"Belə kəndlərdə qadınlar sadəcə ərə getmək və kişinin dediklərini etmək üçündürlər" - FOTO

"Belə kəndlərdə qadınlar sadəcə ərə getmək və kişinin dediklərini etmək üçündürlər" - FOTO
12:12 16 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Bəzi gənclərimiz müəllim kimi peşə vəzifələrini Azərbaycanın ən ucqar kəndlərində yerinə yetirirlər. Ucqar kənd məktəblərində dərs deyən müəllimlər çətin şəraitə baxmadan öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Bizim növbəti müsahibimiz kimi.

Modern.az saytının budəfəki müsahibi pedaqoji fəaliyyətə Şamaxı rayonunun Hacıqədirli kənd tam orta məktəbində başlayan Günel İsmayılovadır.

- Əvvəlcə sizi tanıyaq...

- 1990-cı ildə Goranboy rayonunda anadan olmuşam. 2007-ci ildə rayonun Yenikənd kənd tam orta məktəbini bitirmişəm. 2009-cu ildə Gəncə Dövlət Universitetinin Fransız dili fakültəsinə qəbul olundum. 2013-cü ildə oranı bitirdim. Həmin il də ADPU-da ixtisasartırma ilə Azərbaycan dili və ədəbiyyat ixtisasına yiyələndim. 2015-ci ildə isə Təhsil Nazirliyinin təşkil etdiyi imtahanda iştirak edərək Şamaxı rayonu Hacıqədirli kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başladım.

- GDU-nun fransız dili ixtisasını bitirdiyinizi söylədiniz, bəs necə oldu ki, ixtisasınızı dəyişmək qərarına gəldiniz?

- İxtisasım üzrə iş tapmaq bir qədər çətin olduğundan bu qərara gəldim. İndiki dövrdə tanışın olmadan iş tapmaq qeyri-mümkündür, ona görə də bu qərara gəldim. Amma tək səbəb bu deyil. Öz dilimi çox sevirəm və qərar verməkdə, təbii ki, bu da rol oynadı. Şagirdlərimə ana dilimizi tədris etməkdən isə ayrıca zövq alıram.

- Hacıqədirli kənd tam orta məktəbində dərs şəraiti necədir?

- Şərait heç də ürəkaçan deyil, məktəb yanacaqla təmin olunmayıb. Qış aylarında belə şəraitdə dərs keçmək daha da çətinləşir. Siniflər çox soyuq olur. Problemlə bağlı məktəb direktoruna müraciət etmişik, o isə məktəbə odun verilmədiyini deyir. Məktəbdə yalnız bir neçə sinifdə soba  var. Odun olmadığından həmin siniflərdə soba yalnız səhərlər yanır. Məktəbi kərmə və az miqdarda odunla isidirik. Əvvəllər kənddə iki məktəb var idi. Birində ibtidai sinif şagirdləri, digərində isə yuxarı sinif şagirdləri oxuyurdular. Yağış və güclü külək nəticəsində ibtidai sinif şagirdlərinin oxuduğu məktəb uçdu, məcburən dərslər digər məktəbdə iki növbə olaraq keçirilməyə başladı. Məktəbdə ingilis dili, fizika, kimya və biologiya dərslərini tədris edə biləcək müəllimlər yoxdur. Ucqar kənd olduğundan hər müəllim bura işə gəlməyə razı olmur. Bu da birbaşa dərsin keyfiyyətinə mənfi təsir göstərir. Dövlət tərəfindən maliyyə ayrılmasına baxmayaraq, bu, məktəbdə problem olaraq qalır.

- Məktəbə odun verilmir dediniz, müəllim heyəti olaraq problemi necə həll etməyə çalışırsınız?

- Odun olmadığından məktəbi kərmə ilə isidirik. Müəllimlər öz aralarında 20 manatdan pul yığaraq odun və soba almağa çalışırlar.

- Məktəbdə neçə müəllim çalışır?

- Ümumilikdə 16 müəllim. Bu il imtahanla 5 müəllim işə başlayıb. Yerlilərdən isə məktəbdə 6 qadın və 5 kişi müəllim işləyir.

- Şagirdlərin dərsə davamiyyəti necədir?

- Davamiyyət sinfə görə dəyişir. Ümumilikdə, aşağıdır, qış aylarında isə xüsusilə.

- Dərsə davamiyyətin bu qədər aşağı olmağına səbəb, sizcə, nədir?

- Səbəb ilk növbədə məktəbdə dərs keçmək üçün lazımi şəraitin olmaması və valideynlərin məktəbə inamsızlığıdır. Dərs dediyim siniflərdə davamiyyət olduqca aşağıdır. 5-ci sinifdə 7 şagird var, onlardan 3-4 nəfər dərsə gəlir. 7-ci sinifdə 10 şagird oxuyur, onlarda davamiyyət normaldır. 10-cu sinifdə isə 2 şagird oxuyur.

- Azərbaycanda orta məktəb dərslərindən yayınan şagirdlərin cərimə olunması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə dəyişikliklə bağlı qərar qəbul olunub. Bu məsələ Milli Məclisdə geniş şəkildə müzakirəyə çıxarılıb. Müəllim olaraq sizin bu məsələyə münasibətiniz necədir və necə düşünürsünüz, bu dəyişiklik dərsdən yayınanları təhsilə cəlb edə bilərmi?

- Doğrusu, bu qərarın insanların düşüncələrinə təsir edə biləcəyini düşünmürəm. Ona görə ki,  kənd əhalisinin vəziyyəti heç də ürəkaçan deyil. Kənddə nə su, nə qaz, nə də yol var. Belə olduğu halda təhsil onlar üçün arxa plana düşür. Qızlar 9-cu sinifdən çıxardılaraq evdə saxlanılır, oğlanlar isə məktəbi bitirdikdən sonra Rusiyaya gedirlər.

- Şagirdlərin dərsdən yayınmasında müəllimlərin rolu nədən ibarətdir, onlar bu məsələdə üzərlərinə düşəni yetərincə yerinə yetirirlərmi?

- Qəbul etmək lazımdır ki, müəllimlər də bu məsələdə bir qədər günahkardırlar. Qiymət yazıb, qayıb qoymamaqla valideynlərin işini daha da asanlaşdırırlar. Amma onlar da kənd əhalisinin aqressiyasından çəkinirlər. Qanuna yeni dəyişikliyə əməl edib müəllimlər qayıbları yazsalar belə, yenə də bunun heç bir nəticəsi olmayacaq. Çünki kənddə kiminsə 100 manat cərimə ödəmək imkanı yoxdur. Problemin tək çıxış yolu var, o da insanların şəraitini yaxşılaşdırmaq. Bu isə o qədər asan deyil...

- Hacıqədirli kənd tam orta məktəbindən ali məktəblərə qəbul hansı səviyyədədir?

- Deyərdim ki, bu məktəbdən ali məktəblərə qəbul olunan yoxdur. Valideynlər uşaqlarını oxutmaqda maraqlı deyillər. Onlar yalnızca orta təhsillə kifayətlənirlər. Orta təhsil alanlar isə Şamaxı kollecini bitirənlərdir. Ali məktəbə qəbul olunan isə demək olar ki, yoxdur. Bildiyim qədəri ilə yalnız iki il bundan əvvəl məktəbdən bir nəfər universitetə qəbul olunub.

- Qayıdaq sizə. Aylıq maaşınız ehtiyaclarınızı ödəməyə yetirmi? Yəqin ki, orada kirayə qalırsınız...

- Aylıq maaşım 500 manatdır. Onun 143 manatı dövlətin bizə ayırdığı kompensasiyadır, qalanı isə dərsimin puludur. Şərait yaxşı olsa, maaşım ehtiyaclarımı ödəməyə yetər. Bura ilk dəfə anamla gəlmişdim, mənimlə birgə qalırdı. Ancaq şəraitin olmamağı və evlərin kirayə haqqının bahalığı səbəbindən qaldığım evi dəyişməli oldum. Şərait olmamağı səbəbindən anam geri qayıtdı. Hazırda isə yaşadığım evin vəziyyəti heç də ürəkaçan deyil. Nə döşəməsi var, nə də tavanı. Öz imkanımla tavana çadır vurdurmuşam, evi qızdırmaq üçün qızdırıcıdan istifadə edirəm, o da heç bir nəticə vermir.

- Bu seçiminizi ailəniz necə qarşıladı?

- Ailəm öz rayonumuzda müəllim işləməyimi istəyirdi. Məlum məsələdir ki, işə düzəlmək üçün ya tanışın olmalıdır, ya da pulun. Mən isə biliyim və öz gücüm hesabına nəsə əldə etmək istəyirəm. Bu səbəbdən də ailəm istəyimə qarşı çıxmadı və mənə dəstək oldu.

- Gənc xanım kimi belə bir şəraitdə yaşamaq sizə çətin deyil?

- Əlbəttə, çətindir. İlk növbədə şəraitin olmamağı, digər yandan kənddə təhsilli qadınlara münasibət heç də yaxşı deyil. Qızları 9-cu sinifdən çıxardıb evdə saxladıqları mühitdə mənə münasibət necə ola bilər ki?.. Artıq 4 aydır burada işləyirəm, özümü 19-cu əsrdə yaşayan biri kimi hiss edirəm. Çalışıram ki, insanlara hər hansı bir faydam olsun. Ancaq kənddə müəllimin sözü keçərli deyil, xüsusilə də qadın müəllimlərin. Belə kəndlərdə qadınlar sadəcə ərə getmək və kişinin dediklərini etmək üçündürlər.

- Nə vaxta qədər bu cür şəraitdə işləməyə davam edəcəksiniz?

- Artıq bu şəraitə tab gətirə bilmirəm, hiss edirəm ki, gücüm tükənir. Bu ili başa vura bilsəm, sevinərəm.

- Dərsdən əlavə nə ilə məşğul olursunuz?

- Boş vaxtlarımda bədii kitablar oxuyuram və sabahkı günün dərs materiallarını hazırlayıram.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR