Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Kəpəz"in futbolçusu: "Bu arzunun gerçəkləşməsi üçün..."

"Kəpəz"in futbolçusu: "Bu arzunun gerçəkləşməsi üçün..."

Date: 15 December 2015 21:07

“Kəpəz”in braziliyalı yarımmüdafiəçisi Juninyo klubun rəsmi saytına müsahibə verib.

- Əvvəlcə komandaya gəlişin haqda soruşmaq istəyirəm...
- Bildiyiniz kimi, mən əvvəllər də Azərbaycanda top qovmuşdum. Ona görə  “Kəpəz”dən dəvət gələndə sevindim. Mənim Premyer Liqada təcrübəm var. Gəncə klubu haqda eşitmişdim ki, komanda yenidən qurulur, rəhbərliyin böyük hədəfləri var. “Kəpəz”ə kömək etmək gücündə olduğumu bilirdim və təklifi də qəbul etdim. Komandanın irəli getməsi, qarşıya qoyulan məqsədə çatması üçün əlimdən gələni edirəm. Bütün bacarığımı bu yolda qoymuşam.  

- “Kəpəz”in qələbələrinə vurduğun 4 qolla da töhfə vermisən. Bu barədə nə deyə bilərsən?
- İlk növbədə Tanrıya şükür edirəm. Bizə gücü verən ilahidir, onsuz heç nə edə bilmərik. Futbolçunun işi yaxşı oynamaqla yanaşı, həm də qol vurmaqdır. Fərqlənə bildiyim üçün təbii ki, sevincliyəm. Komandanın qələbəsində pay sahibi olmaq hər bir oyunçunun arzusudur. Vurduğum hər qoldan sonra əlimi göyə qaldırıb Allaha dua edirəm. Çünki inanclı insanam.

- Ən güclü tərəfin də cərimə zərbələridir. Bir qayda olaraq belə imkan yarananda topun başına sən keçirsən...
- Lovğalıq kimi çıxmasın, cərimə zərbələri məndə pis alınmır. İmkan düşən ki, belə zərbələrdən qol vurmağa səy göstərirəm. Hələlik iki dəfə alınıb. “Sumqayıt”la ev, “Zirə” ilə səfər oyununda standart vəziyyətdən qol vurmuşam. Dirəkdən və tirdən dönən toplar da olub, həmçinin qapıçıların dəf etdiyi də. Digər iki qolu isə oyun vəziyyətindən vurmuşam. Ümumiyyətlə, fərqlənmək üçün yaranan imkanları hamı kimi mən də boşa verməməyə çalışıram.

- Məşqçilər korpusunun daim etimad göstərdiyi futbolçular arasında yer almısan. Ümidləri doğrultmaq üçün çox çalışırsan?
- Bura futbol oynamağa gəlmişəm, əcnəbiyəm, ona görə də seçilməliyəm. Əgər bunu bacarmıramsa, burda nə işim ola bilər? Öz üzərimdə durmadan işləyirəm. Onu da deyim ki, futbolçunun işi yalnız meydança ilə bitmir. Tək məşq və oyunlarda deyil, eyni zamanda ondan kənarda da nümunəvi olmalısan. Baş məşqçimiz Şahin Diniyev həm də insani keyfiyyətlərə dəyər verən insandır. Komandadakı bütün futbolçular onun hörmətini saxlayır, xətrini çox istəyir. Yaxşı baş məşqçi futbolçuya ikinci ata kimidir, onu özünə arxa-dayaq bilməlisən.  

- Bəs “Kəpəz” azarkeşlərinin dəstəyindən necə, razısan?
- Öncə azarkeşlərimizə sizin vasitənizlə salam deyirəm. Onlar komandaya güclü  dəstək verirlər. Mən “Xəzər Lənkəran”da oynayanda da orada fanatlarım var idi. Hiss edirəm ki, “Kəpəz”də də azarkeşlərin sevimlisiyəm. Fanatlar bizə bütün ev və səfər oyunlarımızda dəstək olur və bu futbolçuları ruhlandırırlar. Komandamızın onların dəstəyinə ehtiyacı var.

- Azarkeşlərin əsas istəyi “Kəpəz”i Avropa Liqasında görməkdir. Buna nail olmaq mümkündür?  
- Bu, futboldur. Futbolda hər şey mümkündür. Biz içimizdən gələn arzu üçün mübarizə aparmalıyıq. Tək azarkeşlərin yox, klub rəhbərliyinin, məşqçilərin və futbolçuların da arzusu “Kəpəz”in Avroliqaya vəsiqə qazanmasıdır. Biz bunun üçün əlimizdən gələni edirik. Amma hələ bu arzunun gerçəkləşməsi üçün çox çalışmalıyıq. 

Fanat.az

Tags:  Kəpəzin futbolçusu Bu arzunun gerçəkləşməsi

RƏYLƏR


Top news