Ər-Riyadda Azərbaycan və Səudiyyə Ərəbistanı Hökumətlərarası Müştərək Komissiyanın 4-cü iclası keçirilib

Ər-Riyadda Azərbaycan və Səudiyyə Ərəbistanı Hökumətlərarası Müştərək Komissiyanın 4-cü iclası keçirilib
09:08 16 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Ər-Riyad, 16 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclasının keçirilməsi məqsədilə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi hökumət nümayəndə heyəti dekabrın 15-16-da Səudiyyə Ərəbistanı Krallığında (SƏK) səfərdə olub.
Nazir Ş.Mustafayev Ər-Riyad şəhərində Səudiyyə Ərəbistanı Palatalar Şurasının sədri Abdul Rahman Əl-Zamil ilə görüşüb. Tərəflər ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə ediblər və ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı yolları müzakirə olunub.
Sonra Ş.Mustafayev SƏK-in və dünyanın aparıcı neft-kimya şirkətlərindən olan SABİC şirkətində olub. Şirkətin direktorlar şurasının üzvləri ilə görüşdə Azərbaycan və SƏK arasında neft və kimya sahələrində əməkdaşlıq imkanları və investisiya qoyuluşu müzakirə edilib. Eyni zamanda SABİC şirkətində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov və Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Zaur Məmmədov təqdimatla çıxış edərək, Azərbaycanın investisiya mühiti və bu istiqamətdə yaradılmış şəraitlə bağlı səudiyyəli iş adamları və dövlət rəsmilərinə məlumat veriblər.
Daha sonra Ş.Mustafayev SƏK-in Baş İnvestisiya Qurumunun prezidenti Əbdulətif bin Əl-Osman ilə görüşüb. Görüşdə ölkələrimiz arasında iqtisadiyyat, sənaye, səhiyyə, təhsil, turizm, hava əlaqəsi və kənd təsərrüfatı sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı səmərəli fikir mübadiləsi aparılıb.
Həmin gün Müştərək Komissiyanın 4-cü iclası keçirilib və protokol imzalanıb.
Səfər çərçivəsində Səudiyyə Ticarət və Sənaye Palataları Assosiasiyasının binasında Azərbaycan və Səudiyyə iş adamları arasında biznes forum keçirilib və Azərbaycan kənd təsərrüfatı məhsullarının nümayişi təşkil edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ar_Riyadda_Azerbaycan_ve_Seudiyye_Arebistani_Hokumetlerarasi_Musterek_Komissiyanin_4_cu_iclasi_kechirilib-911585

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR