Peyk çəkilişi "Günəşli"dəki vəziyyəti ortaya qoydu

Peyk çəkilişi "Günəşli"dəki vəziyyəti ortaya qoydu
14:12 16 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

"Günəşli" yatağında baş verən yanğından sonra Xəzər dənizinin neftlə çirklənmiş ərazisi böyüməkdədir.

APA-nın xəbərinə görə, bu barədə RİA "Novosti" agentliyi "Sentinel-1A" radiolokasiya peykindən aparılan çəkilişlərə istinadən xəbər verir.

"Dekabrın 13-də Avropanın "Sentinel-1A" radiolokasiya peykindən qəzanın baş verdiyi ərazinin çəkilişləri aparılıb. Şəkildə görünür ki, "Günəşli" yatağının ətrafı neftlə çirklənməkdədir və çirklənmə şimala doğru genişlənir. Çəkiliş zamanı əldə olunan məlumatlar göstərir ki, dekabrın 13-də çirklənmiş ərazinin sahəsi 300 kvadrat kilometr təşkil edir", - deyə "Skaneks" şirkətinin məlumatında bildirilir.

Şəkildə neftlə çirklənmiş ərazi tünd rəngdədir. Platforma ətrafındakı ağ nöqtələrlə isə  gəmilər və hasilat platformalarıdır. "Sentinel-1A" peyki vasitəsilə dekabrın 7-də əldə olunan məlumatlara görə, neftlə çirklənmiş ərazinin ümumi sahəsi 200 kvadrat kilometr olub. Göründüyü kimi, neftlə çirklənmiş ərazi sürətlə genişlənir.

SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nizaməddin Quliyev isə APA-ya açıqlamasında bildirib ki, dərc olunan məlumatları həqiqəti əks etdirmir. Onun sözlərinə görə, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədilə dekabrın 4-də, yəni qəzadan dərhal sonra Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, SOCAR və BP şirkətlərinin mütəxəssilərindən ibarət birgə İşçi Qrupu yaradılıb. İşçi Qrupu tərəfindən tərtib olunan Tədbirlər Planı  çərçivəsində əraziyə əlavə olaraq 6 gəmi cəlb olunub. Onlardan 4-ü artıq mümkün neft dağılmalarının və yayılmasının qarşısını almaq məqsədi ilə xüsusi bonları su səthinə düzüb.

O bildirib ki, bu bonlar neft dağılmalarının və yayılmasının qarşısını alır, onlara yığılan neft nasoslar vasitəsi ilə gəmilərə doldurulur və utilizasiya üçün xüsusi məntəqələrə çatdırılır. Bununla da, mümkün ekoloji fəsadların qarşısı əvvəlcədən alınmış olur.

N. Quliyev əlavə edib ki, dünən yanan neft quyusu söndürülüb və neft dağılmaları təhlükəsi tamamilə aradan qalxıb.

"Azərkosmos" ASC-nin Korporativ kommunikasiya departamenti direktoru Aysel Soltanova isə APA-nın sorğusuna cavab olaraq bildirib ki, milli peyk operatorunun bu məsələ ilə bağlı mövqeyi SOCAR-la üst-üstə düşür: "Biz SOCAR-a həm optik, həm radar təsvirləri, həm də digər lazımi məlumatları vermişik. Bu məlumatlara  əsasən, dekabrın 13-də həmin məlumatlar ictimaiyyətə açıqlanıb. Bizim də mövqeyimiz onların açıqladığı mövqe ilə üst-üstə düşür. Bizim mütəxəssislər SOCAR-ın mütəxəssisləri ilə əməkdaşlıq şəraitində çalışırlar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR