Təqdimat hazırlayarkən bir sıra məqamlara diqqət yetirilməlidir

Təqdimat hazırlayarkən bir sıra məqamlara diqqət yetirilməlidir
18:33 15 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC 
Effektiv təqdimatın hazırlanması təlim və təcrübə ilə əldə olunan bacarıqdır.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev institutda keçirilən elmi seminarda məlumat verib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə V.Musayev hər hansı bir mövzu haqqında təqdimat hazırlayarkən bir sıra məqamlara diqqət yetirməyin vacibliyindən danışıb. Əvvəlcə mövzu müəyyənləşdirilməli, əsas məqamlar vurğulanmalı, qısa, aydın və tam şəkildə əks olunmalıdır. Mətni lazımsız sözlərlə yükləyib dinləyiciləri yormaq məqsədəuyğun deyil.
Şöbə müdiri qeyd edib ki, təqdimatın vizuallaşdırması üçün “MS Power Point”, “Prezi” və bunlara bənzər onlarla proqramdan istifadə etmək olar. Təqdimatı hazırlayarkən bir stil və rəng seçilməlidir. Həmçinin mətnin oxunaqlı olması üçün onun şrifti və ölçüsünə diqqət yetirmək vacibdir.
Sonra AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək təqdimatın hazırlanmasının əslində mürəkkəb məsələ olduğunu bildirib. Qeyd edib ki, təqdimat hazırlayarkən internetin və informasiya-kommunikasiya texnologiyalarının verdiyi geniş imkanlar sayəsində rənglər, animasiyalar, kompyuter qrafikası, audio, video fayllar və digər vizuallaşdırma texnologiyalarından istifadə etmək mümkündür. Təqdimatda çətin sözlərdən və terminologiyadan ifrat dərəcədə istifadə etmək məqsədəuyğun deyil. Mimika və jestlərdən istifadə dinləyicilərdə xoş təəssürat yaradır ki, bu da təqdimatın uğur əldə etməsinə zəmanət verir.
Direktor bir sıra inkişaf etmiş ölkələrdə təqdimatın hazırlanması ilə bağlı kursların təşkil olunduğunu söyləyib. Bu sahədə beynəlxalq təcrübədən yararlanmağın zəruriliyini vurğulayıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Teqdimat_hazirlayarken_bir_sira_meqamlara_diqqet_yetirilmelidir-911492

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR