Hicran Hüseynova: "Qızları məktəbə getməyə qoymurlar"

Hicran Hüseynova: "Qızları məktəbə getməyə qoymurlar"
10:42 16 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Ölkədə bir müddət erkən nikahların sayı azalsa da, son zamanlar bəzi rayonlarda, Bakının bir sıra kəndlərində belə nikahların sayı artıb.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

H.Hüseynova bildirib ki, ölkəmizdə də qızların təhsildən yayınması, erkən yaşda ailə qurmağa məcbur edilməsi halları var: "Belə nikahlar isə sonradan müxtəlif fəsadlar yaradır. Erkən hamiləlilk təkcə körpənin deyil, ananın da həyatını təhlükə qarşısında qoyur. Bu cür nikahların yaratdığı daha bir problem isə gənclərin təhsildən yayınması və cəmiyyət üçün sağlam olmayan nəslin yetişməsi, əlilliyi olan uşaqların doğulmasıdır".

Komitə sədri əlavə edib ki, son iki ildə komitənin nəzdində fəaliyyət göstərən 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 20 erkən nikah faktı qeydə alınıb, onlardan 17-nin qarşısı alınıb.

H.Hüseynova qeyd edib ki, gənc yaşda ərə gedən, öz hüquqlarını bilməyən qızların digər qadınlara nisbətən daha çox zorakılığa məruz qalma ehtimalı var: "Bəşəriyyətin qarşısında həllini gözləyən məsələlər var. Lakin uşaqların təhsildən yayınması və erkən nikahlar bizi narahat edən məsələdir. Nardaranda baş verən hadisələr göstərdi ki, uşaqların savadsızlığından istifadə olunaraq, onları radikal dini və siyasi qruplara cəlb edirlər. Valideynlər 6-7-ci sinifdən onları məktəbdən uzaqlaşdırırlar. Bizə dəfələrlə analar tərəfindən müraciət olunub ki, onların həyat yoldaşları uşaqları, xüsusilə qızları məktəbə getməyə qoymurlar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR