Türkiyə-Azərbaycan əməkdaşlığı bütün sahələri əhatə edir

Türkiyə-Azərbaycan əməkdaşlığı bütün sahələri əhatə edir
19:33 15 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Ankara, 15 dekabr, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəman dekabrın 15-də Azərbaycanın bu ölkədəki səfiri Faiq Bağırov ilə görüşüb.
TBMM-in sədri seçilməsi münasibətilə İsmayıl Qəhrəmanı təbrik edən səfir Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən söhbət açıb. “Böyük İyirmiliyin” (G20) Antalyada keçirilən Sammitində Azərbaycanın xüsusi dəvətli qonaq statusunda təmsil olunması ilə bağlı Türkiyənin dəvətinin bu qardaşlığa daha bir bariz nümunə olduğu diqqətə çatdırılıb.
Ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlığın siyasət, iqtisadiyyat və mədəniyyət də daxil olmaqla bütün sahələri əhatə etdiyini diqqətə çatdıran səfir bildirib ki, belə bir əməkdaşlıq beynəlxalq aləm üçün nümunəvidir. O, Trans-Anadolu qaz boru kəməri (TANAP), Bakı-Tbilisi-Qars dəmir yolu xətti və bir sıra digər beynəlxalq iqtisadi layihələrin Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlığın real nəticəsi olduğunu qeyd edib. Səfir deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Türkiyənin Azərbaycanın haqlı mövqeyini qətiyyətlə dəstəkləməsi regionda uzunmüddətli sülh və əmin-amanlığın yaranması üçün mühüm amildir.
TBMM-in sədri İsmayıl Qəhrəman Azərbaycanın hərtərəfli inkişafından qürur duyduğunu bildirib. Azərbaycan ərazisinin 20 faizinin təcavüzkar Ermənistanın hərbi birləşmələri tərəfindın işğal altında saxlanılmasının beynəlxalq aləmdəki ədalətsizliklə əlaqəli olduğunu vurğulayan parlament sədri Türkiyə və Azərbaycanın ölkələrimizlə bağlı çətinliklərin öhdəsindən bundan sonra da birlikdə ləyaqətlə gələcəklərini bildirib.
Görüşdə Faiq Bağırov Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun türkiyəli həmkarını ölkəmizə rəsmi səfərə dəvət məktubunu İsmayıl Qəhrəmana təqdim edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiye_Azerbaycan_emekdasligi_butun_saheleri_ehate_edir-911529

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR