"Mən dedim ki, uzun ömür istəyirəm"

"Mən dedim ki, uzun ömür istəyirəm"
21:22 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

15 dekabr 1055-ci ildə Səlcuq hökmdarı Toğrul bəy Bağdadı fəth edib.

Milli.Az sputnik.az-a istinadən bildirir ki, Toğrul bəy Mikayıl bəy oğlu 987-ci ildə anadan olmuşdu. Ömrünün çoxunu türklərin zəfərlər qazanmasına və yeni torpaqların fəthinə sərf etmişdi.Çağrı bəyin ölümündən sonra onun qardaşı Toğrul bəy sultan elan edildi və bir ildən sonun onun adı həkk olunmuş pullar dövriyyəyə buraxıldı. Paytaxt Nişapurdan Reyə köçürüldü.

Nişapurdan şərqdəki torpaqların idarəçiliyi Çağrı bəyə tapşırıldı. Cürcan və Kuhistanın idarəsi Sultan Toğrulun anabir qardaşı İbrahim Yınaloğluna həvalə olunurdu. Herat, Buşənc, Sicstan və Qurlar ölkəsini idarə etmək sultan Toğrulun əmisioğlu Əbu Əli əl-Həsənə (Səlcuq bəyin oğlu Musanın övladı) tapşırılırdı. Səlcuqoğlu İsrailin oğlu Şihabəddövlə Qutalmışa qərbə- Bizans istiqamətində yürüşlər etmək, Azərbaycanı erməni-gürcü-Bizans birləşmiş qüvvələrindən qorumaq tapşırıldı.

Bu işdə ona Sultan Toğrulun anabir qardaşı İbrahim Yınaloğlu kömək göstərməli idi 8 iyul 1046-cı ildə Abxaz çarı Liparitin başçılıq etdiyi erməni-gürcü-Bizans birləşmiş qüvvələrinin mühasirəyə aldığı Gəncəyə gələn Səlcuqlu ordusu xaçlıları geri oturtdu. Erməni tarixçisi Urfalı Meteosun yazdığı kimi "müsəlmanlar sayı hesabı bilinməyən xaçlı ordusundan 150 minini qılıncdan keçirdi". 1054-cü ildə Sultan Toğrul İran sülaləsi olan Buveyhilər tərəfindən sıxışdırılan xəlifə əl-Qaimin xahişilə Bağdad şəhərinə daxil oldu. 1055-ci ildə Bağdadı özünə tabe etdirdi.

Buveyhilərin sonuncu nümayəndəsi olan əl-Malik ər- Rəhim Əbu Nəsr əsir tutularaq Təbərək qalasına salındı. Bağdad minarələrindən çəkilən əzanlarda Misirdəki şiə Fatimilərin deyil, yenidən Abbasi xəlifələrinin və Səlcuq sultanının adına xütbə oxunmasına başlanıldı. "Bütün ərəb əmirləri Sultan Toğrulun əlini öpmək üçün onun yanına gəldilər". Xəlifənin qızı Səidə ən-Nisə ilə evlənən Sultan Toğrul 17 fevral 1063- cü ildə Təbrizdə təntənəli toy məclisi təşkil etdi.

Türk-İslam dünyasının ən görkəmli şəxsiyyətlərindən olan Səlcuqlu sultanı Toğrul cümə axşamı günü, 4 sentyabr 1063-cü ildə 70 yaşında vəfat etdi. Vəzir Həmid əl-Mülk əl-Qundurinin dediyinə görə Sultan Toğrul ona belə bir əhvalat danışmışdı: "Xorasanda fəaliyyətə başladığım ilk illərdə yuxumda gördüm ki, məni xoş iy verən dumanlı bir yerə qaldırdılar və qeybdən bir səs eşitdim: "Bizdən bir şey istə! Dediyin yerinə yetəcək". Mən dedim ki, uzun ömür istəyirəm. Mənə cavab verdilər ki, sən 70 il yaşayacaqsan".
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/390460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR