Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qorxunun yaratdığı bəlalardan necə qurtulaq?

Qorxunun yaratdığı bəlalardan necə qurtulaq?

Date: 15 December 2015 22:52

Reallıq budur ki, müasir tibb elmi alternativ tibb adlanan xalq təbabətini tam olaraq qəbul etmir. 

İnsanların xarakterləri müxtəlif olduğu kimi, qorxuları da müxtəlifdir. Ümumiyyətlə, qorxu insan fiziologiyasında var. Bu hissin mənfi tərəfləri olduğu kimi, insanları təhlükədən qoruma və onun ehtiyatlı olmasına şərait yaradan müsbət tərəfi də var. Qorxu həm də bir çox xəstəliyin yaranmasına zəmin hazırlayır. Belə ki, hər hansı bir hadisənin şahidi olmaq insanın dərin sarsıntı keçirməsinə və ağır xəstəliyə tutulmasına gətirib çıxarır. İnsanlar da bu qorxularından qurtulmaq üçün müxtəlif yollar axtarırlar. Çıldağa, pirlərə və ya bu kimi yerlərə üz tuturlar. Bəs qorxu nədir? Hansı hallarda insanda bu hiss yaranır? Qorxunu aradan qaldırmaq üçün yuxarıda sadalanan yerlərə üz tutmaq çarədirmi?

"Bir neçə psixoloji prosedura keçməklə fobiyanı aradan qaldırmaq mümkündür"

Qorxu müəyyən təsirlərə qarşı ortaya çıxan hissi reaksiyadır. Şəxsə görə qorxunun şəkli və forması dəyişir. Qorxu anında insanda bənizi ağarır, ürək döyüntüsü artır, tərləmə, boğulma, titrəmə kimi bənzəri hallar baş verir. Qorxu, sadəcə, uşaqlara xas duyğu deyil. İnsan istənilən yaş dövründə nələrdənsə qorxa bilər. Qorxunun inkişaf etmiş forması "fobiya" adlanır. Fobiya latınca "dəhşət" deməkdir. Psixoloq Elnur Rüstəmov pasiyentlər arasında qorxudan əziyyət çəkənlərin sayının kifayət qədər olduğunu bildirdi: "Bizə fobiyası olan pasiyentlər müraciət edirlər. Bu qorxu müxtəlif səbəblərdən qaynaqlana bilir. Kimisi yaşadığı hər hansı hadisədən, kimisi də yaxınının ölümündən sonra yaranan qorxu ilə bacara bilmir. Bizdən əvvəl bir çox yerə müraciət etsə də, fobiyasından qurtula bilməyən pasiyentimizə bir neçə prosedura keçdikdən sonra kömək edə bilmişik".

Qorxu ilə başlayan problemlər

Reallıq budur ki, müasir tibb elmi alternativ tibb adlanan xalq təbabətini tam olaraq qəbul etmir. Ancaq tarix boyu insanlar alternativ tibb adlandırdığımız üsullarla müalicəyə baş vurmuşlar. Həmin üsulların əksəriyyəti unudulsa da, bəzilərindən hələ də istifadə olunmaqdadır. Bəzən insanlar alternativ tibdən istifadə edərək müalicə olunurlar. Bunu tövsiyə edən həkimlər də var. Bunlara çöp çıxartma, mədə sallanması, çıldaq, hacamat, zəli qoyma və s-ni. misal göstərə bilərik.

"Alternativ tibbə müraciət edib, müsbət nəticə əldə edən insanlar da az deyil"

İlahiyyatçı Rövşən Məmmədov "Zaman-Azərbaycan" qəzetinə müsahibəsində bildirdi ki, alternativ tibbə müraciət edən və narahatlığından xilas olan bir çox insanlar var: "Əvvəlcə, onu qeyd edim ki, qorxunun müalicəsi üçün öncəliklə psixoloq və bu sahənin mütəxəssis həkimlərinə müraciət edilməlidir. Qorxu ilə başlayan bir problemin başqa fəsadları da ortaya çıxa bilər. Lakin alternativ tibbə müraciət edib, müsbət nəticə əldə edən insanlar da az deyillər. Bəzi həkimlər bu yerlərdə aparılan müalicələrin elmi əsası olmadığını iddia etsələr də, buraya müraciət edib əziyyət çəkdiyi narahatlıqdan xilas olan bir çox insanlar var. Alternativ tibbi müalicə üsullarından biri olan iynəbatırma da artıq bəzi mərkəzlərdə geniş istifadə edilir. Çıldaq da bu növ iynəbatırma kimi refleks terapiyadır. Çıldağa közlə dağlayaraq müalicə də deyə bilərik. İnsanın bədənində müəyyən refleks nöqtələri, sinir ucları var. Həmin nöqtələrə od toxunanda bədən ayılır. Çıldaq kürək nahiyəsində başlayıb sinə, qollar, dizlər və ayaqlarda qurtarır. Çıldaqçı da parçanı yandırıb bədənin müəyyən nöqtələrinə - boyun nahiyəsinə, bilək, topuq, dirsək, diz qapaqları və onurğanın qurtaracağına vurur".

"İslam dini bütün müalicə üsullarına müsbət yanaşır"

R. Məmmədov dedi ki, İslam dini müalicə üsulları olaraq, bütün üsul və metodlara müsbət baxır: "Allah dərmansız dərd yaratmamışdır. Hər dərdin öz dərmanı vardır. Peyğəmbərimiz (s.ə.s) "Allah hər xəstəliyin dərmanını yaratmışdır. Haram şeylərlə olmamaq şərtilə müalicə olunun" Əbu Davud, Tibb 11). Rəsulullah (s.ə.s) başqa hədisində, "Şafi olan Allah nə xəstəlik yaradıbsa, onun dərmanını da yaratmışdır. Sadəcə, bir xəstəliyin əlacı yoxdur", buyurmuş, "Bu hansı xəstəlikdir?" - deyə soruşanlara "Qocalıq", - cavabını vermişdir "(Buxari, Tibb 1, Əbu Davud, Tibb 1, Tirmizi, Tibb 2, İbn Macə, Tibb 1,)".

"Kömək istəmək yerinə, dua edə bilərik"

Eyni məqsədlə ölkənin müxtəlif bölgələrində olan pirlərə, ziyarətgahlara müraciət edənlər də az deyil. R. Məmmədov dedi ki, insanların üz tutduqları çıldaqların əksəriyyəti ziyarətgah, ocaq və ya pirlərin yanında yerləşir: "Ola bilsin ki, həmin yerlərdə qəbri və ya məqamı olanlar yaşadıqları dövrlərdə Allah dostu, vəli insanlar olublar. Mənəvi dünyaları zəngin olan bu insanlar, bəlkə də, müəyyən üsullarla - dualar oxuyaraq (rüqyə) və s. insanları müalicə ediblər. Lakin vəfat etdikdən sonra onların hər hansı bir insana şəfa və ya kömək etmək kimi bir funksiyaları olmur. Buna görə də ziyarətgaha, pirə gedərkən də bunu diqqətə almaq lazımdır. Orada dəfn olunan şəxsdən kömək istəmək yerinə, dua edə bilərik".

Dinimizdə savab qazanmaq niyyəti ilə ziyarət ediləcək yerlər Peyğəmbərimizin (s.ə.s) hədisində bildirilmişdir. "İbadət məqsədilə üç məscid xaricindəki yerə səfər etmək olmaz: Məscidi-Haram, Məscidi-Nəbəvi və Məscidi-Əqsa" (Buxari, Ənbiya 8; Müslim, Məsacid, 2). Bunların xaricində hər hansı bir yeri ziyarət etmək insana heç bir savab qazandırmır.
"Zaman Azərbaycan"


Tags:  Qorxunun yaratdığı bəlalardan qurtulaq


RƏYLƏR


Top news