Gəncədə "Qızıl Payız" gənclərin yaradıcılıq festivalı keçirilir (FOTO)

Gəncədə "Qızıl Payız" gənclərin yaradıcılıq festivalı keçirilir (FOTO)
18:18 15 Dekabr 2015
51 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün Gənclər üçün Təhsil Mərkəzi (GTM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gəncə şəhərində “Qızıl Payız” gənclərin yaradıcılıq festivalına başlayıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, festivala Gəncə və ətraf regionlardan olan yüzlərlə istedadlı gənc, rəsmi şəxslər, mədəniyyət sahəsində çalışan insanlar və Gəncə şəhərində fəaliyyət göstərən xarici ölkə konsulluqlarının nümayəndələri qatılıb.

Festivalın rəsmi açılış mərasimində çıxış edən Mərkəzin Gəncə regional ofisinin rəhbəri Aygün Həsənzadə bildirib ki, payız fəslinin bitməsinə təsadüf edən festivalın keçirilməsində əsas məqsəd gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına kömək etmək, habelə uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaqdır. Gənclər üçün Təhsil Mərkəzi mütəmadi olaraq, müxtəlif regionlarda istedadlı uşaqların, yeniyetmə və gənclərin üzə çıxarılması üçün tədbirlər həyata keçirir. Bu festival isə istedad axtarışlarımızın nəticələrinin təqdimat mərasimidir.

O, bildirib ki, festival Gəncə şəhəri ilə yanaşı, Mingəçevir şəhərində və Ağcabədi rayonlarında da keçiriləcək. Festivallara hazırlıq məqsədilə hər 3 regionda yaradıcılıq dərnəyi qurulub, festival iştirakçısı olmaq istəyən gənclər üçün zəruri olan musiqi avadanlıqları, rəsm və digər sahələr üzrə müvafiq materiallar yerləşdirilib, o cümlədən yaradıcılıq təlimləri keçirilib. Dərnəklər qismən yaradıcılıq qabiliyyəti olan yeniyetmə və gənclərin öz bacarıqlarını inkişaf etdirmələri, özünü cəmiyyətə tanıtdırmaları və inkişaf etmiş yaradıcı insana çevrilmələri üçün imkanlar yaradıb. Burada gənclər yalnız yaradıcılıq sahəsində deyil, eyni zamanda özlərinin şəxsi inkişafları və təşəbbüskarlıqlarının artırılması üçün müxtəlif təlimlər keçib, oyun və müsabiqələrdə iştirak ediblər.

Daha sonra qonaq qismində iştirak edən şəxslər çıxış edib, festivalın keçirilməsinin yaradıcı gənclərə göstərilən xüsusi diqqət olduğunu və belə tədbirlər vasitəsilə daha çox istedadlı gəncin meydana çıxmasına şərait yaratdığını vurğulayıblar. Bildiriblər ki, Mərkəzin bu təşəbbüsü regionda yaradıcı gənclərin daha həvəslə öz üzərlərində çalışmalarına stimul verir və bu iş hər il davam etdirilir.

Uşaq Yaradıcılıq Mərkəzində baş tutan rəsmi açılış mərasimi bitdikdən sonra səhnə yaradıcı gənclərin ixtiyarına verilib. Onlar yaradıcılığın müxtəlif sahələrində (teatr, rəssamlıq, musiqi, kino, ədəbiyyat, moda və s.) bacarıqlarını nümayiş etdirib, öz istedadlı çıxışları ilə qonaqların rəğbətini qazanıblar.

İlk növbədə, yaradıcı gənclərin hazırladıqları əl işlərinə və rəsm əsərlərinə baxış keçirilib, qonaqların fikirləri öyrənilib. Daha sonra gənclərin teatr səhnələri, musiqi nömrələri təqdim olunub, rəqslər, modalar və digər yaradıcılıq nümunələri nümayiş etdirilib.

Gənclərin böyük həvəslə iştirak etdiyi festivalın sonunda iştirak edən hər bir gənc xüsusi diplomlarla mükafatlandırılıb.

Qeyd edək ki, Mərkəz tərəfindən “Qızıl Payız” gənclərin yaradıcılıq festivallarının hər il keçirilməsi nəzərdə tutulur.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2469908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR