gənclərinin yüksək təhsilli olması üçün hər cür şərait yaradılıb. Görülən işlər öz bəhrəsini verir və Azərbaycan gəncliyi mühüm uğurlar qazanır. Gənclər geniş dünyagörüşünə malik olmalı, ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşməlidirlər.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev maarifçilik ənənələrinin təbliğindən, gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasından və bu istiqamətdə görülən işlərdən söhbət açıb. Müasir dövrdə Azərbaycanda maarifçilik ənənələrinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladan V.Quliyev maarifçiliyin təbliğində gənclərin potensialından səmərəli istifadə edilməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, müasir gənclər maarifçilik ideyalarının fəal təbliğatçılarına çevriliblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bu gün ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının maarifçilik ənənələrini uğurla davam etdirdiklərini diqqətə çatdırıb. Qeyd olunub ki, hazırda Azərbaycan gəncliyi yaradılmış əlverişli şəraitdən istifadə edərək yanlış informasiyaların cəmiyyətdə yayılmasının qarşısının alınmasına ciddi fikir verməlidir.
Gənclərin cəhalətə qarşı mübarizədə rolundan danışan Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Azərbaycan gəncliyinin üzərinə düşən vəzifələrdən bəhs edib.
Sonda Azərbaycan gənclərinin maarifləndirilməsi istiqamətində göstərdiyi fəaliyyətə bir qrup şəxsə və quruma “Təhsil açarı” mükafatları təqdim edilib.
Xatırladaq ki, bu tədbir Azərbaycan gənclərinin sayca ikinci maarifçilik forumudur. Ötən il keçirilmiş birinci forumun əsas mövzusu Qarabağa həsr olunmuşdu.







Tags:  Bakıda Azərbaycan gənclərinin maarifçilik forumu keçirilib


RƏYLƏR


Top news