Azərbaycanda rus dilinə böyük sevgi və hörmət bəslənilir

Azərbaycanda rus dilinə böyük sevgi və hörmət bəslənilir
14:33 16 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC 
Dekabrın 16-da Bakı Slavyan Universitetində (BSU) Bakı ilə Moskva arasında beynəlxalq əməkdaşlığa həsr edilmiş silsilə tədbirlər çərçivəsində “Mədəniyyət vasitəsilə təhsil və təhsil vasitəsilə mədəniyyət” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, BSU-nun prorektoru, filologiya elmləri doktoru Telman Cəfərov tədbiri açaraq “dəyirmi masa” iştirakçılarını salamlayıb, bu tədbirin Azərbaycan-Rusiya əməkdaşlığının möhkəmlənməsində rolunu qeyd edib. T. Cəfərov BSU-nun fəaliyyəti barədə də söhbət açaraq vurğulayıb ki, bu ali məktəbdə rusiyaşünaslıq, rus filologiyası və başqa istiqamətlər üzrə yüksək ixtisaslı kadrlar hazırlanır. Prorektor Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinə (RİMM) bir sıra müştərək layihələrin keçirilməsini dəstəkləmələrinə görə təşəkkürünü bildirib.
Azərbaycan Rus İcmasının sədri, Milli Məclisinin deputatı Mixail Zabelin qeyd edib ki, Azərbaycanda rus dilinə böyük sevgi və hörmət bəslənilir. O vurğulayıb ki, Azərbaycan xalqı rus ədəbiyyatına və tarixinə böyük maraqla yanaşır, Azərbaycanda təhsilin rus dilində olduğu çoxlu məktəb fəaliyyət göstərir.
Moskva Beynəlxalq Əməkdaşlıq Mərkəzinin baş direktoru İqor Tkaç humanitar sahədə Azərbaycan-Rusiya əməkdaşlığının əhəmiyyətini tədbirdə iştirak edənlərin diqqətə çatdıraraq vurğulayıb ki, Rusiyada Azərbaycan mədəniyyətinə böyük maraq göstərirlər.
Rusiyanın Azərbaycandakı səfirliyinin böyük müşaviri Arkadi Barkov ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsində Bakı Slavyan Universitetinin və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının fəaliyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, Azərbaycan burada yaşayan ruslar üçün ikinci evə çevrilib.
Sonra tarix elmləri doktoru, Moskva Maliyyə-Hüquq Universitetinin professoru Yuri Kojayevin moderatorluğu ilə “Mədəniyyət vasitəsilə təhsil və təhsil vasitəsilə mədəniyyət” mövzusunda “dəyirmi masa” öz işini davam etdirib. Çıxış edənlər Azərbaycan-Rusiya mədəni əməkdaşlığının inkişafında bu cür tədbirlərin rolu, Azərbaycanda rus dilinin təbliğində BSU-nun mühüm rol oynaması barədə fikirlərini söyləyib, beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin aktual mövzularını, mədəniyyət və təhsil sahəsində əlaqələrin inkişafını müzakirə ediblər.
Tədbirdə Milli Məclisin deputatları, Rusiyanın Azərbaycandakı səfirliyinin, Azərbaycan Rus İcmasının və RİMM-nin nümayəndələri, rusiyalı qonaqlar, habelə Azərbaycanın aparıcı ali məktəblərinin rektorları və professor-müəllim heyətinin üzvləri iştirak ediblər.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_rus_diline_boyuk_sevgi_ve_hormet_beslenilir-911681

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR