"İmarət" azarkeş qrupu ilə yekun vurdu

"Qarabağ"ın daimi azarkeş qruplarından olan “İmarət” “Qafqaz Baku Sport Hotel”də ilin yekunlarına aid növbəti, altıncı tədbirini keçirilib.

Tədbirdə “İmarət” fan-klubunun üzvləri ilə yanaşı “Qarabağ”ın vitse-perzidenti Tahir Gözəl, baş məşqçi Qurban Qurbanov, məşqçi və futbolçu heyəti, millət vəkili Fazil Mustafa, "Qarabağ"ın sabiq prezindentlərindən Yunis İldirmzadə, Qarabağ qaziləri, ziyalılar, iş adamları və digər qonaqlar iştirak edirdi. Tədbirin keçirildiyi zaldakı ekranda Azərbaycanın milli qəhrəmanı Allahverdi Bağırovun fotosu, sol tərəfində “Qarabağ” bayrağı, sağında isə “İmarət” bayrağı asılmışdı. Mərasim açılışında “Koroğlu” üverturası səsləndi. Aparıcı Vasif Qurbanzadə tədbiri açıq elan edərək hamını salamladı, “Qarabağ”ın birlik, qəhrəmanlıq, həqiqətin siması olduğunu, bir futbol klubu olaraq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz rol oynadığını dilə gətirdi. Ardınca Qarabağ uğrunda döyüşlərdə canını fəda etmiş insanların ruhu bir dəqiqəlik sükutla yad olundu. Yazar "Qarabağ"ın futbolçusu və baş məşqçisi olmuş Allahverdi Bağırovun igidliyi, vətənpərvərliyi haqda söz açdı və ekranda ona aid videoçarx nümayiş etdirildi.

Tribunaya ilk olaraq dəvət alan “İmarət”çi Qabil Hüseynli il ərzində fan-klubun gördüyü işlər haqda məruzə xarakterli çıxış etdi: “İl bizimçün uğurlu oldu. Ölkə çempionatını və kuboku qazanmaqla “qızıl dubl” etdik, Avroliqaya vəsiqə qazandıq. Komanda qrupda qalsa da, Avropa nəhənglərinə qarşı layiqli müqavimət göstərdi.“İmarət” isə artıq 6 yaşını qeyd edir. İli tam olaraq “Qarabağ”ın yanında keçirdik. Klubun təqvim ilində keçirdiyi bütün 59 oyunun hamısını stadiondan izləmişik. Bu matçların 44-ü ölkə çempionatına, 11-i avrokuboklara, 5-i isə Azərbaycan kubokuna təsadüf edir. İl ərzində sıralarımızda daim artım müşahidə olunub. Bütün üzvlərimizə azarkeş kartı paylamışıq. “İmarət”in logosu vahid formaya salındı, müxtəlif sosial və xeyriyyə tədbirləri, Qarabağ qazilərin ailələri ilə görüşlər keçirtdik. O cümlədən, fan-klubun adının “Qarabağ” üçün yeni inşa olunmuş stadionun tribunalarından birinə verilməsinə nail olduq. Bununçün klub rəhbərliyinə minnətdarlığımızı bildiririk.İmarət”in Avropa və Türkiyə qolları xeyli böyüyüb. “Qarabağ”ın Avroliqada keçirdiyi bütün görüşlərində Avropadakı müxtəlif ölkələrdən olan üzvlərimiz iştirak edib. Bu iş üzərində daim yorulmadan çalışırıq. Klub da bizə dəstəyini əsirgəmir. Bu işdə bizə dəstək olan hər kəsə həm öz adımdan, həm də fan-klub adından dərin minəndarlığımı bildirirəm”.

Qabilin bu sözlərindən sonra mavi ekranda “İmarət”in 2015-ci ili əhatə edən videoçarxa start verildi. Çarxda enerjili musiqi fonunda “Qarabağ”ın vurduğu qollar, klubun bu il qazandığı uğurları, “İmarət”in il ərzində stadionlarda keçirdiyi maraqlı anlar yer almışdı.

Ardınca tribunaya tanınmış idman jurnalisti Rövşən Binnətli dəvət aldı. O, “Qarabağ”ın Avropa arenasında göstərdiyi oyunu qəhrəmanlıq nümunəsi adlandırdı: “Qarabağ” layiq olduğu obyektiv qiymətini almalıdı. Keçmişlə öyünmək yox, qürur duymaq lazımdı. 7-8 il əvvəl bir mərhələni keçəndə sevinirdiksə, indi iki il ardıcıl qruplarda mübarizə aparırıq. Hətta pley-offa çıxmaq üçün son tura kimi şans saxlayırıq. Bunu danmaq, qiymətləndirməmək olar? “Qarabağ” hər zaman laqyiqli mübarizə aparıb və hər birimizin gur alqışlarına layiqdir. Bu işdə əməyi keçən hər kəsə təşəkkür etməliyik”.

Sonra isə aparıcı 1998-99-cü illərdə komandanın prezidenti olmuş Yunis İldırımzadəni dəvət etdi. O, həmin qada-bəlalı vaxtlarda kluba sahib çıxmağından, bir qəpik belə təmənna olmadan komandaya sponsorluq etməyindən danışdı və xatirələrini bölüşdü. Ardınca çıxış sözü alan millət vəkili Fazil Mustafa isə “Qarabağ”ın Azərbaycanın üzü, siması olduğunu vurğuladı: “Qarabağ” bizi hər zaman sevindirir. Komandanın bütün oyunlarını izləyirəm və bununla qürur duyuram. Xüsusilə son bir neçə ili xüsusi qeyd etmək lazımdı ki, komanda nəinki ölkədə, o cümlədən qitədə ciddi uğurlar qazanır. Ardıcıl iki mövsüm Avroliqada mübarizə aparmaq asan iş deyil. Komandanın stabil çıxışını qeyd etmək lazımdı. Ən azında bilirik ki, “Qarabağ” uduzsa da, sona kimi mübarizə aparır. Buna görə klub rəhbərliyinə, baş məşqçi Qurban Qurbanova, futbolçulara və azarkeşlərə xüsusi təşəkkürümü bildirirəm. Bu komanda bizim yaralı yerimiz olan Qarabağın, Azərbaycanın üzüdür. Siz bir əsgərsiniz, bir döyüşçüsünüz. Müharibə elə bir şeydi ki, orda gedib hər kəsin döyüşməsi, həlak olması lazım deyil. Mühəndis öz ixtiraları, alim elmi işləri, jurnalist yazıları, tarixçi isə faktları və.s peşə sahibləri müharibədə qalib gəlmək üçün əməyini ortaya qoyur. Onlar hərə öz sahəsi üzrə vətəninə xidmət edirlər Siz də bu gün oynadığınız futbolla bacardığınızı ortaya qoymusuz, bir döyüşçü missiyasını yerinə yetirmisiz, özünüzdən söz etdirmisiz, Qarabağ həqiqətlərinin dünyaya tanıtmasında böyük iş görmüsüz. Hamınıza təşəkkür edirəm, uğurlarınız bol olsun”.

Ardınca isə komandanın baş məşqçisi Qurban Qurbanova da söz verildi. Təcrübəli çalışdırıcı mərasim iştirakçılarına minnətdarlığını bildirdi: “Bu il bizimçün uğurlu oldu. Amma mən hər zaman öz işimdən narazı adamam. Qarabağ dərdi olan yerdə bizim qazandıqlarımız heç nədi. Biz daim uğurlar qazanmalı, yüksək yerlər tutmağa çalışmalıyıq. Çünki biz Azərbaycanın ən yaralı yeri olan Qarabağı, Ağdamı təmsil edirik. Qoy insanlar qəhrəmanlarımızla fəxr etdiyi kimi bizimlə də fəxr etsin. Bununçün biz dayanmadan çalışmalıyıq”.

Sonra isə söz klubun Vitse-prezident Tahir Gözələ verildi. Tahir bəy də çıxışında tədbirin mahiyyətindən və ailə fərqindən danışıb: “Belə möhtəşəm tədbirdə iştirak etmək olduqca xoşdu. “Qarabağ” bir ailədi. Burda iştirak edən hər kəsin “Qarabağ” uğurlarında payı var. Sizlər olmasaydız, “Qarabağ” bugünkü uğurlarını qazana bilməzdi. “Qarabağ” “İmarət”siz təsəvvür etmək qeyri-mümkündü. “İmarət”in ilk yaranma vaxtları yadımdadı. 30-40 nəfər qrupun azarkeşliyi yadımdadı. Bugün isə belə tədbir keçirəcək qədər zaman keçib. Bütün oyunlarda komandanın yanında olan, onları qələbələrə səsləyən tərəfdarlara təşəkkür edirəm”.

Ardınca isə “La Cravite İtaliano” şirkətinin (“Andrews Ties” brendinin Azərbaycan və Gürcüstan üzrə rəsmi təmsilçisi) təsisçisi və direktoru Yavər Məmmədov şəxsi ideyası və təşəbbüsü əsasında yaradılan “Qarabağ” qalstukunu klubun baş məşqçisi Qurban Qurbanova və kapitanı Rəşad Sadıqova təqdim etdi.

Fan-klub ötənilki olduğu kimi bu il də mükafatlar təsis edib. Elçin Cəlilov azarkeşin jurnalist dostu, Bədavi Hüseynov ən yaxşı müdafiəçisi, Al Harbi Al Jadeyaui azarkeşin dost futbolçusu kimi, Əfsun Əhmədov azarkeşlərə "Siti Saytsinq" avtobusları ilə verdiyi dəstəyə, vitse-prezidentimiz Tahir Gözəl isə azarkeşə stadion bəxş etdiyinə görə mükafatlandırıldı. Həmçinin "İmarət" azarkeş qrupu klubun əfsanələrindən sayılan Yaşar Hüseynovu və ilin azarkeşi İlham Məhərrəmovu mükafatlandırdı.

Tahir bəy eyni zamanda Qarabağ qazisi olan İlham Məhərrəmova futbolçular tərəfindən imzalanmış "Qarabağ" forması hədiyyə etdi. 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR