İdris İsayev: “Respublika üzrə 3296 uşaq 15-17 yaşlı anaların payına düşüb”

İdris İsayev: “Respublika üzrə 3296 uşaq 15-17 yaşlı anaların payına düşüb”
13:24 16 Dekabr 2015
13 Sosial
Ölkə mətbuatı
A- A+

BMT-nin qiymətləndirmələrinə əsasən, dünyada hər il 14,2 milyon nəfər 18 yaşına çatmamış qız nikaha daxil olur. Başqa sözlə, hər gün 39 mindən çox erkən nikah baş verir. Belə vəziyyət davam edərsə, 2015-2020-ci illərdə 70 milyon nəfər 18 yaşına çatmamış qız erkən nikaha girəcək. Hesablamalara görə, onların 13,2 %-ini və ya 9,2 milyon nəfərini 15 yaşına çatmamış qızlar təşkil edəcək.

 

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı diqqətə çatdırıb.

 

Nazir müavini erkən nikahların əsas hissəsinin Afrika və Cənubi Asiya ölkələrinin payına düşdüyünü, həmin regionlarda nikaha daxil olan hər 3 gənc qadının birinin 18 yaşına çatmamış qız olduğunu bildirib: “Ən yüksək göstərici Nigerdə (75%), Çad və Mərkəzi Afrika Respublikasında (68%), Banqladeşdə (66%), Qvineyada (63%), Mozambikdə (56%), Malidə (55%), Burkina-Faso və Cənubi Sudanda (52%) və Malavidə (50%) qeydə alınıb. Mütləq ifadədə isə erkən nikahların sayı Hindistanda daha çoxdur. Bu ölkədə nikahların 47%-i erkən yaşda olan şəxslərdir”.

Qeyd olunan ölkələrdən fərqli olaraq Azərbaycanda bu göstəricinin kifayət qədər aşağı olduğunu bildirən İ.İsayev bununla belə, bəzi dolayı statistik göstəricilərin bu sahədə problemin narahatedici olduğunu deməyə əsas verdiyini vurğulayıb: “Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2014-cü ildə qeydə alınmış 84912 nikahdan 479-u 18 yaşına çatmamış qızlarla, 2-si isə 18 yaşına çatmamış oğlanlarla olub. Digər tərəfdən, diri doğulan uşaqların sayında rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların xüsusi çəkisi 14,9% olub ki, həmin qadınların 61,6 %-i kənd yerlərində yaşayanlardır. Əgər 1990-cı illərdə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı şəhər yerlərində üstünlük təşkil edirdisə, 2003-cü ildən etibarən bu göstərici kənd yerlərində daha çox olub”.

Erkən nikahın əslində sosial hadisə olduğunu qeyd edən İ.İsayev bildirib ki, ailə quran tərəflərin yaşlarının rəsmi nikah üçün qanunvericiliklə müəyyən olunmuş yaş həddindən aşağı olması həmin yeni qurulmuş ailələrdə bir sıra problemlərə gətirib çıxarır. Belə ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur: “DSK-nin məlumatına əsasən, 2014-cü ildə respublika üzrə 170503 diri doğulan uşağın 3296 nəfəri, o cümlədən şəhər yerlərində 1054, kənd yerlərində 2242 nəfəri 15-17 yaşlı anaların payına düşüb. Acınacaqlı hal odur ki, 15-19 yaşına qədər anaların 279-u ikinci uşaq, 9-u isə 3-cü uşaq dünyaya gətirib. 18-19 yaşlı anaların isə 158 nəfəri 3-cü uşaq dünyaya gətirib”.
Nazir müavini cəmiyyətin əsasını təşkil edən ailəni qurmaq, formalaşdırmaq, qoruyub saxlamaq və inkişaf etdirmək üçün yeniyetmənin özünün tam mənada formalaşmasının tələb edildiyini nəzərə çatdırıb: “Erkən nikahların səbəblərindən biri də gənclərin erkən nikaha girməklə gələcək sosial risklərdən sığortalanmış olduqlarını düşünmələridir. Amma həyat göstərir ki, əksinə, onlar bu addımı atmaqla fizioloji, həm də psixoloji mənfi təsirlərə məruz qalır, təhsil almaqdan məhrum olaraq öz həyatlarını mənasız edir və mövqesiz insana çevrilirlər”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225412

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR