Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yeni kitabı çapdan çıxıb

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yeni kitabı çapdan çıxıb

Date: 15 December 2015 19:27

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti. Dünya nizamından “nizamsızlığa” doğru” kitabı çapdan çıxıb.
"Report"un məlumatına görə, akademik Ramiz Mehdiyev bu kitabda müasir dünyada siyasi böhranın səbəblərini hərtərəfli təhlil edərək göstərib ki, Avropanın müxtəlif strukturlarının və təşkilatlarının mürəkkəb məsələlərə dair qərarlar qəbul etmək hüququnu inhisarlaşdırmağa, suveren dövlətlərin daxili işlərinə qarışmağa yönəlmiş siyasəti, insan haqları məsələsindən təzyiq vasitəsi kimi istifadə edilməsi, həmçinin deklarasiya olunmuş dəyərlərdən tədricən imtina edilməsi dünya nizamının pozulmasına gətirib çıxarıb.
Kitabda deyilir: “İkili standartlar siyasətinin hər yerdə tətbiq edilməsi, “soyuq müharibə” dövrünün blok təfəkkürünə qayıdış və bunun təsiri altında Qərbin Şərq qütbü boyunca hərbi-siyasi təsirinin yayılması onunla nəticələnib ki, bəzən Şərqi Avropanın və postsovet məkanının kiçik dövlətləri bu eskalasiyanın qurbanlarına çevrilir”.
Əsərdə mötəbər nümunələrə istinad edilərək Avropa strukturlarının deqradasiyasının mənbələri barədə söhbət açılır, sübut edilir ki, Azərbaycan suveren və balanslaşdırılmış xarici siyasət yürüdür. Bunun nəticəsində ölkəmiz davamlı şəkildə inkişaf edir, sanballı iqtisadi uğurlar qazanır və məhz bu uğurlar Qərbin bəzi dairələrini qıcıqlandırır. Müəllif qeyd edir ki, öz geosiyasi istəklərini reallaşdırmaq xatirinə “ölkəmizi qeyri-sabit, pərakəndə və alovlanan bir məkan kimi görməyi arzu edən” Qərb Azərbaycanın təklif etdiyi dialoq və qurucu fəaliyyət yoluna qədəm qoymaq əvəzinə, tam qarşıdurmaya hazırdır. Qarşıdurma oxu üzərində olan dövlətlərin əksəriyyəti bu baxışın tərəfdarıdır.
“Zamanın imtahanından kəsilmiş Birləşmiş Avropa” adlı birinci fəsildə müəllif “Avropa Birləşmiş Ştatları: “böyük dövlət”, yoxsa fraqmentlərə bölünmüş regional oyunçu?” sualına ətraflı cavab verərək bu qənaətə gəlir ki, Avropa qeyri-müəyyən siyasi obyektdir. “Son illər yaranmış maliyyə böhranı və miqrasiya problemi göstərir ki, əgər yeni çıxış yolları tapılmasa, onda avropalılar tərəfindən uzun illər boyu həyata keçirilən inteqrasiya arzuları qısa müddətdə şovinizmin və ksenofobiyanın artması nəticəsində məhv ola bilər”, - deyən müəllif daha sonra xatırladır ki, böyük dövlət dedikdə beynəlxalq münasibətlərə qlobal səviyyədə təsir göstərən dövlət nəzərdə tutulur. Avropa İttifaqında isə hər şey tam əksinədir: İttifaqın genişlənməsi onun ayrı-ayrı iştirakçılarının milli qüdrətini zəiflədir. Üstəlik də Avropa dəyərlərinin böhranı nəticəsində yaranmış islamofobiya, ksenofobiya, miqrasiya fəlakəti.
İkinci fəsil Avropa İttifaqının postsovet məkanında ikili standartlar siyasətinə, Şərq tərəfdaşlığının konfliktogen layihəyə çevrilməsi məsələsinə həsr edilib. Özü də bunlar Avropa İttifaqının özünün səyi ilə baş verir. Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə nümayişkaranə şəkildə qoşulmur, bəzi hallarda isə hətta danışıqlar prosesinə ziyan vurur. Avropa Parlamentinin fəaliyyəti nümunəsində sübut edilir ki, bu struktur Avropa İttifaqının antiazərbaycan siyasətinin əsas ruporudur.
“Azərbaycanın “ağıllı qüvvəsi” məxsusi inkişaf yolu kimi” adlı üçüncü fəsil ictimai diplomatiyadan bacarıqla istifadə edilməsi, hərbi qüvvə ilə yanaşı, səmərəli iqtisadi üsullar əsasında ölkənin inkişafı məsələlərinə həsr edilib. “Eurovision”dan başlamış Avropa Oyunlarına qədər qeyri-siyasi məsələlərin Qərb tərəfindən siyasiləşdirilməsi, Azərbaycanda bəzi QHT-lərin və fondların dövlətə aşkar ifadə olunmuş zidd xarakteri belə fikir yaradır ki, onlar ölkəmizdə etiraz hərəkatının öz məqsədləri naminə sınaqdan keçirilməsi üçün müəyyən metodlar tətbiq etməyə çalışırlar.
Kitabda Avropa İttifaqı ilə Azərbaycanın energetika sahəsində münasibətləri də təhlil edilir. Akademik Ramiz Mehdiyev yazır: “Azərbaycan Qərb üçün mühüm tərəfdaş olub və tərəfdaş olaraq qalır. Biz qarşılıqlı münasibətlərdə yalnız bərabər ola bilərik. Marionetka statusu istisna edilir”.
Azərbaycan və rus dillərində nəfis şəkildə tərtib edilmiş kitab “Şərq-Qərb” nəşriyyat evinin mətbəəsində çap olunub.

Tags:  Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin yeni kitabı çapdan çıxıb


RƏYLƏR


Top news