"Azərbaycanlılar seçim qarşısında: Ya qənaət, ya istirahət"

"Azərbaycanlılar seçim qarşısında: Ya qənaət, ya istirahət"
14:11 16 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

ANS PRESS-in məlumatına görə, bu il yeni ili xaricdə qarşılamaq arzusunda olan Azərbaycan vətəndaşları əsasən Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərini seçib.

Müxtəlif tur agentliklərlə apardığımız sorğu nəticəsində məlum oldu ki, bu şəhərdə 5 günlük yeni il istirahəti 650 manatdan başlayaraq 2000-3000 manat civarında dəyişir. Bu məbləğə uçuş, viza, qarşılanma, oteldə qalma və səhər yeməyi daxildir.



Birləşmiş Ərəb Əmirliyi, Dubay


Vətəndaşların Yeni il ərəfəsində məhz Dubaya üstünlük verməsinin səbəblərinə gəlincə, bura məsafənin yaxınlığı, hava şəraitinin isti olması, ən əsası isə bazarlıq etmək imkanıdır. Belə ki, Dubayda hər il Yeni ildə şopinq festivali keçirilir ki, bu vaxt əksər ticarət mərkəzlərində qiymətlərdə 70 faizə qədər endirim edilir.


Dubayda Şopinq festivalı

Azərbaycanlıların bayram ərəfəsində üz tutduğu ölkələr sırasında ikinci yerdə Avropa ölkələri, o cümlədən Gürcüstan yer alıb. Avropa ölkələrindən ön yerdə Çexiya , Hollandiya , İtaliya və İspaniya dayanır ki, bu da turistlərə 5 günlük istirahət üçün 750 – 3000 manat arası məbləğə başa gəlir.

Turizm agentlikləri ötən illə müqayisədə bu il Türkiyəyə maraq göstərənlərin azaldığını müşahidə etdiklərini bildirir. Nisbətən sərfəli istirahəti seçən vətəndaşlarımız isə qonşu Gürcüstana üz tutacaq ki, burda 5 gün dincəlmək 300 – 800 manat arası xərc tələb edir.


Ümumilikdə isə xaricə tur təşkil edən agentliklərin anspress-ə verdiyi məlumata görə, ötən illə müqayisədə bu il yeni ili xaricdə keçirmək istəyənlərin sayında əsaslı azalma müşahidə edilir. Onların sözlərinə görə, ötən il bu vaxt bütün tur paketlər satılmış olduğu halda, bu il hələ də boş qalan yerlər var.

Azərbaycanlıların daha çox üz tutduğu xarici ölkələrin ardıcıllığı



Son illərdə azərbaycanlı turistlər yeni il ərəfəsində əsasən Türkiyə , Birləşmiş Ərəb Əmirliyi, Misir , Fransa və Almaniyada keçirməyə üstünlük veriblər.

Azərbaycan Turizm və Menecment Universitetinin dekanı, turizm üzrə mütəxəssis Rəhman Səfərovun anspress-ə verdiyi məlumata görə, bu il bəzi Avropa və Yaxın Şərq ölkələrində ictimai-siyasi vəziyyətin qeyri-sabit olmasi, siyasi gərginliklər, dünyada baş verən istisadi böhran, o cümlədən turizm sahəsində inkişaf edən bir çox ölkələrdə devalvasiya ilə əlaqədar xaricə üz tutanlarin sayında xeyli azalma qeydə alınıb. Mütəxəssisin sözlərinə görə, məhz sadalanan amillər səbəbindən bu il qış turizmində 10-20 faiz azalma tendensiyası müşahidə olunacaq.

Göründüyü kimi, dünyada baş verən iqtisadi böhran insanların yaşayışına da birbaşa təsirini göstərməkdədir. Bu baxımdan insanlar tələbatlarını maddi imkanlarına uyğunlaşdırmaq məcburiyyətində qalır. O cümlədən xarici ölkələrə səyahət ailə büdcəsindən kifayət qədər vəsait tələb etdiyindən, bu istək lap arxa plana keçir. Amma Yeni ili harda keçirməyindən asılı olmayaraq, insanlar təqvimin yenilənməsini pozitiv əhval-ruhiyyədə qarşılayır ki, ən azından növbəti ildə arzu və niyyətlərini reallaşdıra bilsinlər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367404

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR